''Qarabağ Komitəsi''nə yenə də "yox" dedilər

''Qarabağ Komitəsi''nə yenə də

11-12-2018 03:08 / Bu xəbər 1103 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti "Qarabağ Komitəsi”nin 15 dekabrda keçirmək istədiyi mitinqə icazə verməyib.

İcra hakimiyyəti cavab məktubunda bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar prezident İlham Əliyev ölkə daxilində və beynəlxaq miqyasda ciddi iş aparır:

"Bu istiqamətdə danışıqlar şəffaf aparılır, keçirilən bütün tədbirlərdə məsələlər KİV-də işıqlandırılır. Bunları nəzərə alaraq 15 dekabrda planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun saymırıq”.

"Qarabağ Komitəsi”nin təmsilçisi Pənah Hüseyn Meydan TV-yə deyib ki, icra hakimiyyətinin cavabı əvvəlki məktubun surətidir, əsaslandırmağa yeni arqumentləri yoxdur, vəssalam.

Pənah Hüseyn dekabrın 11-də komitənin iclasında icra hakimiyyətinin məktubunu müzakirə edib, qərar qəbul ediləcəyini söyləyib.

"Qarabağ Komitəsi” ilk mitinqini sentyabrın 29-da keçirib.

Sonradan komitə noyabrın 24-də yeni mitinq keçirmək istəsə də, Bakı Şəhər İcra Hakimiyyəti buna razılıq verməmişdi.