İlham Əliyevin andiçmə mərasimi keçirilib

İlham Əliyevin andiçmə mərasimi keçirilib

18-04-2018 10:58 / Bu xəbər 1952 dəfə oxundu

Milli Məclisdə prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.
 
Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və prezidentin ailə üzvləri iştirak edirlər.
 
Bu barədə APA məlumat yayıb. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

Fərhad Abdullayev deyib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının prezidenti elan edib:
 
"Azərbaycan Respublikasının prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.

Prezident İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Prezident "Qurani-Şərif"ə əl basaraq and içib: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”. 

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
 
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. 

Halbuki seçki bu ilin oktyabrında keçirilməli idi. 

Hakimiyyət sözçüləri seçkinin vaxtının 6 ay önə çəkilməsini bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin və başqa beynəlxalq əhəmiyyətli toplantıların keçiriləcəyi ilə izah ediblər.

Aprelin 15-də MSK səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. 

MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Aprelin 17-də Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrinin təsdiqlənməsi ilə bağlı qərar qəbul edib. Orada seçkilərin azad və ədalətli keçirilməsi ilə bağlı rəy verilib.

İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

MSK və Konstitusiya Məhkəməsindən fərqli olaraq, müxalif Müsavat Partiyası və Milli Şura seçkinin nəticəsini tanımadığını açıqlayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

Bu, İ.Əliyevin Azərbaycanda prezident seçkilərində 4-cü dəfə qələbə qazanmasıdır. O, bundan əvvəl 2003, 2008 və 2013-cü illərdə keçirilən seçkilərdə qələbə çalıb.

2009-cu il ölkə Konstitusiyasına edilən dəyişiklik onun müddətsiz prezident seçilməsinə imkan yaradıb.