Müsavat Partiyasının Gənclər Təşkilatının sədri həbs olundu

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri həbs olundu

22-11-2018 01:23 / Bu xəbər 1769 dəfə oxundu

Müsavat Partiyası qərarı əsassız və siyasi motivli sayır 

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
 
O, Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə ittiham olunur.

İstintaqı DİN-in Baş İstintaq İdarəsi aparır.

Müsavat başqanı Arif Hacılı isə Arqument.Az-a açıqlamasında ittihamı qondarma və siyasi sayıb: "Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli qondarma ittihamlarla həbs edilib. Aldığım ilkin məlumata görə Əbülfəz Sadıqbəyli bir-neçə il bundan əvvəl alınmış və haqqı Nikoyl banka ödənilmiş avtomobillə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar həbs edilib. Avtomobilin kredit haqqının ödənilməsi barədə bank sənədləri var. İstintaq zamanı bildirilib ki, bank tərəfindən bu sənədlər verilərkən saxtakarlıq edilib. Bank tərəfindən belə saxtakarlıq halları kütləvi olub. Əvvəlcə Əbülfəz Sadıqbəyli bu işdə şahid kimi dindirilib. Onun Müsavat Gənslər Təşkilatının sədri olduğu istintaqa bəlli olduqdan sonra isə işin ona qarşı yönəldilməsinə cəhd edilir".

"Əbülfəz Sadıqbəyliyə qarşı irəli sürülən ittihamlar bundan əvvəl siyasi fəallara qarşı irəli sürülən ittihamlar kimi əsassızdır, absurddur. Bu qondarma cinayət təqibi Əbülfəz Sadıqbəylinin siyasi fəaliyyəti ilə bağlıdır. Hakimiyyətin Müsavat Partiyasına qarşı apardığı təqib siyasətinin davamıdır. Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli dərhal azad edilməli, bu işdə həqiqi təqsirli olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır", - deyə A. Hacılı bildirib.

Həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti veriləcək.