Hüseyn Abdullayevin əmlakı Xalq artistinin vasitəsilə deputatın oğluna verilib

Hüseyn Abdullayevin əmlakı Xalq artistinin vasitəsilə deputatın oğluna verilib

24-04-2019 19:05 / Bu xəbər 1151 dəfə oxundu

Deputat oğlunun dostu şahid qismində ifadə verib

Keçmiş deputat Hüseyn Abdullayevin atası Abdulla Abdullayevin adına olan böyük bir obyekt indi deputat, "Avromed” dərman şirkətinin təsisçisi Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətindədir. 

Deputat oğlunun dostu, "Avromed”in şöbə müdiri Dadaş Rzayev H.Abdullayevin haqqındakı cinayət işi üzrə şahid qismində dindirilərkən Bakının mərkəzində yerləşən 786 kvadrat metrlik obyektin Orxan Feyziyevin əlinə necə keçməsi barədə danışıb. Çünki bu obyektin alqı-satqısı prosesində deputat oğlunun etibarnaməsi əsasında, onun adından Dadaş Rzayev iştirak edib.

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsi birbaşa Orxan Feyziyevin mülkiyyətinə keçməyib. Bu proses mərhələli şəkildə baş verib. Əmlak əvvəlcə üç müxtəlif adamın adına alınıb - Yelizaveta Əlizadə, Sücəddin Kərimov və Gülyaz Məmmədova. Daha sonra onlar əmlakı Orxan Feyziyevin adına keçirib.

Bu prosesdə diqqət çəkən məqamlardan biri Xalq artisti Gülyaz Məmmədovanın iştirakıdır. Araşdırma zamanı məlum olub ki, müğənni Cavanşir Feyziyevlə həmkəndli olmaqla yanaşı, şəxsi münasibətləri var. Hər ikisi Şəkinin Böyük Dəhnə kəndində dünyaya gəlib.

Gülyaz Məmmədova "Qafqazinfo”ya xəbəri təsdiqləyib və hadisənin uzun illər əvvəl baş verdiyini bildirib.

Gülyaz Məmmədova C. Feyziyevin onun əmisi oğlu olduğunu deyib:

"Sizdən bir ricam var, bu söhbəti çox qabartmayaq. İllər əvvəl olmuş bir söhbətdir. Hamı obyekt, əmlak ala bilər. Birincisi, mənim Hüseyn Abdullayevlə heç bir bağlılığım yoxdur. İkincisi də, Cavanşir Feyziyev əmim oğludur, qohumumdur. Bu məsələni böyütməyə dəyməz. Bir məlumatı yazırlar, başqası da uzadır, böyüdür. Lazım deyil, köhnə söhbətdir. Belə söhbətləri ağartmağa dəyməz”.///meydan.tv