"Oğlumu YAP sədrinin maşını ilə vurub öldürdülər"

17-01-2017 16:26 / Bu xəbər 2596 dəfə oxundu

Baki şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyev "AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. 

Cəmşid İrzaquliyevin oğlu Tariyel Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon Təşkilatının sədri Manaf Manafovun xidməti avtomobili ilə vurularaq, həyatını itirib. Ancaq ortada ölüm faktının olmasına baxmayaraq, hadisədən keçən 4 ay ərzində heç kim həbs edilməyib. Gözü yaşlı ata da Prezidentdən oğlunun ölümünə səbəb olanların cəzalandırılması üçün kömək istəyir. Onun müraciətini qısa ixtisarla dərc edirik:
9-12
"Cənab Prezident! Aşağıda qeyd olunan cinayət hadisəsinin baş verdiyi tarixdən artıq 4 aylıq bir zaman keçib. Təəssüf ki, bunca zaman ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyatı orqanlara etdiyim müraciətlərin bir nəticəsi olmadı. Demək olar ki, məsələnin bu şəkildə, yəni mətbuat vasitəsi ilə diqqətinizə çatdırmağa məcbur edildik.

Belə ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrində fotosunu gördüyünüz oğlum Tariyel İrzaquliyev Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun (özüdə maşında olmaqla) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq (bu gün də bizdə şübhə var ki, sükan arxasında o özü olmuşdur) həyatına son qoyulmuş, ailəsi azyaşlı övladı ilə başsız qalmışdır.

Diqqətinizə çatdırıram ki, biz Tariyeli yaşatmaq üçün ailə olaraq çox məşəqqətlərdən keçmiş, on il öncə İranda ona böyrək çatışmazlığından böyrək köçürtdürmüş (07.10.2006), həyatda qalması üçün on il İranın yollarında bütün maddiyatımızdan və canımızdan belə keçmişik. Lakin bizi ən çox ağrıdan isə həyatda qalması üçün özünün çəkdiyi onca acı və məhrumiyyətlərin bir nadanın müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu.

Hadisəni törədənlər, başda Manaf Manafov olmaqla, maşını saxlamamış, hadisəni törətdikləri sürətlə sürüb getmişlər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan bir hərəkətlə oradan uzaqlaşmışlar.
manaf
Bunu görən hadisə yerinin yaxınlığındakı 981 saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkənda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq adamların – Manafın maşınında olanların qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsi, əksinə, kənardan gedişatı müşahidə etmələri onun nə qədər mənəviyyatsız biri olmasını göstərmişdir.

Cənab Prezident, ilkin istintaqın Pirallahı rayon Polis Şöbəsinin Baş müstəntiqi Namiq Mirzəbəyli tərəfindən birtərəfli qaydada aparılması səbəbindən Sizə və aidiyyatı orqanlara etdiyimiz çoxsaylı müraciətlərdən sonra, iş alınıb 14.10.2016-cı il tarixdə DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Nəqliyyat şöbəsində icraata verilmişdir. Təəssüf ki, işin həmin şöbədə olmasından da artıq 2 ay yarım keçməsinə baxmayaraq, bu günə kimi əsl cinayətkarın üzə çıxarılması yönündə heç bir əməli tədbir görülməmişdir. Şöbə bunca zaman ərzində sadəcə qovluğa əhəmiyyətsiz kağızlar doldurmaqla məşğul olmuşdur. Hətta bu günə kimi maşında olub, şübhəli bilinənlərdən heç biri haqqında ilkin həbs qəti imkan tədbiri seçilməmişdir. Bu da hələ həmin şöbənin müdiri Vüqar Əhədovun özünün dediyi kimi, guya DİN və Baş Prokurorun nəzarətində olan işdir ki, onun da Vüqar Əhədov tərəfindən ciddiyə alınmaması göz qabağındadır.

Bizi ən çox narahat edən digər məsələ hadisədən 4 aydan artıq bir zaman keçməsinə baxmayaraq, insanlıq və humanistlik hisslərindən uzaq olan Manaf Manafov haqqında YAP Mərkəzi Aparatına və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova indiyə kimi etdiyimiz müraciətlərə baxılmaması, onun haqqında heç bir tədbir görülməməsidir. Rayon sakinlərindən verilən məlumatlara görə, işlədiyi yerlərdə (həmçinin də Nizami rayonunda) YAP adından müxtəlif xoşagəlməz əməllərlə məşğul olan bu zat, bütün bu olanlardan sonra da YAP rayon təşkilatının sədrliyində qalmaqda davam edir.
20130717_S4200076
Təbii ki, buna havadarlıq edən də Başçı Vasif İmanovdur. Təəssüf ki, Sizin bütün çıxışlarınızda zaman-zaman ifadə etdiyiniz "məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmamışdır. Diqqətə alınsa idi, maşında olanlar bu günə kimi Vasif İmanov tərəfindən qorunaraq vəzifələrində saxlanılmazdılar.

Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla, icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı- yəni 06.09.2016-cı il tarixdə həmin Rayonun İcra başçısı Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli Polis və Prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı icra başçısı cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr irəli sürməklə məşğul oldu. Sanki, bir gəncin taleyi müzakirə mövzusu deyildi. O, bu hadisənin yuxarılara çatdırılmamasını məsləhət görür, guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı yalnız maddiyyatda görən mənəviyyatsızlar!) özü də daxil omaqla, hadisəni törədənlərə tövsiyyə edirdi.
Vasif_İmanov
Vasif İmanovun öz iş otağında qurduğu "məhkəmə”də hadisə zamanı maşında olanlardan Niftəliyev Həsəni sorğularkən (bu da icra hakimiyyətinin işçisidir və bu gün də vəzifəsində saxlanılır), onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eybəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında bizim şübhələrimizi daha da artırmış oldu.

Cənab Prezident, vəzifəsindən asılı olmayaraq, tutduğu bu cür qeyri-insani və mənəviyyatsız mövqeyə görə Manaf Manafovun Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın yerli təşkilatının başında olması böyük utancdır və yerli təşkilatda olan ləyaqətli insanlara bir hörmətsizlikdir .
20141122_IMG_2438_1
Sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri-insani və qudurğan hərəkətlərinin nəzərə alınıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə baxılması və bu hadisədə əsl cinayətkarın üzə çıxarılması işinin sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”.

Qeyd edək ki, "AzPolitika.info”ya Manaf Manafova yaxın mənbədən daxil olan məlumata görə, Tariyel İrzaquliyev vurularkən, sükan arxasında Manaf Manafovun olduğu sübut olunub. İstintaqçılar çox asanlıqla dəqiqləşdiriblər ki, sükan arxasında M.Manafov olub, lakin hadisədən dərhal sonra o, öz sürücüsünü (Baxşıyev Bağış) hadisə yerinə çağıraraq, məsuliyyəti öz üzərinə götürməsini tapşırıb. Lakin bu zaman çox mühüm bir məqam unudulub. İstintaqçılar mobil operatorlar vasitəsilə çox asanlıqla dəqiqləşdiriblər ki, hadisə baş verən dəqiqələrdə məsuliyyəti öz üzərinə götürən sürücü başqa məkanda olub. Bununla belə, atanın müraciətindən də göründüyü kimi, nədənsə istintaq obyektiv mövqe tuta bilməyib.  

P.S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Hadisəni diqqətdə saxlayacağıq.
SV1

 SV2
DİN məktub-1