Sabiq nazir müavininin qohumuna 10 il həbs tələb olundu

Sabiq nazir müavininin qohumuna 10 il həbs tələb olundu

09-10-2018 17:07 / Bu xəbər 1555 dəfə oxundu

Təqsirləndirilən şəxs deyir ki, milyonlarla pulu keçmiş nazir müavinin oğlu alıb

Keçmiş nəzliyyat nazirinin müavini Arif Əsgərovun qohumu Rahib Hüseynovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə keçirilən prosesdə prokuror çıxış edərək, sabiq nazir müavininin baldızı oğlunun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, R.Hüseynov barəsində olan polis nəzarətinə vermə qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından həbs olunmalıdır.

Növbəti məhkəmə iclası oktyabrın 16-na təyin olunub.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. İttihama görə, o, adamları birgə biznes - dəmiryoluna aid avadanlıqların xaricdən gətirilib, burada satışı adıyla aldadıb, onlardan pul alıb qaytarmayıb. R.Hüseynov özünü təqsirli bilmir. Bildirir ki, xaricdən gətirilən avadanlıqların "Dövlət Dəmir Yolları" QSC-yə satışından əldə olunan vəsaitlər qazanc olaraq, pulu alınan adamlara paylanıb.

R.Hüseynov məhkəməyə beş kitabça təqdim edib. Orada kimlərdən pul alınması, kimə nə qədər faiz verilməsi əksini tapıb.

Məhkəmədə R.Hüseynov bildirib ki, kitabçada adı olanların əksəriyyəti milyonlarla pulu Arif Əsgərovun oğlu Elnar Əsgərova veriblər, qarşılığında da onlara qazanc vəd olunub. Elnar Əsgərov da işi görmək üçün pulları xalası oğluna verib.

Arif Əsgərov 2014-cü ildə nazir müavini təyin edilənə qədər Dövlət Dəmir Yolları" QSC-nin sədri olub.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da bir neçə ay öncə birgə biznes adıyla dələduzluqda ittiham edilərək, 9 il azadlıqdan məhrum olunub.

Hər iki qardaşın məhkəməsində onların xalası oğlu Elnar Əsgərovun adı hallanıb. Sabiq nazir müavininin oğlu istintaqda və məhkəmədə dindirilib.

Emil və Rahib Hüseynovlar bildirir ki, pulların çoxunu Elnar alıb. O isə bu ittihamı qəbul etmir.

E.Hüseynovun işində zərərçəkmişlər də Elnar Əsgərovu ittiham edirdi. Bildirirdilər ki, pulu Elnar Əsgərova veriblər, ondan da tələb edirlər.