Nemət Pənahlı Avropa Məhkəməsinə üz tutur

Nemət Pənahlı Avropa Məhkəməsinə üz tutur

14-11-2018 17:26 / Bu xəbər 1673 dəfə oxundu

Noyabrın 12-də azadlığa çıxan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs qərarında şikayət vermək niyyətindədir.

Bu haqda "Turan" agentliyinə onun özü və vəkili danışıb.

Vəkilinin deməsinə görə, N.Pənahlının cəzası başa çatdığından azadlığa çıxıb: ​"Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarının müddəti başa çatıb. O, saxlanıldığı Nəsimi Rayon Polis İdarəsindən azadlığa buraxılıb".

N.Pənahlı barəsində verilmiş inzibati həbs cəzasını əsassız hesab edir. O deyib ki, yerli məhkəmə qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

N.Pənahlı oktyabrın 12-də saxlanmışdı. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə - polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilən N.Pənahlı 30 günlüyə inzibati qaydada həbs olunmuşdu.

Nemət Pənahlı 1988-ci ilin noyabr və dekabr aylarında (noyabrın 17-dən dekabrın 5-nə kimi) Bakının Azadlıq (ovaxtkı Lenin) meydanında keçirilən nümayişlərin əsas aparıcısı olub. Həmin nümayişlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ovaxtkı SSRİ rəhbərliyinin siyasəti sərt tənqid edilib.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. İttihamları isə qəbul etmir, bunu siyasi sifariş sayırdı. 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.