Sabunçuda yolu bağlayıb bazar açıblar - FOTOLAR

Sabunçuda yolu bağlayıb bazar açıblar - FOTOLAR

17-04-2018 13:08 / Bu xəbər 2651 dəfə oxundu

"Guya burda bazar açıblar, yarmarka təşkil ediblər. Heç müştəri də gəlmir. Baxın görün, 5-6 piştaxta ola ya olmaya. Bunu da kənara qoyuram, yan-yörədəki dükanların çoxu bağlıdır, arendaya verilib.

Ancaq neçə aydır ki, yolu bağlayıblar, maşınların keçməsinə dar yer saxlayıblar. Bir tərəfdən dəmir hasarlar qoyublar, o biri tərəfdən yekə bir azman daş.

Avtomobillər qarşı-qarşıya gələndə gözləyirlər, bir-birinə yol verirlər. Yarmarka təşkil eləmisən, lap yaxşı, bu yolu niyə bəs bağlamısan?”.

Bu sözləri AzEuroNews.com-a Bakıxanov qəsəbəsi sakinlərindən biri olan Anar Nabatov bildirib.

Onun sözlərinə görə, axşam saatlarında bu yol zil qaranlıq olur. Ərazidə lampalar da yoxdur ki, yolu görəsən. Maşınların işıqları olmasa ağır qəzadan sığortalanmaq mümkün deyil: "Axşam bu yoldan keçəndə göz-gözü görmür. Görmə qabiliyyəti zəif sürücü olsa maşını o daşa, dəmirə çırpacaq. Bu yolun bağlanmasının, ortaya daş qoyulmasının bir məntiqi izahı olmalıdır”

Sakinlər deyirlər ki, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən təşkil olunan bu yarmarka Bakıxanov qəsəbəsi ilə Qaraçuxur arasındakı maşın yolundadır.

Yolun sağ və solunda çoxlu obyektlər var. Amma əksəriyyətinin qapısı qıfıllıdır və kirayəçisini gözləyir. Yəni, bu ərazi qaynar nöqtə deyil, müştəri tək-tük gəlir.

Ona görə də yolu iki tərəfdən daş və dəmirlə bağlamaq məntiqsizlikdir. Həm Bakıxanov, həm Qaraçuxur sakinləri tələb edirlər ki, tezliklə o məhdudiyyətlər qaldırılsın.

Qaraçuxurda yaşayan İmran Tağızadənin dediyinə görə, Sabunçu RİH-nin yolu bağlamasının səbəbi var: "İstəyirlər ki, diqqət çəksinlər, guya bura çox vacib yerdir.

Çünki neçə vaxtdır həmin obyektlər təhvil verilib, amma sahibkarlar fikirləşirlər ki, biznes üçün əlverişli yer deyil. Odur ki, dükanların çoxu boş qalıb. İndi təzə-təzə 3-4 dükanda təmir getməyə başlayıb”.

Sabunçunun icra başçısı Adil Vəliyev / Foto © Məhəmməd Türkmən

Sakinlərin sözlərinə görə, obyektlər Sabunçu RİH başçısı Adil Vəliyevə yaxın şəxslərə məxsusdur.

Amma nə gələn var, nə dükanları arendaya götürən. Odur ki, orta əsr ağlına uyğun addım atıblar, yolu bağlayıblar, bəlkə gələn ola…