"Siyasi səhnəni qapatdılar, medianı məhv etdilər, müxalifətin əl-qolunu bağladılar" - Erkin Qədirli

12-04-2018 14:15 / Bu xəbər 5397 dəfə oxundu

Son vaxtlar mediada, sosial şəbəkələrdə siyasi mühacirlərə qarşı informasiya müharibəsinin şahidi oluruq. 

Bəzən bu müharibənin bütün səddləri aşaraq söyüş səviyyəsinə endiyini də görürük. 

Söyüş trendinin yaranma səbəbləri və bunun mümkün nəticələri ilə bağlı "Turan" Agentliyi hüquqşünas, REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ilə söhbətləşdi.

- Erkin bəy, son vaxtlar siyasi mühacirlərə qarşı bir informasiya müharibəsi başlayıb. Sizcə, bu nədən qaynaqlanır?

- Əslində bunun dərin kökləri var. Görünən odur ki, Avropada yaşayan gənclərin prezidentin şəklini zibil qutularına, avtobus dayanacaqlarına, başqa yerlərə diktator adı ilə yapışdırmasına, eyni zamanda bəzi şəxslərin sosial şəbəkələrdə canlı yayımda, videogörüntülü çıxışlarda söyüş dolu təhqirlər səsləndirməsinə cavab olaraq bunu edirlər. Görüntü budur. Bəlkə də bir dəfə cavab vermək olardı. Açığı, mən söyüşlərə cavab verməyin tərəfdarı deyiləm. Amma kimsə söyüldüyü halda söyüşə cavab verəndə onu anlayışla qarşılayıram. Amma bunun da bir həddi olmalıdır. Bizdə bu söhbət çox uzandı. Və göründüyü qədəri ilə artıq sistemləşdirilmiş hal almağa başlayır. Mən demirəm ki, Avropadakı bu işlər hansısa bir şəkildə buradan idarə olunur və yaxud təşkil olunub. Amma mənim üçün çox aydındır ki, buradakılar orada baş verənlərdən faydalanmağa çalışırlar. Buradakılar dediyimdə mən hakimiyyətdəkiləri nəzərdə tuturam. Hakimiyyətdəki bəzi çevrələri. Bu hadisədən bəhanə kimi istifadə edərək bu günə qədər görmədikləri işləri və yaxud bu günə qədər buraxılan yanlışları ört-basdır etməklə gələcəkdə prezident seçkilərindən sonra hökumətin tərkibinin dəyişdiriləcəyi halda yeni vəzifə almayacaqları gümanı ilə prezidentə özlərini daha yaxın göstərməyə çalışırlar. Böyük işlər gördüklərini sübut etməyə çalışırlar. Jurnalistləri, QHT-ləri, diasporu, xaricdə yaşayanları fəallaşdırmağa çalışırlar. Gedirlər xaricdə tədbirlər keçirirlər. Çağırışlar edirlər. Artıq jurnalistlər və QHT-lərlə kifayətlənmirlər, deputatları belə səfərbər edirlər. Sanki onların bunlara borclu olduğunu bilərək "sizə mandat verdik, sizə mənzil verdik, nə oldu, bir dillənin", "tərifləyəndə növbəyə düzülürsünüz, amma söyüş olanda susursunuz" kimi bir görüntü yaradırlar. Və yəqin ki, bütün bu işlər hökumətin içində gedən dartışmalara aparıb çıxarır. Kimsə özü üçün əlavə səlahiyyət istəyə bilər, kimsə yenidən təyin olunmaq istəyə bilər, kimsə büdcə vəsaitlərinin ayrılmasını istəyə bilər. Məsələn, istər xaricdə tədbirlərin keçirilməsi üçün, istər hansısa yeni bir formatların təşkili üçün. Yəni, söhbətin bu qədər uzanması şəxsən məndə bu qənaətə gətirib çıxarır.

