Polşada Azərbaycanla bağlı "cib kitabı” – Nəyi etmək olmaz?

Polşada Azərbaycanla bağlı

01-02-2018 17:30 / Bu xəbər 2972 dəfə oxundu

Cənubi Qafqazın üç ölkəsindən bəhs edən kitabın Azərbaycanla bağlı bölməsindən seçmələri təqdim edirik: 

Bu yaxınlarda əlimə Qafqaza səfər edən polyaklar üçün nəzərdə tutulan cib kitabı düşdü. 

Polyak dilində yazılmış kitabçada Cənubi Qafqazın üç ölkəsinin əsas mədəni və coğrafi əlamətləri, tarixi, görməli yerləri və mətbəxi izah olunur. Bundan əlavə, ölkələrdə olan siyasi və dini vəziyyət də gözdən keçirilir. 

Azərbaycan haqda olan hissə diqqətimi çəkdi. Məsələn, kitabda deyilir ki, Azərbaycanda yaşlılara hörmət etmək adəti var, onlara yer verilir və ünsiyyət zamanı hörmət əlamətləri göstərilir. 

Adətlərdən o da qeyd olunur ki, qadınlara nəqliyyatda yer verilir və ağır yükləri olduğu zaman daşımağa yardım edilir: "Qadınların, xüsusən də regionlarda, çayxanalara getmək adəti yoxdur. Bu, kişilərə xas adətdir. Kişilər bir-birləri ilə görüşəndə yanaqlarını toqquşdurub, öpüşürlər, ancaq kişi və qadın arasında olan münasibətlər üçün bu adət vacib hesab olunmur”. 

Kitabçada deyilir ki, qonaq gedəndə hədiyyə aparmaq yaxşı haldır: "Gül, şirniyyat və ya ölkənizdən kiçik hədiyyə ola bilər. Ancaq içki aparmaq yaxşı deyil”. 

Polyaklara Azərbaycan nə etmək olmaz?

Ölkənin siyasi durumu haqda bəhs edilən hissədə isə deyilir ki, cəmiyyətdə ən çox tabulanmış mövzu siyasətdir: "Ölkəni idarə edən Əliyevlər dinastiyası haqqında tənqidi danışmaq həbs ilə cəzalandırılır (xarici vətəndaşlar isə deport edilir)”. 

Digər məsələhət görülməyən hərəkətlər isə bunlardır:

1) İctimai yerlərdə səsinizi yüksəltmək – bu, kobudluq hesab olunur,
2) Burnunuzu kimsə yemək yeyəndə silmək,
3) Barmaqla kimi isə göstərmək,
4) Ayaq dabanının görünən formaya salan tərzdə ayağı uzatmaq,
5) Dost-tanışla ünsiyyət zamanı saqqız çeynəmək,
6) Hisslərin açıq formada nümayişi (cavanlar buna yaxşı baxmır).
7) Çox gülmək. "Gülüş Azərbaycan mədəniyyətində birmənalı qarşılanmır. Tanımadığınız insana ictimai yerdə baxaraq gülümsəmək sizin əqliniz haqqında şübhə doğura bilər”. 

Dini vəziyyət haqqında olan hissədə qeyd edilir ki, əhalinin 95 faizi müsəlman olan Azərbaycan dünyəvi dövlətdir və bu Konstitusiyada bərkidilib. Əlavə edilir ki, ölkədə 250 nəfərə yaxın katolik var və ölkədə Qafqaz Albaniyası dövründən qalmış qədim kilsələrə rast gəlmək olar. 
 
Polyaklar ilk dəfə Azərbaycanda... 

Kitabın bu hissəsində bildirilir ki, bu ərazilərə polyaklar ilk dəfə XI əsrdə gəliblər. XV əsrdə isə Polşa və Azərbaycan arasında rəsmi əlaqələr qurulub. 

