QMİ: Hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edirik

QMİ: Hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edirik

11-07-2018 17:53 / Bu xəbər 1681 dəfə oxundu

''Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından sui-istifadə olunması qətiyyən yolverilməzdir''

"Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncədə baş verən hadisələrlə bağlı bəyanatında belə deyilir.

QMİ hesab edir ki, bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar:

"Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir. Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur”.

Bəyanatda daha sonra deyilir:

"Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin, məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə ciddi hüquqi qiymət veriləcək”.