Nidaçı fəal niyə saxlanılıb? - Vəkildən və Hərəkatdan açıqlama

Nidaçı fəal niyə saxlanılıb? - Vəkildən və Hərəkatdan açıqlama

17-01-2017 17:28 / Bu xəbər 1202 dəfə oxundu

"Rahimin saxlanması onun feysbuk statusu ilə bağlıdır".

Bunu Toplum Tv-yə NİDA Vətəndaş Hərakatının İdarə heyyətinin üzvü Məsud Əsgər nidaçı fəal Rahim Vəliyevin saxlanılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, gənc fəal 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda Binəqədidə müvəqqəti saxlanılma təcridxanasındadır: "Dünən polislər Rahimi evinin önündən aparıblar. Haqqında 7 saat məlumat olmayıb. Sonra evlərinə axtarışa gələndə xəbərimiz olub ki, artıq polis tərəfindən tutulub. 18-ci Polis Bölməsində saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsi 535.1 maddəsinə əsasən ona 30 sutka həbs cəzası verib. Hazırda Binəqədidə müvəqqəti saxlanılma təcridxanasındadır".

Rahim Vəliyevin vəkili, Cavad Cavadov isə bildirib ki, hadisənin detalları hələ də bəlli deyil: "Hadisənin detallarını tam bilmirik, çünki hələ də özü ilə görüşə bilməmişik. Bu gün sadəcə, qərarı əldə etmişik. Formal olaraq polisin qanuni tələblərinə əməl etməməyə görə saxlanıldığı deyilir. Sənədlərdə də əməlini özünün etiraf etdiyi bildirilir. Valideynləri də hələ görüşməyib. Özü də Binəqədidə saxlanılır".
Qeyd edək ki, Rahim Vəliyev dünən səhər saat 11:00 radələrində marketə getmək üçün evdən çıxıb. 7 saat müddətində harada olması barədə heç bir məlumat olmayıb. Daha sonra evinə polis əməkdaşları gəlib və onun şəxsi kompüter və telefonunu götürüblər. 

Məlum olub ki, gənc fəal 18-ci Polis Bölməsində saxlanılır. Nərmanov Rayon Məhkəməsi 535.1 maddəsi ilə ona 30 sutka həbs cəzası verib. 

Dostlarının və vəkili hadisənin polisə müqavimətlə deyil, nidaçı fəalın fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Onun hazırda Binəqədi müvəqqəti təcridxanasında saxlanıldığı bildirilir. 

Gülzar N. Məmmədli