Şahvələd Çobanoğlu məhkəməyə müraciət etdi

Şahvələd Çobanoğlu məhkəməyə müraciət etdi

06-09-2018 19:25 / Bu xəbər 1879 dəfə oxundu

Jurnalist Şahvələd Çobanoğlu ölkədən çıxışına qadağa qoyulduğuna görə məhkəməyə müraciət edib.

"Turan" agentliyinin xəbərinə görə, bu haqda jurnalistin vəkilləri bildiriblər. Onların sözlərinə görə, Ş.Çobanoğlu son 2-3 ildə "Azadlıq" qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. O, avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanıb. Xaçmaz rayonundakı Şirvanovka buraxılış məntəqəsində 1 saata yaxın saxlanan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistə bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.

Ş.Çobanoğlunun vəkilləri hesab edir ki, onun ölkədən çıxışına qoyulmuş qadağa qanunsuzdur. Məhkəməyə şikayətdə bildirilir ki, Azərbaycanda ölkədən getmək qaydaları "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunla tənzimlənir. Həmin qanunda ölkədən çıxışa yasaq qoyulmasının əsasları sadalanıb.

"Ş.Çobanoğlu prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanun şahid qismində dindirilmiş şəxslərin ölkədən çıxışına qadağa qoyulmasına imkan vermir", - jurnalistin vəkilləri məhkəməyə müraciətlərində qeyd ediblər.

Jurnalistin Baş Prokurorluğa qarşı şikayəti artıq Nəsimi Rayon Məhkəməsində icraata qəbul edilib. İlk məhkəmə iclası sentyabrın 5-nə təyin edilsə də, prokurorluğun nümayəndəsi gəlmədiyindən təxirə salınıb. Məhkəmə sentyabrın 11-də keçiriləcək.