Mədəniyyət və Turizm Nazirliyi bölündü, komitə ləğv olundu

Mədəniyyət və Turizm Nazirliyi bölündü, komitə ləğv olundu

21-04-2018 01:16 / Bu xəbər 3234 dəfə oxundu

Prezident yeni sərəncamlar imzalayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

Prezident İlham Əliyevin aprelin 20-də bununla bağlı sərəncam imzalayıb.

Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Bundan əlavə, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Prezident idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam da imzalayıb. Bildirlir ki, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.

Prezidentin digər sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Nazirlər Kabinetinə Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində prezidentə təqdim edilməsi tapşırılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 19 noyabr 2008-ci ildə Dövlət Agentliyinin bazasında  yaradılmışdı. 

2006-cı ildə Mədəniyyət Nazirliyi Gənclər, İdman və Turizm Nazirliyi ilə birləşdirilərək Mədəniyyət və Turizm Nazirliyi adlandırılıb.Gənclər və İdman Nazirliyi isə ayrı quruma çevrilib.