İradə Cavadova təkrar araşdırma istəyir

İradə Cavadova təkrar araşdırma istəyir

15-06-2018 10:57 / Bu xəbər 2321 dəfə oxundu

Vəkil İradə Cavadova Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və İntizam komissiyasına müraciət edərək onun səlahiyyətlərinin dayandırılması barədə qərara yenidən baxılmasını və obyektiv qərar qəbul edilməsini istəyib.

İ.Cavadova vurğulayıb ki, intizam komissiyası sübutların təqdim edilməsinə məhəl qoymayıb və qərəzli rəy verib. 

O xatırladıb ki, 2005-ci ildən Vəkillər Kollegiyasının üzvüdür və indiyədək onun barəsində intizam cəzası olmayıb. 

Onun fikrincə, buna baxmayaraq, Rəyasət Heyəti qeyri-obyektiv və əsassız qərar qəbul edib.

Bununla əlaqədar İ.Cavadova istəyir ki, materialları Rəyasət Heyətinin və İntizam komissiyasının bütün üzvləri öyrənsin və bu sənədlərin əsasında obyektiv qərar qəbul edilsin.

İyunun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti şikayətçi xanım K.M.-in Kollegiyaya müraciəti əsasında İ.Cavadovanın fəaliyyətini dayandırıb.

Verilən məlumata görə, şikayətçi kollegiyaya bildirib ki, İ.Cavadovaya etibarnamə vermədiyi və hüquqi yardım barədə müqavilə bağlamadığı halda, özünün razılığı olmadan onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər edib, bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıb. Üstəlik, qeyd edildiyinə görə, şikayətçi Rəyasət Heyətindən xahiş edib ki, vəkil İ.Cavadova barəsində tədbir görülsün.

"Mənimlə müqaviləsi olmayan adamı niyə müdafiə etməliydim?!"

İ.Cavadova isə haqqındakı qərarı qərəzli və əsassız hesab edir. Onun sözlərinə görə, şikayətçi xanımla müqaviləsinin olmaması barədə deyilənlər də yalandır:

"Bir xanım vardı, mənə müraciət edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şahid qismində dəvət olunduğunu bildirib, onunla getməyimi istəmişdi. Mənimlə müqavilə bağlandı. Mənimlə müqaviləsi olmayan adamı niyə müdafiə etməliydim?! Bu da absurddur. Anasının ərizələri var. Mənim yanımdan çıxandan sonra onu həmin idarənin əməkdaşlarının tutub apardığı və orada iki sutkadan çox saxlandığı deyilir. Bu barədə mənə anası məlumat verib. Mən də vəkili kimi, anasına istinadən daxili işlər nazirinə açıq məktub yazmışdım. Çünki idarəyə müraciət etsəm də, dedilər, burada yoxdur".

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə AzadlıqRadiosuna bildirib ki, İ.Cavadova ilə bağlı kifayət qədər araşdırma aparıldıqdan sonra qərar veriblər.

İ.Cavadova bir sıra ictimai-siyasi fəalların, o cümlədən «Nardaran məhbusları»nın da vəkili olub.

Son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev də var. Y.İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirirlər. 

Vəkillər Kollegiyası bu iddiaları rədd edir.