Qoruq İdarəsi Qala divarları ilə bağlı açıqlama verdi

Qoruq İdarəsi Qala divarları ilə bağlı açıqlama verdi

25-04-2019 15:47 / Bu xəbər 1207 dəfə oxundu

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) son vaxtlar bəzi media və sosial şəbəkələrdə qala divarlarının bir hissəsinin sökülməsi, orada restoranlar tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

"Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan metal dayaqlar abidədən 1.5 metr aralı quraşdırılıb", - qurumun açıqlamasında qeyd edilir.

Verilən məlumata görə, həmin ərazidə restoranlar əvvəlcədən mövcud olub: "Bu layihədə məqsəd onları yeniləmək, daha yüksəkkeyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub".

Açıqlamada sosial şəbəkələrdə yayılan bəzi şəkillərin əvvəlki illərdə çəkildiyi qeyd olunur. İdarə bildirir ki, məhz onlar Qala divarlarının bir hissəsini son illərdə bərpa edib və onların dayanıqlığı möhkəmləndirilib: İçərişəhər canlı bir orqanizmdir. Burada 3 minə yaxın insan yaşayır. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmayıb, əksinə özünün coşqun həyatı ilə milyonlarla insanı özünə cəlb edir. Odur ki, onun ərazisində istər sakinlərin iş fəaliyyəti ilə məşğul olması, istərsə də xarici qonaqların istirahəti üçün ictimai iaşə obyektlərinin olması faydalı və əhəmiyyətlidir".

 

Xatırlatma
 
Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə belə məlumatlar yayılıb ki, İçərişəhərdə qala divarlarının bir hissəsi sökülüb, orada kafe və restoranlar inşa edilir.

Hətta belə məlumatlarla bağlı bəzi deputat və müxalifət təmsilçiləri də narahatlıqlarını ifadə etmişdilər.