Şamaxıda: Xeybəli kənd sakinləri etiraz edir

Şamaxıda: Xeybəli kənd sakinləri etiraz edir

13-06-2018 19:24 / Bu xəbər 3234 dəfə oxundu

"Məcbur qalıb, icra hakimiyyətinin qarşısına toplaşdıq ki, icra başçısına dərdimizi deyək''

İyunun 13-də Şamaxı rayonunun Xeybəli kəndinin bir qrup sakini rayonun icra hakimiyyətinin qarşısına toplaşıb. 

Onlar kəndləri ilə rayon arasındakı yolun yararsız hala düşməsinə, əlaqəli qurumların problemi çözməməsinə etriaz ediblər.

"Turan” İnformasiya Agentliyinin məlumatına görə, narazı kənd sakinlərindən Niyaməddin Qarayev deyib ki, artıq həftələrdir rayon mərkəzi ilə kəndin əlaqəsi kəsilib:

"Neçə həftədir ki, fasilələrlə yğış yağır. Yollar onsuz da bərbad halda idi, indi daha da dağılıb. Gəlib, kənardan baxıb, gedirlər, əlac edən yoxdur. Məcbur qalıb, icra hakimiyyətinin qarşısına toplaşdıq ki, icra başçısına dərdimizi deyək".

Kənd sakini onu da deyib ki, dağılmış yolların bərpası üçün gərəkli texniki vasitələr yoxdur.

Onun sözlərinə görə, günlərdir ki, yollarda batıb qalan avtomaşınlar var. Onların çıxarılması, yolun normal hala salınması üçün aidiyyatı qurumlar heç bir addım atmır.

Şamaxı-Xeybəli yolundakı uçqunda maşını ilişib qalan kənd sakini Nazim Azadoğlu isə bugünə kimi rayon icra hakimiyyətnin, digər orqanların heç bir tədbir görmədiyini deyib.

"Neçə gündür, maşın batıb qalıb dərədə. Fövqəladə Hallar Nazirliyinə zəng vurmuşam, gəlmirlər. Deyirlər ki, biz kömək edə bilmərik. Əvvəl icraya da müraciət etdik. Söz vermişdilər ki, uçqun olan yerdə işləyə bilən agır texnika, traktor-filan göndərəcəklər, ancaq gözlədik, gəlib çıxmadı", - deyən N.Ağaoğlu icra başçısı rəsmilərinə dərdlərini yenidən anlatdıqlarını bildirib.

Narazı kənd sakinlərini icra hakimiyyətinin rəsmiləri dinləyib. Onlara vəd verilib ki, problemin aradan qaldırılması, Şamaxı-Xeybəli yolunun istifadəyə yararlı hala gətirilməsi üçün lazım olan addımlar atılacaq.

Xeybəli kənd sakinlərinin problemləri ilə bağlı Şamaxı İcra Hakimiyyətindən münasibət alımaq mümkün olmayıb.