O, əlaçıdır

O, əlaçıdır

24-02-2017 00:50 / Bu xəbər 3014 dəfə oxundu

"Elçibəy hər zaman dostum deyib, bu mənim üçün çox böyük qiymətdir”

55 yaşı tamam oldu. Doğum günün necə keçirdiyini həm görmək, həm də reportaj hazırlamaq üçün düz on gün öncə onunla internet vasitəsiylə əlaqə saxladıq. Ad günü, yubiley keçirməyəcəyini dedi. Başqanlıqdan gedəcəyi fikrində israrlı olduğu qədər bu məsələdə də qəti idi. Ancaq biz də silahı yerə atıb, təslim olmadıq. Fikrimizdə qaldıq. Düz on günün tamamında bir daha narahat edib, niyyətimizi bildirdik. O öz mövqeyində qaldı, biz də israrımızda. Sanki hər iki tərəf tabe olmamaq üçün mübarizə aparırdı. İlin 364 günü evində qonaq ola biləcəyini söylədi. Ancaq bizə məhz bir gün, 365-ci gün gərək idi. Evinə getmədik, otağında görüşdük. Jurnalistlər başına toplayıb ürəklərdə qalan bütün suallara cavab verməyə hazır idi. Hamı hər kəsə bəlli olan və olmayan sualları ünvanladı. O da şövqlə hamısını cavablandırdı. Bizim suallarımız ayrı olduğu üçün heç bir sual ünvanlamadıq. Çünki siyasətdən deyildi, onun həyatına kiçik baxışdan ibarət idi. Media nümayəndələrini yola salandan sonra bu dəfə virtual yox, reallıqda istəyimizi ona dedik. Cəmi 30 dəqiqə vaxtını bizə sərf etməsini xahiş etdik. "15 dəqiqə” - cavabı belə oldu. "15 dəqiqə, Allah xeyir versin” deyib, sözümüzə başladıq.

Eyni sual eyni cavab...

Yəqin ki, söhbətin kimdən getdiyini bildiniz - tarixçi, Ali Sovetin sabiq sədri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (1992-ci il may-iyun aylarında) və ən əsası Müsavat partiyasının başqanı 55 yaşlı İsa Qəmbərdən.

Orta məktəbi əla oxuyub - 5-lə. Hər gün dərsdən ən azı bir 5-lə qayıdarmış. İndi isə iki 5-i var. Biri dərsindən aldığı qiymət, o biri isə həyatdan. Onun üçün iki 5 bir gözəl rəqəmin bir-birinin yanında durmasıdır.

Allahın ona bəxş etdiyi ömrü yaşayır: "Çalışırıq xalqımıza, millətimizə, insanımıza xidmət edək. Bu günə kimi nə bacarmışıq etmişik, bundan sonra da problemlərin həlli üçün əlimizdən gələni edəcəyik”.

İndi İsa Qəmbərlə görüşüb müsahibə alan elə bir jurnalist tapılmaz ki, ona başqanlıqla bağlı sual verməsin. Hər dəfə eyni cavabı - "mən başqanlıqdan gedəcəm” yaxud "fikrimdə qalıram” desə də, sualların forması dəyişir, məzmunu yox. O insanlardan yeni, orijinal fikirlər, şərhlər eşitməkdə maraqlıdır.

Uşaqlıq xatirələri

Düzü, İsa bəylə uşaqlıq illərindən söhbət etmədik. İndini araşdırdıq. Sadəcə kiçik bir detal axtarış sistemində gözümüzü deşdi.

"Uşaq vaxtı hamı xəyallar aləmində yaşayır. Düşünürsən ki, niyə sən Peledən daha yaxşı futbolçu olmayasan, göyə Qaqarinin yerinə özün uçmayasan, kosmosa uçan ilk azərbaycanlı sən olmayasan? Dünyanın ən böyük futbolçusu olmaq, Qaqarin kimi göyə uçan ilk azərbaycanlı olmaq istəmişəm”.

