Novella Cəfəroğlu: ''Adımın siyahıda olmasına etiraz edirəm''

Novella Cəfəroğlu: ''Adımın siyahıda olmasına etiraz edirəm''

19-06-2018 17:03 / Bu xəbər 1381 dəfə oxundu

Hüquq müdafiəçiləri beynəlxalq təşkilata ünvanlanmış müraciətdən xəbərsizdilər?

İyunun 18-də bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsinin müraciəti  yayılıb. 

Müraciətin əsas xətti Avropa İttifaqı Şərq Tərəfdaşlığı Çərçivəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti Forumunun İcraiyyə Komitəsinin "Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə bəyanatı” ilə bağlıdır.

Mütaciətdə bəyanatın həqiqəti əks etdirmədiyi və birtərəfli informasiyaya əsaslandığı təəssüflə bildirilib:

"Azərbaycanda vətəndaşların qanunla qorunan söz, birləşmə, sərbəst toplaşma və digər azadlıqları vardır. Bu azadlıqların məhdudlaşdırılması halları mövcud deyildir. Bütün sivil dövlətlərdə olduğu kimi Azərbaycanda hər şey qanunla tənmzimlənir. Məlum olduğu kimi mayın 28-də Bakı şəhərində bir qrup şəxs ictimai davranış qaydalarının pozulması halları ilə müşahidə olunan yürüş keçirməyə cəhd göstərib. Bu aksiya tamamilə qanunsuz və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq məqsədilə təşkil olunub. Onlar qanuna uyğun olaraq müvafiq dövlət qurumu ilə razılaşdırmaqla bayram tədbirləri və digər aksiyalar keçirə bilərdilər. Əfsuslar ki, aksiyanın təşkilatçıları qanunun əleyhinə olan addımlar atmaq yolunu seçmişdilər”.

Müraciət müəllifləri hadisəyə siyasi don geyindirilməsini pisləyir və Azərbaycana təzyiq hesab edirlər. O cümlədən, beynəlxalq qurumlara Azərbaycanla bağlı məsələlərdə qanun çərçivəsində və ədalətli münasibət bəsləməkdə çağırış ediblər.

Müraciəti imzalayanlar sırasında hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Mirvari Qəhrəmanlının da adı qeyd olunub.

Ancaq Novella Cəfəroğlu Meydan TV-yə müraciəti imzalamadığını deyib:

"Necə ola bilər ki, mən həmin müraciətə imza qoyum? Axı 28 Mayda dinc yürüş keçirənlərin həbs olunmasının əleyhinə olmuşam və aksiyanı bayram tədbiri kimi dəstəkləmişəm. Ona görə adımın siyahıda olmasına etiraz edirəm, çünki heç nədən xəbərim yoxdur”.

O, Səidə Qocamanlanının Danimarkada, Mirvari Qəhrəmanlının Praqada olduğunu söyləyərək, onların da müraciətə imza atmalarının mümkünsüzlüyünü deyib.

Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova da QHT nümayəndələri adından yayılmış müraciəti pisləyib və anasının Praqada müalicə olunduğunu deyib.

Mirvari Qəhrəmanlı müraciət barədə "Facebook" səhifəsində belə yazıb: "Bəyanatın tam mətni ilə indi tanış oldum. Mətnlə qəti razı deyiləm. Sənədə isə ölkədə olmadığımdan təşkilatın nümayəndəsi qol çəksə də, təssüf ki, məsulliyyət yenə də mənim boynumadır. Üzürlü sayın". 

Mayın 28-də Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar Cümhuriyyət banilərinin şərəfinə Bakının mərkəzində, İstiqlaliyyət küçəsində qoyulan abidəni ziyarət təşkil olundu. Ancaq bayram gününün səhərisi, mayın 29-da aksiyanın təşkilatçılarından olan ReAL Partiyasının Məclis üzvü Azər Qasımlı, Elmir Həmzə və digərləri inzibati cəza aldılar.

Bundan sonra 100 vətəndaş cəmiyyəti fəalı daxili işlər naziri Ramil Usubova müraciət etdi.

Müraciətdə deyilirdi ki, 28 may, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə bir qrup vətəndaş cəmiyyəti təmsilçilərinin təşəbbüsü ilə Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı ilə İstiqlaliyyət abidəsi və ətrafında gəzintisi təşkil olunmuşdur:

"Bu gəzintidə iştirak edən bir neçə fəal, vətəndaş cəmiyyəti təmsilçisi son iki gündə inzibati qaydada həbs ediliblər. Onlar müxtəlif inzibati pozuntularda, xüsusi ilə də "ünvansız söyüş söymək”, "küçələri zibilləmək” kimi pozuntularda ittiham edilirlər. Həmin şəxslərin həbsi üçün rəsmi şəkildə qeyd olunan bəhanənin uydurma olduğuna, onların bayram tədbirində iştiraka görə cəzalandırıldığına heç bir şübhəmiz yoxdur. Cənab nazir, əgər 100 il bundan öncə, müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın yaranmasının 100-cü ilini bayram əhvalında qeyd etmək, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, demokratik cümhuriyyəti böyük çətinliklərlə qurmuş dahi şəxsləri hörmətlə anmaq inzibati pozuntudursa, biz də həmin üçrəngli bayrağımıza, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, cümhuriyyət dəyərlərinə sevgimizi və hörmətimizi ifadə edirik və hüquq pozuntusu sayılırsa, bizi də buna görə məsuliyyətə cəlb etməyinizi xahiş edirik”.