Putin seçkinin qalibi elan olundu

Putin seçkinin qalibi elan olundu

23-03-2018 16:18 / Bu xəbər 2326 dəfə oxundu

Martın 23-də Rusiyanın Mərkəzi Seçki Komissiyası indiki prezident Vladimir Putini martın 18-də keçirilmiş prezident seçkisinin qalibi elan edib. 

Onun səslərin 76,69 faizini topladığı bildirilib.

Beynəlxalq müşahidəçilər isə bu səsvermənin seçicilərə real seçim təklif etmədiyini, ölkəni uzun müddətdən bəri idarə edən şəxsin media və hakimiyyətin müxtəlif səviyyələri üzərində dominantlıq etdiyini vurğulamışdı.

Putin seçicilərə "misli görünməmiş dəstəyə” görə təşəkkür edib, ölkəni siyasi ziddiyyətləri bir kənara qoymağa çağırıb.

Putin televiziya çıxışında ümidlə bağlı qarışıq mesajlar verib, deyib ki, hökumət rusiyalıların həyatını yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. Amma onu da əlavə edib ki, ölkənin və xalqın üzləşdiyi problemlər dərhal həll oluna bilməz.

O, Kremlin tənqidi alqışladığını desə də, "tarixi problem”i üstələmək üçün ölkənin birliyə ehtiyacı olduğunu söyləyib.

"Rəqabətin əsasında indiki hakimiyyətin tənqidinin durduğunu anlayıram, bütün tərəflərdən, həmişə tənqid gəlir. Bəli, tənqid, arqumentlər, müzakirələr lazımlıdır, amma məsuliyyətsiz populizmə yer yoxdur”, – Putin vurğulayıb.

Prezidentin əsas opponentlərindən olan Aleksei Navalny seçkiyə buraxılmayıb, ona qarşı maliyyə cinayətləriylə bağlı məhkumluq olduğu əsas gətirilib. 

Müxalifətçi isə bu işlərin saxtalaşdırıldığını deyir.///azadliq.org