Sayta qarşı açılmış cinayət işinin istintaqı yekunlaşıb

Sayta qarşı açılmış cinayət işinin istintaqı yekunlaşıb

13-12-2018 14:53 / Bu xəbər 865 dəfə oxundu

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq

"Criminalaz.com” saytına açılmış cinayət işinin istintaqı başa çatıb.

Prokurorluqdakı mənbənin Meydan TV-yə verdiyi məlumata görə, bu barədə baş redaktor Anar Məmmədova dekabrın 12-də, cinayət işinin materialları ilə tanışlığı zamanı deyiblər.

Jurnalistin vəkilləri tanışlıq mərhələsində bəzi vəsatətlər veriblər və vəsatətlər cinayət işinə xitam verilməsi ilə bağlı olub. Ancaq vəsatətlər rədd edilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com saytına girişə məhdudiyyət qoyulmuşdu.

Anar Məmmədov ittihamları rədd edir.