Merkel Türkiyənin hərəkətini pisləyir

Merkel Türkiyənin hərəkətini pisləyir

01-03-2017 14:47 / Bu xəbər 2056 dəfə oxundu

Qərb mətbuatı Türkiyə ilə Almaniya arasındakı yeni nifaqdan yazır. Qalmaqala səbəb Almaniyanın «Die Welt» qəzetinin müxbiri Deniz Yücelin həbsidir. D.Yücel fevralın 14-dən tutulub. 

Ona heç bir ittiham irəli sürülmədən həbsdə saxlanıb. Srağagün – fevralın 27-də isə Türkiyə məhkəməsi jurnalistin terroru təbliğdə, nifrətə çağırışda günahlandırıldığını elan edib.

Britaniyanın «The Telegraph» qəzetinin yazdığına görə, D.Yücel-in həbsi onun kürdlərin terrorçu təşkilatı – PKK komandanından müsahibəsi, həm də Türkiyənin enerji nazirinin elektron məktublarına (email) haker hücumları haqda xəbəriylə bağlı ola bilər. Enerji və təbii ehtiyatlar naziri Berat Albayrak həm də Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın kürəkənidir. Hakerlər onun email-lərindən bəzilərini «Wikileaks»ə ötürüblər.

Buna da bax-Almaniyada 'Erdoğan-a xəbərçilikdə şübhəli' imamların evlərinə reyd keçirilib

«ACI VƏ MƏYUSEDİCİ QƏRAR»

Mətbuatın yazdığına görə, D.Yücel-i dindirərkən onun hakerlərlə əlaqəsi olub-olmadığını soruşublar, həmçinin Türkiyənin kürd siyasəti, PKK komandanı Cemil Bayık-la bağlı sorğu-sual ediblər. D.Yücel C.Bayık-dan müsahibəni iki il əvvəl alıb.

Almaniya kansleri Angela Merkel jurnalistin həbsini pisləyib, bunun «acı və məyusedici» qərar olduğunu söyləyib və R.T.Erdoğan rejimini mətbuat azadlığına sayqı göstərməyə çağırıb, bunun demokratik cəmiyyət üçün önəmli olduğunu vurğulayıb.

«The Guardian» qəzeti isə Türkiyənin Berlindəki səfirinin XİN-ə çağrıldığını xəbər verir.
Sigmar Gabriel
Sigmar Gabriel

ÇƏTİN DÖNƏM

«Türkiyə çətin dönəm yaşayır. Bu dönəm Türkiyə-Almaniya münasibətləri üçün də çətindir», – Almaniyanın xarici işlər naziri Sigmar Gabriel belə deyib. O, D.Yücel-in həbsinin iki ölkə arasındakı fərqi göstərdiyini, qanunun aliliyi, söz və mətbuat azadlığına hörmət baxımından fərqləri ortaya qoyduğunu vurğulayıb.

Qərb mətbuatı A.Merkel-in bu aralar R.T.Erdoğan-a qarşı dura bilmədiyinə görə ölkəsində qınandığını xatırladır.

Türkiyədə çevriliş cəhdindən sonra jurnalistlərin həbsi adi hala çevrilib. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) məlumatına görə, hazırda ölkə həbsxanalarında 150-dən çox jurnalist var, 170-dən çox media orqanı bağlanıb. Ancaq alman mətbuat orqanı işçisinin həbsi, üstəlik, terroru təbliğdə günahlandırılması birinci dəfədir.

Beynəlxalq insan haqları təşkilatları – «Amnesty International», «Sərhədsiz Reportyorlar» D.Yücel-in həbsini pisləyib, Türkiyə hökumətini mətbuata basqını dayandırmağa çağırıblar. «Amnesty International» Türkiyənin jurnalistlərdən ötrü ən böyük həbsxanaya çevrildiyini deyib.

ALMANİYA TƏBLİĞATA İCAZƏ VERƏCƏKMİ?

Türkiyə rəsmiləri jurnalistlərin, eləcə də digərlərinin həbsinin çevrilişdən sonrakı təhlükəsizlik tədbirlərinin bir hissəsi olduğunu bildirirlər. Amma tənqidçilər hakimiyyətin fərqli düşüncə sahiblərini basqı altında saxlamaq niyyətində olduğunu düşünür.

Aprelin 16-da Türkiyədə referendum keçiriləcək, konstitusiyaya düzəlişlər səsə qoyulacaq. Düzəlişlər prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırılmasını nəzərdə tutur.

«The Telegraph» bir məsələni də qeyd edir: R.T.Erdoğan-ın Almaniyada referendumöncəsi təbliğat kampaniyasına icazə verilməsi indi sual altındadır, Almaniya rəsmiləri hazırda bu məsələni müzakirə edirlər.

Almaniyada 1.5 milyona qədər Türkiyə vətəndaşı yaşayır.///Azadliq.org