- Sizin də qeyd etdiyiniz kimi, bu informasiya müharibəsi söyüş səviyyəsinə gəlib çıxdı və hakimiyyətin əlində olan medialar, deputatlar, rəsmilər bu məsələdə səfərbər olundu. Söyüşün siyasətə gətirilməsi və mübarizənin bu formada aparılması doğru yoldurmu?

- Gəlin, belə deyək. Avropada o işlərin heç birinin siyasi önəmi yoxdur. Nə şəkil yapışdırmağın, nə söyüş söyməyin heç biri siyasi əhəmiyyət daşımır. Mən onları siyasi tədbir saymıram və onlara siyasi önəm vermirəm. Bu, çılğınlıqdır. Gənclərdir, kimisi hökumətə acıqlıdır, kimisi ölkəsindən küsüb. Hərənin öz motivi, səbəbi, emosional durumu var. Amma gördükləri işlərin heç birinin siyasi əhəmiyyəti yoxdur. Avropada zibil qutusuna və yaxud avtobus dayanacağına o şəkli yapışdırmaqla nə demək istənilir? Bununla onsuz da Avropanın ictimai rəyinə təsir edəcək deyillər. Ikincisi, gördükləri işlərə kiminsə diqqətini cəlb edə bilməyəcəklər, çünki təkrar edirəm, Avropada ictimai rəyə təsir etmək üçün Avropanın özündə rəy sahibi olmaq gərəkir. Bu məsələdə, məsələn, bizim ermənilərə uduzduğumuz çox aydın görünür. Biz özümüzü birbaşa coğrafi bölgədə qonşu olduğumuz Ermənistanla müqayisə etsək bunu görə bilərik. Ermənistan əslində bizdən çox zəif ölkədir. Ermənistanın nüfuzu yoxdur ki, Avropada ictimai rəyə təsir etsin. Amma Ermənistanla bağlı ictimai rəyi Avropada, Amerikada yaşayan uğurlu ermənilər yaradırlar. Bunlar alimlərdir, iş adamlarıdır, siyasətçilərdir, artistlərdir ki, yaşadığı ölkələrdə hörmətli adamlardır. Həmin ölkələrdə uğur qazanıblar, onların düşüncələrinə önəm verilir. Bizim diaspordan hələ ki belə uğurlu adamların çıxdığını görmək olmur. Yəni, nüfuz sahibi olan, ictimai rəyə təsir edə bilən. Buradan gedib Avropada tədbir keçirənlər, ümumiyyətlə, mənasız bir iş görürlər. Çünki təkrar edirəm, Avropada yaşayanlar kimisi müxalifdir, kimisi, sadəcə, başını götürüb qaçıb ölkədən, kimisi, ümumiyyətlə, saxtakarlıqla gedib orada məskunlaşıb. Ona görə mən bu işlərin heç birini ciddi saymıram. Nə hökumət tərəfindən görülən işləri, nə də orada o acıqlı tədbir görənlərin, Avropa şəhərlərində piket keçirib Azərbaycan dilində mesaj verənlərin işlərini. Kimə verirlər bu mesajları? Nə üçün edirlər bunu? Mən bütün bunların siyasi təsirinin olduğunu güman etmirəm. Əslində hökumət bu tədbirləri bu qədər yaymasaydı, televiziyalardan, qəzetlərdən, əlinin altında olan bütün vasitələrdən istifadə edib bu qədər böyütməsəydi, məsələn, bu gün siz məndən bu müsahibəni almazdınız. Mən bundan əminəm. Heç mən də bu haqda danışmazdım. 5-6 nəfər oradan nəsə yazır, danışır, söyür, harasa şəkil yapışdırır. Bunun nə Avropada, nə də Azərbaycanda heç bir siyasi təsiri mümkün deyil. Amma hökumətin bu işə girişib bu qədər əl-ayağa düşməsi məni başqa qənaətə gətirir ki, görünür, buradan idarə olunmasa da amma burada oradakı proseslərdən faydalanmaq istəyənlər var ki, bu da zatən ağlabatandır.

