İnanmayan Foma və bəxtiyar azərbaycanlılar

İnanmayan Foma və bəxtiyar azərbaycanlılar

11-12-2018 03:17 / Bu xəbər 1526 dəfə oxundu

Yadigar Sadıqlı

Xristianlıqda İnanmayan Foma əfsanəsi məşhurdur. Rəvayət edilir ki, İsa Məsih çarmıxda ölümündən sonra dirilir və öz həvarilərinin (apostol) yanına gəlir. Bu zaman 12 həvaridən yalnız 11-i bir yerdə idilər. Foma adlı həvari hansısa səbəbdən yox imiş.

Uzun sözün qısası, Məsih həvarilərlə bir qədər danışdıqdan sonra yenidən qeyb olur, yalnız bundan sonra Foma gəlir. Həvarilər ona Məsihin dirilməsi müjdəsini verirlər, lakin Foma inanmır.  O deyir ki, İsanı gözü ilə görməsə, mismar ilə deşilmiş əllərində dəliyə, nizə batmış qabırğasına şəxsən toxunasa, inanmayacaq.

Səkkiz gün sonra həvarilər yenidən toplanıb söhbət edirlər. Birdən Məsih otaqda peyda olur, baxmayaraq ki, qapılar bağlı idi. O, Fomaya müraciət edib "Barmağını uzat və mənim əllərimə toxun, barmağını uzat və qabırğalarımı yoxla" söyləyir. 

Foma bunları edərək qarşısındakının həqiqətən də İsa olduğuna inanır və "Tanrım mənim" deyərək hayqırır. İsa Məsih "Sən gördün və inandın, görməyib inananlar necə bəxtiyardırlar" söyləyərək Fomanı etiqad zəifliyindən dolayı yüngülcə məzəmmət edir.

Bundan sonra "İnanmayan Foma" termini yarandı, şifahi sözlərə inanmayan, sual verən, sübut tələb edən insanlara münasibətdə işlənməyə başladı. Özü də mənfi çalarla. Halbuki sübutsuz inanmamaq insanın ən təbii hüququdur, həm də ən məntiqli davranışdır. Sübut tələbi insanı bir çox yanlış fikirlərdən və hərəkətlərdən sığortalaya bilər. Lakin cəmiyyətimiz bu cəhətdən o qədər də fərqlənmir, ləbbeyk deyərək inanmağa üstünlük verir. 

Azərbaycanda bu halın ən aşırı təzahür etdiyi sahələrdən biri siyasətdir. Burada İnanmayan Foma tapmaq çətin məsələdir. Əgər bir lider deyirsə ki, filan təşkilat, filan insanlar qrupu xaindir, satılıbdır, hakimiyyətlə danışıqlara gediblər, mandat almaq istəyirlər - o zaman müridlərin hamısı nəinki buna inanır, üstəlik atəşin bir coşğu ilə təkrar edirlər, başqalarına söyləyirlər. 

Bir müddət keçəndən sonra həmin lider başqa mövqe sərgiləyir, dünən satqın elan etdiyi təşkilatla əməkdaşlığa gedir, bunu millətin və ölkənin nicatı kimi qələmə verəndə də bir Foma tapılıb sual vermir ki, axı?... bəs?... nədən?...

Eyni hal bir təşkilatın daxilində də baş verə bilər. Hər hansı üzv fərqli mövqe sərgiləyərsə, rəhbərliyi tənqid edərsə və ya rəhbərlik onu öz postuna iddialı olmasından şübhələnərsə, eyni silahlar işə düşər. Təşkilatın daxilində həmin insanın artıq satıldığı, hakimiyyətlə işbirliyində olduğu barədə şayiələr yayılacaq. Həmin insanın hətta statuslarını bəyənənlərin siyahısı belə güdüləcək, mütəmadi bəyənənlər məzəmmət ediləcək. 

Hətta İnanmayan Fomalar tapılanda belə az istisnalarla şübhələrini, suallarını səsləndirməyə ürək eləmirlər. Bir sözlə, İsa Məsihin təbirincə bizdə görmədən inananaraq bəxtiyar olan azərbaycanlılar yetərincədir. 

P.S. İnanmayan Foma əhvalatı dini mövzulu Avropa rəssamlığının sevimli əhvalatıdır. Bu şəkil XVII əsr italyan rəssamı Kravaggioya məxsusdur.