Murad Ədilov cəzaçəkmə müəssisəsində aclıq edir

Murad Ədilov cəzaçəkmə müəssisəsində aclıq edir

09-09-2018 13:09 / Bu xəbər 1409 dəfə oxundu

AXCP üzvü həbsdə saxlanılmasına etiraz etdiyini bildirib

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Murad Ədlilov aclıq aksiyasına başlayıb. 

Qardaşı Natiq Ədilov Arqument.Az-a deyib ki, o, barəsində çıxarılan ədalətsiz hökm və qərarlara etiraz edir.

Ədilovun sözlərinə görə, aksiya sentyabrın 7-dən başlayıb: "Murad dünən evimizə zəng eləyəndə bu barədə məlumat verib. Deyib ki, "aclığa görə sonrakı günlərdə zəng eləyə bilməsəm, nigaran qalmayın". Murad bu aksiya ilə həm dörd ildən çoxdur sırf siyasi qisas məqsədilə həbsdə saxlanmasına etiraz edir, həm də beynəlxalq təşkilatların, diplomatik korpusun bu ölkədə insan haqlarının durumuna biganəliyinə..."

Dörd ildir həbsdə olan Murad Ədilov haqqında sonuncu məhkəmə qərarı sentyabrın 5-də çıxarıldı. Saxlandığı cəzaçəkmə müəssisəsində onun vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciətinə baxıldı və təmin olunmadı.

M.Ədilov 2014-cü il avqustun həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Ədilov narkotik ittihamını rədd edir və qardaşı N.Ədilovun fəaliyyətinə - hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

N.Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" televiziya proqramının əməkdaşıdır.

Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M.Ədilovun həbsini siyasi motivli sayır.

"Amnesty İnternational" M.Ədilovu "vicdan məhbusu" elan edib.