Novruz Məmmədov Baş nazir oldu

Novruz Məmmədov Baş nazir oldu

21-04-2018 14:02 / Bu xəbər 2931 dəfə oxundu

Baş nazirin 71 yaşı var

AZƏRTAC xəbər verir ki, aprelin 21-də Milli Məclisin iclası keçirilib. 

İclasda Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. 

Daha sonra Milli Məclis Novruz Məmmədovun Baş nazir olmasına razılıq verib. 

***

Azərbaycanın yeni Baş nazirinin Novruz Məmmədov olduğu deyilir. 

Bu barədə məlumatı deputat Zahid Orucov öz "Facebook” səhifəsində yayıb.

Aprelin 21-də Milli Məclus Baş nazirin təyin olunması üçün təcili toplanmışdı.

Aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Baş nazir Artir Rəs-Zadə də daxil olmaqla Nazirlər Kabineti istefaya gedib. Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür və həmin namizəd Milli Məclisə təqdim edilir.

Prezident həmin namizədi Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Novruz Məmmədov 1997-ci ildən Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri idi.

71 yaşlı Novruz Məmmədov Naxçıvan MR, Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1970-ci ildə Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsini bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif olunub.

O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə "Şərəf ordenlərin ilə təltif edilib.

Novruz Məmmədovun Azərbaycan, fransız, rus, ingilis və türk dillərini bildiyi deyilir.

Evlidir. Üç övladı və nəvələri var.