"19-cu əsrdə Çar ordusunda xidmət edən polyak həbrçilər bu ərazilərə gəlirlər, həm də Polşada Rusiya əleyhinə üsyanlarda iştirak etmiş fəallar Azərbaycana sürgün edilirdilər. Bura sürgün edilmiş polyak yazıçılar yerli realiyalar haqda əsərlərində qeydlər aparmışdılar. Peterburqda olan Adam Mitskeviç (məşhur polyak şairi) Mirzə Cəfər Topçubaşovdan fars dili dərsləri almışdır”. 

Buna əlavə olaraq qeyd edim ki, 1848-ci ildə Qusara sürgün edilmiş polyak şair, 23 yaşlı Vinsent Gideon Giedroyts yazırdı ki, bura gələn kimi polyaklar onu qarşılamağa çıxmışdılar və bu ona çox müsbət təsir etmişdi. 

20 əsrin əvvələrində isə Bakıda, Gəncədə, Şamaxıda və Şəkidə polyak memarlar binalar tikirdilər. 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 1897-ci ildə Azərbaycanda 2 minə yaxın polyak əsasən memarlıq və mühəndislik sahələrində, o cümlədən neft sahəsində fəaliyyət göstərirdi. Memar İosif Qoslavski Səadət sarayı, H.Z.Tağıyevin sarayı kimi binaların proyektini vermişdi. 

Hətta iki polyak məktəbi də var idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda yaşayan polyaklara siyasi hüquqlar verilmişdir və Milli azlıqlar fraksiyasına bir polyak millət vəkili Stanislav Vonsoviç daxil olmuşdu. O, Bakıda yaşayan polyakları təmsil edirdi. Daha sonralar Rusiyada yaşasa da, 1937-ci ildə o, repressiyalar nəticəsində güllələnib. 

Sovet Azərbaycanının qurulmasından sonra onların böyük hissəsi ölkəni tərk etsə də, ailələri ilə burada olan və ya Azərbaycanda ailə qurmuş polyaklar ölkədə qaldılar. Bundan əlavə, Stalinin dövründə Bakıda polyak kilsəsi dağıdılsa da, Qusar rayonunda polyak kilsəsi hələ də qalıb. 

Polyak antropoloq: "Şəki halvasını və Naxçıvanın qoz mürəbbəsini çox sevirəm”

Qafqazşünaslıq ixtisası üzrə Varşa Universitetində təhsil almış və hazırda mədəni antropologiya üzrə təhsilini davam etdirən Klaudia Koşiçinska (Klaudia Kosicińska) Azərbaycana üç dəfə gəlib və yeni səfər planlayır. Səbəbini soruşanda deyir ki, ona həm Bakı, həm də regionlar maraqlıdır:

Klaudia Koşiçinska

"Qobustan, Sumqayıt, Şəki, Gəncə, Zaqatala... Azərbaycanda yerləşən və hələ görmədiyim çox region var. Mən tək səyahət etməyi sevirəm, xüsusən də elə yerlərə ki, onun haqda "orada maraqlı heç nə yoxdur” deyirlər, ancaq gedəndə bir adam rastına çıxır, bir bina və ya ağac haqda elə bir hekayə danışır ki, burdan yaxşı yerin olmadığını anlayırsan. Azərbaycanda mən dilin melodiyasını, ənənəvi musiqini və caz muğamı sevirəm. Ən maraqlı gələn də odur ki, bu ölkədə həqiqətən müxtəlif dinlər bir yerdə yaşayır, ölkə boyu məscidlər, kilsələr, monastırlar, sinaqoqlara rast gəlmək olur. Həm də çay mədəniyyətinizi, özünə məxsus memarlıq nümanələrinizi və burada rastıma çıxan köhnə nəşrləri çox bəyənirəm. Azərbaycanlıların Şəki halvasına olan məhəbbətinə mən də qoşuluram, Naxçıvan mətbəxinə aid qoz mürəbbəsini də çox sevirəm. Azərbaycandan olan və bu ölkə haqqında təsəvvürlərimi genişləndirməyə kömək edən bütün dostlarımı da o cümlədən!”  

Bəhruz Səmədov
Toplum.Tv