Uşaq vaxtı böyüklərdən incimişdi. Hansısa azadlığını məhdudlaşdırmışdı. Onda onun 6 yaşı vardı. İki yaş kiçik qardaşı ilə müzakirə edib qərara gəlirlər ki, 50 yaşdan böyük insanlar dünyanı başa düşmədikləri üçün onları o biri dünyaya göndərmək lazımdır: "Qəribə uşaq ideyası idi. Ancaq bu bir daha sübut edir ki, uşaqların xətrinə dəymək olmaz”.

Rəsulzadə, Elçibəy...

Siyasət adamları yüzlərlə, minlərlə insanın kumiri olur. Bu birmənalı və qəbulediləndir. Ancaq yüzlərlə, minlərlə insanın sevimlisi olan bir şəxsin özünə seçdiyi kumir bəzən cəmiyyətdə xoş auralı qarşılanmır. Ancaq bunu İsa Qəmbər haqda demək olmaz. Düzdür, o kumir sözünü qəbul etmir. Sadəcə Məhəmməd Əmin Rəsulzadənin gerçək olduğunu anlayır: "Rəsulzadə fenomenal bir şəxsiyyət olub. Onun həyatını öyrəndikdə, yazılarını oxuduqda Azərbaycanın belə bir insana malik olması yalnız və yalnız baş ucalığı gətirir”.

O fəxr edir ki, başqanı olduğu partiyanın qurucusu Rəsulzadədir.

İsa Qəmbər təkcə bunun üçün xoşbəxt deyil. O eyni zamanda Elçibəylə birgə olduğu üçün də xoşbəxtdir. Onu özünə lider hesab edir. Elçibəy isə İsa Qəmbəri özünə dost sayıb. Bu fakt onun üçün qürur mənbəyidir. 

İsa bəy Elçibəy barədə danışdıqca gözümüzü otağındakı şəkillərə dikirik. Çoxlu rəsmlər var, ancaq ikisi - Rəsulzadə və Elçibəyin portret və şəkilləri xüsusi zövqlə işlənib, başqalarından seçilir. Bəlkə də bilməyərəkdəndi, bəlkə də...

Elçibəylə ilk tanışlığı barədə söz açır: "Elçibəy Azərbaycanı həddindən artıq sevən, vətən uğrunda hər şeyini, həyatını fəda etməyə hazır olan ziyalı idi. Onu bu cür tanımışam. Bu tanışlıq sonradan ciddi bir dostluq müstəvisinə keçdi. 1988-89-cu illərdə Milli Azadlıq Hərəkatı başlayanda isə hamımız Elçibəyi lider kimi qəbul etdik. O, Hər zaman da bizə lider olaraq qalacaq. Elçibəy hər zaman mənə dostum deyib. Bu mənim üçün çox böyük qiymətdir”.

Ən böyük arzusu...

Uzun illər haqqının tapdanması, xalqdan qazandığı mandatların oğurlanması, mənsub olduğu düşərgəyə qarşı repressiv aparatın işə düşməsi və ən nəhayət eşitmədiyimiz məhrumiyyətlər, iztirablar, şər kampaniyaları İsa Qəmbərin illərdir taxdığı eynəkdən görünən gözlərindən açıq-aydın sezilir...

55-i yubiley hesab eləmir. Onun üçün sıradan bir gündür. Düşünür ki, yubiley 50, 60, 70... və sonu sıfırla bitən tarixlərdir.

Söhbətimizin sonunda ən böyük arzusunun nə olduğunu soruşuruq. Cavabı qısa oldu: "Azərbaycanı xoşbəxt görmək, torpaqlarımızın işğaldan azad etmək, hər bir vətəndaşın firavan, hüquqi bir dövlətdə yaşamasıdır”. Arzusunu bitirəndən sonra "Dostlarla inşallah bunu edəcəyik” deyir.

Son söz əvəzi

O, bizə 15 dəqiqə vaxt ayırmışdı. Bizim isə söhbətimiz 9 dəqiqə 15 saniyə oldu. Yəni, 555 saniyə. Bunu isə 5555 işarəlik yazıya sığışdırdıq. 

"Gələcəyə inanmayanlar keçmişdə qalacaqlar”, - deyən İsa bəy, doğum gününüz qutlu olsun...

Ramin DEKO
Azadlıq qəzeti
24.02.2012