"Problemli kreditlərlə bağlı məsələ 2019-cu ildə həll edilməlidir" - İqtisadçı

20-02-2019 18:32 / Bu xəbər 1285 dəfə oxundu

"Problemli kredit məsələsini hökumət 2015-2016-cı illər ərzində mütləq həll etməli idi”. 

Bunu iqtisadçı ekspert Rövşən Ağayev "Facebook" hesabında yazıb.

O bildirib ki, son günlər problemli kreditlərlə bağlı mövzu yenidən aktuallaşıb. 

Ekspert hesab edir ki, bu problemlər devalvasiyadan sonra yaranıb və 2019-cu ildə həlli vacibdir: "Nə ev təsərrüfatlarının, nə də biznesin günahı olmadan məhz devalvasiya qərarını hökumət vermişdi. Və məhz bu qərar nəticəsində xarici valyutada borcu olan subyektlərin maliyyə institutları qarşısınıda borcları milli valuta ifadəsində kəskin şəkildə artmışdır. Sonrakı mərhələdə bəzi banklar borcları restruktrizaya etməklə (məsələn, güzəşt mexanizmləri əsasında ortaq razılaşdırılmış məzənnə ilə, borcun vaxtını uzatmaqla) həmin borcları xeyli azaltdı. Amma vətəndaşdan borcunu məhkəmə qaydasında, girovunu satışa yönəltməklə alanlar da oldu. İndi 2019-cu ildə də bu problem qalır və həlli vacibdir. Amma bu məsələdə ehtiyatlı olmaqda fayda var".

Rövşən Ağayev deyir ki, problemin həlli üçün 4 məsələ göz önündə tutulmalıdır:

"1) Məhz o borcların qaytarılmasına dövlət dəstək verməlidir ki, məhz devalvasiya nəticəsində xarici valyutada olan borclara görə izafi öhdəlik yaranıb; 
2) Hökumətin dəstəyi ilk növbədə ev təsərrüfatlarının, mikro və kiçik sahibkarların borclarına münasibətdə tətbiq edilməlidir; 
3) İri sahibkarlara, xüsusilə holdinqlərə bağlı şirkətlərə münasibətdə bu dəstəkdən mümkün qədər qaçmaq lazımdır. Əks halda məsuliyyətsiz idarəetmə nəticəsində havaya sovrulmuş kreditlərə görə kimlərsə göydəndüşmə büdcə güzəşti qazanmış olacaq; 
4) İndiyə qədər problemli borclarını ən müxətlif yollarla ödəyə bilmiş ev təsərrüfatlarına da geriödəmə formasında kompensasiya olmalıdır. Əks halda, məsələn, əmlakını sataraq, yaxud yaxınlarından borclanaraq bu problemi həll etmiş insanlara qarşı bu ədalətsizlik olar". 

2015-ci il fevralın 21-i Mərkəzi Bank Azərbaycan milli valyutanın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan edib. Bundan sonra manat bir neçə dəfə devalvasiyaya məruz qalıb. 

2018-ci ildə Respublikaçı Alternativ Partiyası problemli kreditlərlə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Belə ki, partiya 40 min imza toplayaraq, Milli Məclisə təqdim edəcəyini bəyan edib. 

Nərgiz Absalamova
Toplum.Tv