REAL qurultayının Tbilisidə keçiriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib

REAL qurultayının Tbilisidə keçiriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib

11-01-2018 23:35 / Bu xəbər 1949 dəfə oxundu

Bəzi saytlarda Respublikaçı Alternativ Partiyasının (REAL) qurultayının Tbilisidə keçirilə biləcəyi xəbəri bizim üçün də sürpriz oldu. 

Çox güman, bəzi REAL-çıların sosial şəbəkələrdə tədbirin Gürcüstanda, Ukraynada, Türkiyədə keçirilməsi ilə bağlı yazılarından, təklif kimi təqdim etdikləri şərh və statuslardan belə bir xəbər düzəldiblər. Bu sözlərlə REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib.

"Biz qurultayın ölkə qanunları çərçivəsində keçirilməsində israrlıyıq, bunun üçün çalışmalarımızı davam etdirəcəyik. Ölkədə AXCP, Musavat və digər siyasi partiyalara qurultay üçün yer verilib. REAL-a qarşı belə aqressiv münasibət onu göstərir ki, hakimiyyət sistemdənkənar, İlqar Məmmədov kimi nüfuzlu liderin ətraflnda yaranan yeni siyasi təşkilatın qurulmasını istəmir", - Cəfərli qeyd edib.

O Azərbaycan Xalq Cümhuriyyətininin 100 illiyində ölkə ərazisində, ölkə qanunlarına uyğun partiyanı təsis etməyə çalışacaqlarını bildirib.

Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi (TK) Partiyanın I Təsis Qurultayının 2017-ci il oktyabrın 29-da keçirilməsi ilə bağlı qərar verib. 

Təşkilat Komitəsi qurultayın keçirilməsi üçün yer verilməsi xahişi ilə paytaxt Bakıda çoxsaylı otellərə, klublara, ictimai yerlərə, o cümlədən Bakı şəhər icra hakimiyyətinə müraciət etsə də buna imkan yaradılmayıb.

Bundan sonra təşkilat komitəsi qurultayın dekabrın 17-də Müsavat Partiyasının qəraragahında keçirnək istəyib. Buna da imkan verilməyib.

REAL-ın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində baş vermiş etirazların ardınca həbs edilib. O 2014-cü ildə kütləvi iğtişaş və dövlət nümayəndələrinə qarşı zorakılıq ittihamı ilə 7 illik həbsxana cəzasına məhkum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ildə qərara gəlib ki, cənab Məmmədov cinayət törətməsinə dair heç bir ağlabatan sübut olmadan həbs edilib və onun həbsindən əsas məqsəd hökuməti tənqid edən Məmmədovun cəzalandırılması və ya susdurulması olub.

AİHM-in gəldiyi nəticəyə görə, Azərbaycan bu həbslə Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 4-cü bəndlərini (azadlıq və təhlükəsizlik hüququ), 6-cı maddəsinin 2-ci bəndini (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci maddəsini (hüquqların məhdudlaşdırılması) pozub.

Bununla əlaqədar Nazirlər Kabineti Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə (hökmlərin icrasının icbariliyi) uyğun olaraq Azərbaycana qarşı xüsusi prosedura başlayıb.

Nazirlər Kabineti Azərbaycanın məhkəmə hökmünü yerinə yetirməməsi ilə əlaqədar AİHM-ə müraciət edib.///amerikanınsesi.org