Saleh Rüstəmovun oğlu Rusiya səfərliyinə müraciət edib

Saleh Rüstəmovun oğlu Rusiya səfərliyinə müraciət edib

14-09-2018 18:02 / Bu xəbər 2281 dəfə oxundu

"Atamın həbsindən sonra onunla görüşə bilmək üçün Azərbaycana gəldim. Görüşə imkan yaradılması üçün Rusiya səfirliyinə müraciət etdim".

Bunu çirkli pulların yuyulmasında ittiham edilən, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dönəmində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov öz Facebook səhifəsində yazıb.

S.Rüstəmovun özü də Facebook-da yazılanları "Turan" agentliyinə təsdiq edib.

Onun bildirməsinə görə, səfirliyin işçisi atasının hansı maddə ilə ittiham olunduğunu soruşub, cavabında isə o, "narkotik maddə ilə" deyib.

S.Rüstəmov vurğulayır ki, səfirliyin əməkdaşı ona "narahat olmayın, görüş alacaqsız" deyərək, gözləməyi xahiş edib. Amma S.Rüstəmovun qeyd etməsinə görə, bir müddətdən sonra geri qayıdaraq ona atası ilə görüş ala bilməyəcəyini söyləyib.

S.Rüstəmov ehtimal edir ki, ona məhz atası AXCP ilə bağlı olduğundan kömək göstərilməyib. Onun fikrincə, əgər ittihamda söhbət başqa məsələlərdən getsəydi, səfirlik ona kömək edərdi.

S.Rüstəmovun bu açıqlamasına Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Saleh Rüstəmov Rusiya vətəndaşıdır və sentyabrın 3-də onun həbs müddəti dekabrın 18-nə qədər uzadılıb.

Müvəqqəti Azərbaycana gələn S.Rüstəmov bu il mayın 8-də Gədəbəy rayonundan Bakıya qayıdarkən Şəmkir postunda saxlanıb. Sonradan onun qardaşı oğlu V.Rüstəmovun da həbs xəbəri yayılıb. Yaxınları S.Rüstəmovun əvvəlcə narkotikdə ittiham edildiyini açıqlamışdılar. Ancaq bir müddət nə yaxınları, nə də vəkilləri onunla görüşə bilmişdilər.

Mayın 26-da isə Baş Prokurorluq S.Rüstəmov ilə bağlı Daxili İşlər Nazirliyi ilə birgə açıqlama yayıb. Həmin açıqlamaya görə, AXCP-nin bəzi funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Rəsmi məlumatda S.Rüstəmov ilə yanaşı, bu işlə bağlı daha 3 cəbhəçinin də həbs edildiyi bildirilirdi. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları iddia olunur. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin onlara növbəti təzyiq dalğası olduğunu bildirib.

Həbs edilən AXCP üzvləri də ittihamları qəbul etmirlər.