Məktəbdə ipək qurdu saxlanılır

Məktəbdə ipək qurdu saxlanılır

15-05-2018 18:36 / Bu xəbər 3778 dəfə oxundu

"Məktəb direktorlarına, bağça müdirələrinə məcbur barama saxlatdırırlar”

Füzulinin Haramı adlanan bölgəsində məcburi köçkünlər üçün salınan "Qayıdış” qəsəbələrindəki məktəblərin içində ipək qurdu saxlayırlar. Meydan TV əməkdaşı həmin qəsəbələrdə olub, sakinlərlə danışıb.

Valideynlər yaranmış durumdan şikayətçidirlər. Deyirlər, kimsə məktəb direktorları, bağça müdirələrinə bunu məcbur edib, cəzasını isə onların uşaqları çəkir. 
"O gün qız məktəbdən gəlib. Görürəm dayanmadan qaşınır. Bədəni qıpqırmızı idi. Canına birə düşmüşdü. O qədər yarpağı sinif otaqlarına tökəndə nə gözləyirdilər? Ağacların üstü cücülərlə doludur” – deyir, Səidə Əliyeva (ad şərtidir).

"Dərs keçməyə yer qalmayıb"

"Qayıdış” məktəblərinin birində dərs deyən, adının açıqlanmasını istəməyən müəllimə isə deyir ki, 15 gündən çoxdur məktəbləri iki növbə sisteminə keçib.

Səbəb isə sinif otaqlarının əksəriyyətində ipək qurdlarının saxlanmasıdır. 

"Dərs keçməyə yer qalmayıb. Buna görə dərslər növbəli sistemə keçirilib. Düzdür, deyirlər, barama peyğəmbər qurdudur, təmizdir. Daha deməyiblər ki, körpə uşaqlarla bir binada saxlanmalıdır. İstənilər halda məktəbdən pis qoxu gəlir, havası ağırdır. Üstəlik, qurdlar lazımı qaydada saxlanmır. Yadımdadır, mən uşaq olanda qonşularımız saxlayırdı. Qurdları ikimərtəbəli rəflərə qoyurdular. Rəfin arası setkalarla bağlanırdı. Nəticədə yuxarıda olan qurdların ifrazatları aşağıya tökülürdü. İndi hamısını səriblər döşəmələrə. İfrazatlarının içində qalırlar”.

"Məktəbdə isə iydən-qoxudan durmaq mümkün deyil"

Müəllimə deyir ki, bu cür saxlamanın onsuz da heç bir faydası olmayacaq:

"Onda niyə bizi zülmə salırlar? Hökumət baramaçılığı inkişaf etdirmək istəyir. İcra başçılarından plan istəyir. Onlar da təhsil şöbələrinə deyir. Təhsil şöbələrinin də gücü məktəb direktorlarına çatır. Onlar da vəziyyətdən çıxış yolunu bunda görüblər. Əslində onları da qınamalı deyil. O boyda ev-eşikləri yoxdur axı. Çarəni məktəb binasında tapıblar. Hansısa bir sahəni bu cür inkişaf etdirməzlər. Məcburuq 2 növbə işləyək. Uşaqlar günün isti vaxtı durub məktəbə gəlirlər. Məktəbdə isə iydən-qoxudan durmaq mümkün deyil”.

"Bir bağçada ki, həm uşaq, həm qurd saxlana"

Sakinlərdən biri deyir ki, hələ məktəb işin ən yüngül formasıdır. Bağçalara körpələr gedir. Ora da gətirib qurd töküblər:

"Körpə uşaqlardır. Birdən götürüb ağzına atar. Qurdların qarşısına gətirib yarpaq tökürlər, allergik təsiri olar. Bunlar nə düşünürlər? Hökumət baramaçılığı bizim uşaqlarımızın sağlamlığı bahasına inkişaf etdirmək istəyir? Nə deyim, bu cür iş heç bir dövlətə xeyir gətirməz. Bir bağçada ki, həm uşaq, həm qurd saxlana. Bir məktəbdə ki, bir sinifdə dərs gedə, digərində qurd yetişdirilə. Onların nəzərindəki inkişaf yəqin ki budur”.

"Bilmirsən bağçadır, məktəbdir, yoxsa, tövlə"

Müəllimə həm müəllimlərin, həm də valideynlərin bundan narazı olduqlarını deyir:

"Məktəbin məktəb, bağçanın bağça yeri var. Bizdə çox şeyi olduğu kimi bunu da səhv salırlar. Bilmirsən bağçadır, məktəbdir, mədəniyyət sarayıdır, kitabxanadır, yoxsa, tövlə. Bu boyda qəsəbələr salıb veriblər camaata. Bir normal bina qoymayıblar qala. Hamısına gətirib qurd töküblər. Çox gülməli durumdur”.

Meydan TV əməkdaşı məktəblərdən birində olub, dəhlizə tökülən qurdları görüb. Lakin onun çəkiliş aparmasına mane olublar, sinif otaqlarına buraxmayıblar.

Füzuli Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, deyilənlər yalandır, belə hal ola bilməz. Rayonun Təhsil Şöbəsindən də faktı təkzib ediblər.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov isə yazılı sorğu göndərməyi tələb etdi. Təhsil Nazirliyinə sorğu göndərildi. Qurumun cavabı işıqlandırılacaq.