“İlham Əliyev yumurtadan danışa bilir, mən kartofdan yox?”

“İlham Əliyev yumurtadan danışa bilir, mən kartofdan yox?”

19-01-2017 15:37 / Bu xəbər 1623 dəfə oxundu

«Mən bu hakimiyyətin əməllərində ancaq haramçılıq gördüm. Amma mən öz qanımı bunlara halal eləyirəm. Bacarırsınızsa, məni içəridə öldürün, qanım sizə halaldır. Yetər ki, ölümüm bizim demokratiya, azadlıq ideallarımıza xidmət eləsin».

Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yanvarın 19-da məhkəmədə son sözündə deyib.

«HAKİMİYYƏTİN İSTƏYİ ODUR Kİ…»

Azərbaycan hakimiyyətinin Nardaran əməliyyatını məqsədli şəkildə törətdiyini deyən F.Qəhrəmanlının fikrincə, bu əməliyyatın bir neçə məqsədi olub: «Hakimiyyətin istəyi odur ki, dindar kəsim siyasi proseslərdən kənarda qalsın, ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə olsun. Amma qəfildən Hacı Taleh meydana çıxdı, inanclı kəsimə çatdırdı ki, dindarlıq təkcə namaz qılmaq deyil, əməlsiz namazın dəyəri yoxdur. İnanclı adam haqsızlıq, zülm qarşısında da susmamalıdır. Hakimiyyət bu qondarma əməliyyatı təşkil elədi ki, həm Hacı Taleh və ətrafındakılara «terrorçu» damğası vurub onları məhv eləsin, həm də Qərbə göstərmək istəyirdi ki, amandır, biz bu gün onları asıb-kəsməsək, sabah radikalları yığışdırmaq olmayacaq. Həmin o Qərb ölkələrinin səfirlikləri məhkəmədə gördü ki, bu adamlar tamamilə günahsızdır, onlar nə dindardır, nə də terrorçu. Hamısı günahsızdır. Əslində, bu əməliyyat dövlət səviyyəsində həyata keçirilmiş terrordur».

F.Qəhrəmanlı deyir ki, özü də daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 18 nəfərin heç biri cinayət törətməyib. Onlar, sadəcə, ölkədə korrupsiyanın, məmur özbaşınalığının dövlət siyasətinə çevrilməsinə, mənəvi deqradasiyaya etiraz etdiklərinə görə cəzalandırılıb. F.Qəhrəmanlının fikrincə, İlham Əliyev ölkədə korrupsioner tiraniya yaradıb: «Xalq bu hakimiyyətə neyləyib ki, başına bu oyunları açırlar? Bunların sərvət hərisliyini başa düşmək olar, amma bunu xalqla düşmənçilik səviyyəsində eləmək olmaz axı. Bunlar xalqla açıq düşmənçilik aparırlar».

«BU DA VƏTƏNPƏRVƏRLİKDİR»

Ölkəyə 150 milyard neft pulunun gəlməsinə baxmayaraq, bərbad iqtisadi siyasət nəticəsində bu gün Azərbaycanın hətta kartofun da 60 faizini xaricdən almasından danışanda, prokuror F.Qəhrəmanlının çıxışına etiraz edib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov da eyni mövqedən çıxış edib və F.Qəhrəmanlı ilə aralarında belə dialoq olub.

Hakim:

– Bura siyasi tribuna deyil. Mahiyyəti üzrə danışmasaz, son sözünüzü məhdudlaşdıracam.

– Mənə verilən ittihamlar siyasidirsə, mən neyləməliyəm? Məni hakimiyyət əleyhinə çağırışlarda günahlandırırlar. Mən də hakimiyyətin mahiyyətindən, ona niyə etiraz etməyimdən danışıram.

– Kartofun məsələyə nə dəxli var?

– Necə olur, İlham Əliyev yumurtadan danışa bilər, mən kartofdan danışa bilmərəm?

Məhkəməni izləməyə gələnlərə müraciət edən F.Qəhrəmanlı deyir ki, onların həbsdə olmasına görə üzülmək yox, qürur hissi keçirmək lazımdır. Onun sözlərinə görə, əksinə, ümidlənmək lazımdır, çünki «bu qədər repressiyalara, mənəviyyatsızlıqlara baxmayaraq, hələ də şərəfli, xalqın azadlığı uğrunda həyatından keçən oğullar yetişir».

F.Qəhrəmanlı çıxışının sonunda bildirib ki, ümumbəşəri ideyaların həyata keçməsi üçün mübarizədə nəinki həbsə, canını verməyə hazırdır: «Biz özümüzü şüurlu şəkildə Vətənə fəda demişik. Vətənpərvərlik təkcə torpaq uğrunda ölmək deyil. Bu gün ölkədəki korrupsiyaya, ədalətsizliyə, insanların hüquqsuzluğuna qarşı mübarizə aparırsansa, bu da vətənpərvərlikdir. Çünki korrupsiya ölkəni içəridən dağıdır, ədalətsizlik vətəndaşlarımızı öldürür».

İKİ DƏFƏ İNTİHARA CƏHD EDİB

Ardınca sonuncu təqsirləndirilən – Abbas Quliyev son sözünü deyib. Məhkəmədə vəkillərin verdiyi onlarla vəsatətlərin heç birinin təmin olunmadığını xatırladan A.Quliyev bu səbəbdən məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib.

Həbs olunarkən və ondan sonra məruz qaldıqları işgəncələrdən danışan A.Quliyev deyir ki, bu üzdən iki dəfə intihara cəhd edib – bir dəfə damarlarını kəsib, ikinci dəfə özünü asıb.

«Biz 1 il 2 aydır günahsız yerə həbsdəyik. Mənə prokuror 15 il iş istədi. Elə birdəfəlik ömürlük verin. Onsuz da 15 ildən sonra çıxıb yenə haqsızlıq görəcəm. Bu ölkədə haqq-ədalət yoxdur», – A.Quliyev bildirib.

Ardından Əlövsət Abbasovun sədrlik etdiyi, Eldar Mikayılov və Mahmud Ağalarovdan ibarət hakimlər müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı haqda konkret söz deyilməsə də, yanvarın 23-nə gözlənilir.

XATIRLATMA

Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs hazırda həbsdədir.

Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. Daha iki qrupun isə ayrılıqda məhkəməsi gedir.

Hazırda mühakiməsi gedən 18 nəfərlik qrupun üzvlərinə dövlət ittihamçısı uzunmüddətli cəzalar, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırova isə ömürlük həbs istəyib.

AzadlıqRadiosu