REAL-çı gənc azadlıqda

REAL-çı gənc azadlıqda

23-03-2017 00:36 / Bu xəbər 1537 dəfə oxundu

"Respublikaçı Alternativ" hərəkatının fəalı, fevralın 20-də inzibati qaydada həbs olunan Rahim Şalıyev bu gün, martın 22-si azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosu-na onun özü məlumat verib. Gənc fəal səhhətində, hələ də ağrılar olduğunu söyləyib:

"Hazırda evdəyəm. Hər şey qaydasındadır. Başımda ağrılar qalır. Yaxın bir həftədə səhhətimlə məşğul olacağam. Hələ ki, mətbuata geniş danışmaq istəmirəm. Bir həftə sonra mətbuata açıqlamalarım olacaq. Ancaq indidən bir məsələni qeyd edə bilərəm ki, REAL-da fəaliyyətimi davam etdirəcəyəm”, - deyə o qeyd edib.

Bir müddət öncə gəncin vəkili Yalçın İmanov açıqlama yayaraq onun şikayətini çatdırmışdı. Vəkil Rahim Şaliyevə istinadən bildirirdi ki. gəncə saxlandıqdan sonra Sumqayıt şəhər Polis İdarəsində işgəncələr verilib. Vəkilin deməsinə görə, gənc fəalın durumu o qədər pis olub ki, Sumqayıt Şəhər Polis İdarəsinin (Sumqayıt ŞPİ-nin) müvəqqəti saxlama təcridxanasına təcili tibbi yardım çağırılıb.

REAL-çı fəalın işgəncələr haqda vəkilinə danışdıqları mətbuatda yayılandan sonra fevralın 23-də Ombudsman Aparatının əməkdaşları təcridxanada ona baş çəkmişdilər. Rahim Şalıyevin Sumqayıt ŞPİ-də işgəncələrə məruz qaldığını onlara da dediyi bildirilirdi.

Gəncin saxlanmasından 5 gün sonra onunla görüşən vəkil bunları demişdi:

"Onun baş nahiyəsində kəskin ağrılar olduğundan, təcili tibbi yardım çağrılıb. Müayinə zamanı məlum olub ki, başının sol hissəsində - döyülmə nəticəsində deformasiya yaranıb. Hətta əllə toxunanda da bu deformasiya açıq-aşkar hiss olunur…".

Vəkilin bu açıqlamalarına nə Sumqayit şəhər Polis İdarəsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət bildirilmişdi.

Ancaq Azərbaycan Daxili İşlər Nazirliyi polisdə işgəncələrin olması ilə bağlı şikayətləri bir qayda olaraq təkzib edir.


Hazırda həbsdə olan bloqqer Mehman Hüseynov da saxlanarkən polisdə işgəncələrə məruz qalması ilə bağlı şikayət dilə gətirmişdi. Nazirliyin sözçüləri isə onun dediklərini yalanlamışdılar.

Daha sonra isə polisə böhtan atmaq iddiası ilə bloqqerə iddia qaldırılmışdı. Bloqqer elə o iddiaya əsasən də 2 il həbs cəzası aldı.

Xatırlatma

Rahim Şalıyev bu il fevralın 20-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Qərarda yazılıb ki, Şalıyev küçədə telefonla danışarkən söyüş söyüb, onu intizama dəvət edən polislərə müqavimət göstərib.

Buna da bax:​ Cəbhəçilər sərbəst buraxılıb

Rahim Şalıyev bu suçlamanın yalan olduğunu, polislərin onu gəlib evdən apardığını, "Facebook"dakı paylaşımlarına və siyasi baxışlarına görə cəzalandırıldığını bildirib.