Prezident Administrasiyasına ən çox şikayət edilən rayonların siyahısı açıqlandı

Prezident Administrasiyasına ən çox şikayət edilən rayonların siyahısı açıqlandı

08-02-2019 13:53 / Bu xəbər 1543 dəfə oxundu

"2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artıb”.

"Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.

Şöbə müdiri qeyd edib ki, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı isə azalıb: "Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur”.

S.İsmayılov bildirib ki, 2018-ci ildə "President.az” saytının "Qəbula yazılmaq” bölməsi vasitəsilə Qəbul otağının kompüter bazasına daxil olmuş 2 minə yaxın müraciətin müəllifinə izahat verilib, bir çoxu isə müvafiq qaydada qeydiyyata alınaraq qəbulda iştirak edib: "Qəbul otağına ən çox Bakı şəhərinin rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonların sakinləri müraciət ediblər. Vətəndaşlar Qəbul otağına daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti, xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər barədə müraciət ediblər”.

Onun sözlərinə görə, dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.