“İcra başçısı neçə adamı bədbəxt elədi...” - “Sovetski”də evi dağıdılan veteran

“İcra başçısı neçə adamı bədbəxt elədi...” - “Sovetski”də evi dağıdılan veteran

11-02-2017 22:33 / Bu xəbər 2350 dəfə oxundu

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvü, 20 Yanvar zərərçəkəni Yavər Fərzəliyev "Sovetski”dəki evindən zorla çıxarılır.

Bu barədə BakiPost.az-a şikayətində veteran özü məlumat verib. Y. Fərzəliyevin sözlərinə görə, Bəşir Səfəroğlu küçəsi ev 32, mənzil 12-də yerləşən mənzilinə təklif olunan məbləğlə razılaşmadığı üçün evindən çıxmır, lakin aidiyyəti qurumlar onu zorla evindən çıxarmağa çalışır: "Gəlib qazımı, işığımı, suyumu kəsiblər. İçində yaşadığım evimin bir tərəfini də dağıdıblar. Halbuki bizə deyilmişdi ki, sizə təklif olunan məbləğlə razılaşmadığınız təqdirdə evinizdə yaşamağa davam edə bilərsiniz”.

Veteran məbləğlə razılaşmaması və evdən çıxmaq istəmədiyi ilə bağlı 2014-cü ildə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Ona Yasamal rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd İslamov adından cavab verilib. Bildirilib ki, onun yaşadığı ünvan Bakı şəhərinin Baş Planına uyğun olaraq köçürülmə ərazisinə daxildir. Həmin cavabda daha sonra qeyd edilir:

"Həmin ərazidə, icra hakimiyyətinin nəzdində yaradılmış komissiya tərəfindən hazırda köçürülmə ərazisinə daxil olan yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınması və ölçü işləri aparılır. Bildiririk ki, satınalma könüllü qaydada həyata keçirildiyi üçün təklif edilən qiymət sizi qane etmədiyi təqdirdə razılaşma protokoluna imza etməmək və həmin evdə yaşamaqda davam etmək hüququna maliksiniz”.

Ötən il işığı kəsilən Y. Fərzəliyev "Azərişıq” ASC-yə müraciət edib. Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsindən ona işığının kəsilməsinin səbəbi belə açıqlanıb: "Qeyd olunan ünvanda elektrik enerji təchizatı Bakı şəhəri üzrə aparılan yenidənqurma-abadlıq işləri, yolların genişlənməsi və digər infrastrukturların yenilənməsi ilə əlaqədar olaraq dayandırılıb. Xahiş edirik nəzərə alasınız”.

Y. Fərzəliyev hazırda çıxılmaz bir durumda olduğunu, çox acınacaqlı vəziyyətdə yaşadığını bildirib: "Bunlarda elə bil müsəlman qanı yoxdur. Adam bu qədər qəddar, kafir ola bilməz. Qorxu, həyəcan, axırda da su ilə, istiliklə imtahana çəkmək, öz məqsədlərinə çatmaq üçün şeytanın belə ağlına gəlməyən əməllərə əl atmaq bir kişiyə, bir azərbaycanlıya yaraşarmı heç? Bu qədər zülm olmaz ki...

Bilirsiniz onlar neçə-neçə adamı bədbəxt edib, həyatlarını məhv ediblər?”

Şikayətçi bütün bunlara baxmayaraq, ümidini hələ kəsmədiyini, şikayətlərinə ölkə başçısının reaksiya verəcəyinə ümid etdiyini bildirib.