"Lerik meşələrində qiymətli ağaclar doğranılaraq mebel sexlərinə satılır" – VİDEO

04-01-2019 14:09 / Bu xəbər 1540 dəfə oxundu

Lerik rayonunun Günəşli kənd ərazisində meşələrin kütləvi qırılması müşahidə edilib.

Bu barədə kənd sakinləri "interpost"a məlumat veriblər. 

Onlar deyiblər ki, ağacların qırılmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), həmçinin Lerik rayon İcra Hakimiyyəti məsuliyyət daşıyır.

Sakinlər bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etsələr də, heç bir reaksiya verilməyib: "Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət etmişdik, amma heç bir tədbir görülməyib".

Onlar bildiriblər ki, 2018-ci ilin fevral ayının 11-dən 16-na qədər 80-ə yaxın nadir ağac növü kəsilib: "Bu cür hallar Lerik rayon ərazisində hər zaman baş verib, hazırda da davam etdirilir".

Sakinlər yazıblar ki, ötən illərdə etdikləri şikayətlər əsasında ETSN-nin komissiyası, inspektor Amil Bayramovun rəhbərliyi ilə Lerik rayonunda yerləşən meşə massivləri yoxlanıb. 

İkinci yoxlama isə ETSN-nin əməkdaşları Raquf Mirzəyev, Ceyhun Axundov və Dədəxan Sədiyevin iştiraki ilə baş tutub, amma problem həll olunmayıb. 

Kəsilən ağaclar əsasən fıstıq, palıd, vələs, dəmirğac və nəsili kəsilməkdə olan azat ağaclarıdır. Həmin ağaclar kəsilərək, Bakı və digər iri sənaye şəhərlərində fəaliyyət göstərən mebel sexlərinə satılır.

Jurnalist Elxan Mirzəyev "interpost"a bildirib ki, müxtəlif ərazilərdə on minlərlə ağacların kəsilməsi faktı aşkarlanıb və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verib. 

Qurumun mətbuat katibi İradə İbrahimova isə bildirib ki, Lerik rayon meşə sahələrinə nazirlikdən yoxlama təyin edilib.

Lerik rayonunda meşələrin necə məhv edildiyini əks etdirən video və fotoları təqdim edirik: