"Prezidenti inandırdılar ki, yağın qiymətini azalda bilərik" - Deputat kimləri hədəfə aldı?

22-11-2017 01:16 / Bu xəbər 2122 dəfə oxundu

"Azərbaycanda qiymət siyasəti yoxdur. İqtisadiyyat Nazirliyinin müəyyən departamenti tərəfindən müəyyən işlər görülür. Qurum qiymətlərin müəyyən mənada sabitləşdirilməsinə çalışır. Amma nəticə yoxdur. Qiymətlərin qalxmasının səbəbi nədir? Neftin qiymətini büdcədə 45 dollardan götürmüşük. Bu il ərzində neftin qiyməti orta hesabla 50-55 dollar olub. Bundan başqa, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo var. Bəs niyə qiymətlər dəyişmir? İnflyasiyanın səviyyəsi 13-14 faizdir”.

Meydan.Tv xəbər verir ki, bunu noyabrın 21-də Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, qiymətlərin sürətlə dəyişməsinin müəyyən bazası olmalıdır:

"Elman müəllim deyir ki, xaricdən inflyasiya idxal edirik. Yaxşı, bəs daxildə bu inflyasiyanı Azərbaycana kim idxal edir? Yağın qiyməti ilə əlaqədar cənab prezidenti guya inandırdılar ki, gömrük rüsumunu azaltmaqla yağın qiymətini azalda bilərik. Hanı bəs yağın qiyməti aşağı düşdü? Mən dünən uşaqlarımı göndərmişəm gedib marketdə baxıblar, yenə eyni qiymətdir. Yağın qiyməti yenə 18,20,24 manat arasında dəyişir. Mən yağı misal göstərməklə bir məhsulun qiymətini misal göstərdim. Amma hamısında eyni vəziyyətdir. Hətta hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdır. Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur? Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlı deyil”.

Qeyd edək ki, Azərbaycanda yağın əsas idxalçısı kimi "Trans-Broker" MMC-nin rəhbəri, fövqəlada hallar naziri Kəmaləddin Heydərova yaxın şəxslərdən sayılan Əbülfəz Məlikovun adı çəkilir. 

Əbülfəz Məlikovun deputat Nəriman Əliyevlə də ciddi münasibətlərinin və ortaq maraqlarının olduğu iddia edilir. 

Məlikov uzun müddət gömrükdə broker sisteminə də rəhbərlik edib və ölkədə böyük inhisarçılardan sayılır. Hazırda yağın və bir çox yeyinti məhsullarının onun monopoliyasında olduğu deyilir. 

Haqqında yayılan məlumatlara isə sözügedən şəxs heç bir münasibət bildirməyib. 

Arqument.Az