Nobel mükafatı Obamanı məhv etdi - Elmir Mirzoev

Nobel mükafatı Obamanı məhv etdi - Elmir Mirzoev

11-01-2017 19:48 / Bu xəbər 1735 dəfə oxundu

Elmir Mirzoev 

Obama qəribə prezident idi, rəhmət olsun. O seçiləndə bunu "Informasiya texnologiyalarının son nailiyyəti" adlandırmışdım. Çünki cəmi 40-50 il öncə irqçi bir ölkədə qara dərili insanın seçilməsi doğrudan da sanki "biz belə deyilik!" şüarına bənzəyirdi və təəssüf ki, onun əl-qulunu da məhz bu faktor bağladı. 

Obamaya seçilən kimi verilən Nobel Sülh mükafatı isə onun ümumiyyətlə bütün manevr imkanlarını məhv etdi, hələ öz vəzifəsinə əməlli-başlı keçməmiş bir adamın bunu bonus şəklində alması onun gələcək işlərində ağır çəki daşları oldu və missiyasını yerinə yetirməyə imlan vermədi. Çünki o "Yaxşı" olmalı idi, sanki lap doğuluşunda "yaxşı" olması boynuna qoyulan uşaqlar kimi. 

Bu titul boynuna qoyulmuş uşaqlar öz həyatlarını yaşamır, "yaxşı" oğlan və qızların həyatını yaşayır: əlaçı və əzbərçi olur, hər zaman cəmiyyətin rəğbətini qazanmalı və heç bir zaman heç bir çərçivədən çıxmamalı, dərsdən başqa hökmən rəsm, musiqi, idman, nə bilim şahmat, rəqs, min dənə ictiami faydalı işlə məşğul olmalıdır, nəinki avara-avara gəzmək, qaçdı-tutdu oynamaq, boşuna futbol qovmaq yaxud kefi istəyən başqa nəyisə etmək kimi. 

Putin hələ 2007-də Münhen nitqində nə düşündüyünü açıq demiş, 2008-də Gürcüstanın işğalından başlayıb işə keçmişdi, onu o dövrdə hansısa tövrlə cilovlamaq mümkün olardı, sadəcə, buna qətiyyət tələb edilirdi, amma bunu kimsə etmədi, eynilə Hitlerin 1936-da Rein demilitarizə edilmiş zonasına alman ordusunu yeritdiyi zaman hamının susduğu kimi. Halbuki hər iki halda zamanında, haman qətiyyətlə reaksiya verilsəydi, bəlkə də tarix başqa cür olardı. 

Obama lap sonuna kimi onun əl-qulunu bağlamış və hərəkət azadlığını almış bu "Sülh carçısı" kimi "prokrust çərçivəsi" içərisində doluxdu, çırpındı, nəsə etmək istədi, amma mümkün olmadı, yalnız lap son günlərində deyəsən artıq hər şeyə tüpürüb istədiyi kimi fəaliyyətə keçmişdi, amma çifayda, arxadan atılan daşla topuq kimi. Trump bu mənada çox-çox bəxtlidir, adam lap əvvəldən "lap beləyəm, elə də eliyərəm, sonra qaqaş, sözün?" obrazında aparırdı özünü, yəni oturuşmuş "ictimai rəğbət" mənasında işini sıfırın altında başlayır və bundan sonra hər nə olsa onun xeyrinə olacaq - belə görünür. 

Heç bir kəsin boynuna lap əvvəldən "o müstəsna adamdır", "o əla kişidir", "bu mələk kimi qadındır", "ondan olmaz" kimi epitetlər qoyulmasa, daha yaxşıdır, insanların öz həyatlarını yaşaya bilməsi üçün bu, çox vacibdir.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.