Nazirlik "Arqument.az"ı məhkəməyə verdi

Nazirlik

07-08-2018 18:43 / Bu xəbər 2955 dəfə oxundu

Avqustun 8-də saat 14:45-də Səbail rayon Məhkəməsində işə baxılacaq
 
Arqument.az saytına bloklanma xəbərdarlığı gəlib. 

Bu haqda Toplum.Tv-yə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib. 

O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Arqument.Az-a xəbərdarlıq gəlib: "İstinadla gedən iki yazının çıxarılması tələb olunur. Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanovun adından gələn məktubda bildirilir ki, yazılar silinmədiyi təqdirdə məhkəməyə müraciət ediləcək. Həmin yazılar digər saytlara istinadla və tərəflərin mövqeyi alınmaqla dərc olunub. Artıq Məhkəməyə də müraciət edilib. Səbail rayon Məhkəməsindən bildiriş gəlib ki, sabah saat 14:45-də işə baxılacaq".

Baş redaktor bu qərarı siyasi sifariş hesab edir: "Sayta xəbərdarlıq siyasi sifarişdir və mediaya qarşı hakimiyyət səviyyəsində aparılan repressiyanın davamıdır". 

Xəbərdarlıq məktubunda isə bildirilir ki, "www.arqument.az" internet informasiya ehtiyatında dərc olunan  "Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər”, "Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır”  başlıqlı məqalələrdə böhtan, yalan və qərəzli ifadələrə yol verilib. 

""Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu və 13-2.3.11-ci maddələrinə əsasən,  böhtan xarakteri daşıyan, yalan və qərəzli məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməlidir.

Bu səbəbdən, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-3-cü maddəsinə uyğun olaraq, 8 saat ərzində müvafiq məlumatlar "www.arqument.az” internet informasiya ehtiyatından götürülmədiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır", - deyə müraciətdə bildirilir. 

Baş redaktor isə bu iddia ilə razı olmadığını və məhkəməyə müraciət edəcəyini deyib.  

Azərbaycanda saytların bloklanmasına ötən il, 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb. Söhbət AzadlıqRadiosu, «Azadlıq» qəzeti, MeydanTV, TuranTV, və "Azərbaycan saatı" saytlarından gedir. Bir müddət öncə isə "bastainfo.com", avqustun 17-də isə 24saat.org saytı bloklanıb. 

Lalə İsgəndərli
Toplum.Tv