Natiq Cəfərli: Azad iqtisadi zona effektsiz təşəbbüsdür

Natiq Cəfərli: Azad iqtisadi zona effektsiz təşəbbüsdür

08-06-2018 17:43 / Bu xəbər 3250 dəfə oxundu

''Ölkənin hər yerində Azad İqtisadi Zona prinsipləri tədbiq edilməlidir''

Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonası haqqında” qanunu imzalayıb.

Qanun Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

16-cı maddədə Azad Zonada vergi tənzimlənməsindən bəhs edilir. Bildirilir ki, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

"Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyata aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyata aid olan şəxslərdə aparılan vergi yoxlamaları zamanı vergi orqanları tərəfindən üçüncü şəxslər qismində Azad Zona hüquqi şəxsi ilə aparılmış əməliyyatlar barədə məlumatların əldə edilməsi Azad Zona səlahiyyətli qurumu vasitəsi ilə həyata keçirilir. Azad Zona səlahiyyətli qurumu tərəfindən məlumatlar əsas iqtisadiyyat qanunvericiliyinə uyğun təqdim edilir”.

Qanunun 17-ci maddəsində isə qeyd edilir ki, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.

Mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

"Əsas iqtisadiyyatın gömrük qurumu Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün müvafiq gömrük qurumu yaradır. Müvafiq gömrük qurumu öz fəaliyyətini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan kimi ərazisi kiçik, problemləri isə çox böyük ölkədə ayrıca azad iqtisadi zona yaratmaq ideyası mənasız və effekti olmayan təşəbbüsdür:

"Ölkənin tamamı azad iqtisadi zona prinsipləri ilə çalışmalıdır ki, illərdir yığılıb qalan problemlərin həlli mümkün olsun. Hökumət iqtisadiyyatda 25 ildir ki, pinti ev sahibi kimi "zibili (problemləri) xalçanın altına süpürərək” vizual "təmizlik (problemlər yoxdur)” effekri yaratmağa çalışıb. Həmin "zibillər (problemlər)” isə artıq çürüyüb, qoxusu aləmi basıb. Obrazlı desək, indi xalçanı tam qaldırıb, altını süpürüb - təmizləmək, xalçanı isə çırpıb yenidən sərmək lazımdır”.

İqtisadçı bildirir ki, məhz buna görə ölkənin hər yerində Azad İqtisadi Zona prinsipləri tədbiq edilməlidir.

İqtisadçı Nazim Bəydəmirli isə deyir ki, Ələt İqtisadi Zonası Beynəlxalq ticarət limanının ətrafında qurulub. Həmin ticarət limanının qurulması üçün dövlət xeyli vəsait xərcləyib:

Nazim Bəydəmirli

"Bunun effektivliyini artırmaq üçün Ələt İqtisadi Zonası düşünülüb. Bura həm yerli, həm də xarici brendlərin şirkət qurub, vergi və güzəştlərdən yararlanması üçün bir məkandır. Ancaq Azərbaycanın qeyri-neft sektorunda hansı şirkətlər var ki, burada məhsul istehsal edib, xaricə satsın? Bu baxımdan düşünmək lazımdır. Transmilli şirkətlər Azərbaycanda zavod, fabrik qurub məhsulunu digər ölkələrə satmaqda nə qədər maraqlı ola bilər? Bu, əslində araşdırılması gərəkən mövzudur. Ümid edirəm ki, bu layihələri maliyyələşdirmədən öncə belə məsələlər düşünülüb, araşdırılıb. Atılan addım kor-koranə deyil”.///Meydan.tv