"Şirkətin müştərinin fotosunu yayması hüquqi məsuliyyət yaradır" - Hüquqşünas

07-11-2018 12:50 / Bu xəbər 1286 dəfə oxundu

"Kontakt Home” kredit borcunu ödəməyən müştərisini yaşadığı ərazidə utandırmaq məqsədi ilə fotosunu yaşadığı ərazidə binalara yapışdırıb.

Bildirilir ki, şirkət öncə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə cavabdeh xanımın 1583 manat borcunun ödənilməsi ilə bağlı qərar çıxarıb. Lakin xanım yenə borcunu ödəməyib. Buna görə də şirkət onun  şəklini Səbail rayonu ərazisindəki binalara yapışdırıb.

Hüquqşünas Ələsgər Məmmədli deyib ki, şəxsin icazəsi olmadan adının, şəklinin istifadə olunması, hər hansı özəl münasibətlər çərçivəsində gözdən salınması şəxsi həyata müdaxilədir: "Bu hərəkət Azərbaycan qanunvericiliyinə görə, Mülki Məcəllənin 23-cü maddəsi ilə məsuliyyət yaradır. Söhbət şəxsin reputasiyasını aşağılamaqdan gedirsə, fotosu divara yapışdırılan şəxs kredit təşkilatından ona gəyən mənəvi zərərə görə təzminat tələb edə bilər”.

Hüquqşünasın sözlərinə görə, şəxs kredit götürürsə, burada qurumla şəxs arasında müqavilə bağlanır və onun tələblərinə də əməl edilməlidir: "Tərəflər aydın şəkildə öhdəliklərini icra etmirlərsə, bunu məhkəmə qarşısında mübahisələndirə bilərlər”.

"Kontakt Home” şirkəti Toplum Tv-nin suallarını cavablandırmaqdan imtina edib. Şirkətdən bildiriblər ki, bu barədə yazılı müraciət edilməlidir.