İlham Əliyev yeni qurum yaratdı

İlham Əliyev yeni qurum yaratdı

16-12-2018 10:46 / Bu xəbər 1270 dəfə oxundu

Azərbaycanda yeni qurum "Aqrar tədarük və təchizat” açıq səhmdar cəmiyyəti (ASC) yaradılır.

Prezident İlham Əliyev dekabrın 14-də bununla bağlı fərman imzalayıb.

Ancaq bu fərmana əsasən, "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir. 

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat” ASC yaradılacaq. Cəmiyyətin səhmləri dövlətə məxsus olacaq.

Yeni cəmiyyət "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı "Aqrar tədarük və təchizat” ASC-yə keçəcək.

Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını həyata keçirəcək.

Cəmiyyətin İdarə Heyətinin sədrini, digər üzvlərini kənd təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edəcək.