- Bəzi iqtidar mənsubları və hakim partiyanın bəzi nümayəndələri baş verənlərə münasibətdə belə fikirlər yürüdürlər ki, bu vaxta qədər bu formada mübarizə aparmaq onların ritorikası olmayıb. Hətta müxalif nümayəndələrə sual göndərənlər də oldu ki, "deyə bilərsinizmi ki, biz nə vaxtsa sizə söyüş söymüşük?" Sizcə, belə fikirlər nə dərəcədə realdır?

- Bu, doğru deyil. Hökumət söyüş və təhqir formalarından çox istifadə edib. Parlamentdə, televiziyada. Amma mən hansısa konkret bir qrupu ayırıb hədəfə çevirməyin tərəfdarı deyiləm. Ona qalsa, bir az da dərinə getsək, hökumət də deyəcək ki, siz də Heydər Əliyevi söyürdünüz axı. Söyürdülər axı. Ondan əvvəl Mütəllibov da söyülürdü. Vəzirovun ardınca da nə qədər söhbət qoşurdular. Bu, siyasi mədəniyyyətimizin çox aşağı səviyyədə olduğunu göstərir. Təmkinsizlik bizi həm tələskənliyə gətirir, həm emosiyalarımızın, duyğularımızın, düşüncələrimizin önünə qoyur. Yəni, biz sözü deyirik, sonra onun acısını çəkirik. Toplum olaraq bu məsələdə çox az adam özünə nəzarət edə bilir. Istər müxalifətdə, istər iqtidarda. Iqtidarın məsuliyyəti daha böyükdür. Aydın məsələdir. Çünki onun əlində resurslar var. O, əslində örnək verməlidir. O, girişməməlidir bu söhbətlərə, söyüşə söyüşlə cavab verməməlidir. Hökumət bunu etmədi. Bu baxımdan hökumətin üzərində böyük məsuliyyət durur ki, o vaxtilə söyüşlərə söyüşlə cavab verdiyi üçün yeni söyüşlərə yol açdı. Əgər o söyüşlərə söyüşlə cavab verməsəydi, demirəm ki, söyüşlərin kökü kəsilərdi. Amma hər halda söyüş bu qədər ayaq tutmazdı, bu qədər yer almazdı. Özü də nəzərə almaq lazımdır ki, Azərbaycanda siyasi səhnə də qapalıdır, açıq siyasi proses yoxdur. Düşüncələri aydın ifadə etməklə, ciddi düşünməklə böyük auditoriya yığmaq olmur. Məsələn, ciddi mövzuda bir söhbət açırsan, canlı yayım edirsən 3-4 min adam baxır. Amma orada "Ay Xudayar, ay Xudayar, vağzalı çaldır" kimi söhbətlərə ən azı 60-70 min adam baxır. Buradan anlayırsan ki, toplumun özünün mədəni səviyyəsi çox düşükdür. Və bu o düşüklüyün bir göstəricisidir. Bu, siyasi mövzulara marağın olub-olmamasından qaynaqlanmır. Bu, siyasi mədəniyyətin çox düşük olmasından qaynaqlanır. Ona görə bu ortamda kimin birinci başlamasını müəyyən etmək asan deyil. Sən, sadəcə, hansısa mərhələdə yandaşlıq, tərəfkeşlik etməli olursan ki, bax, birinci siz başladınız. Amma o da deyə biləcək və sübut da gətirə biləcək ki, axı buna qədər siz söyürdünüz bizi. O birisi də deyəcək ki, sizə qədər məni də söyürdülər. Belə bir söyüşcül bir ortam var. Tutaq ki, hökumətdəkilər söyülür çünki, məsələn, onlar korrupsionerdir, seçkiləri saxtalaşdırırlar, siyasi həbslərlə məşğuldur. Axı bu işlərlə məşğul olmayanlar da söyülür. Bəs aqressiya haradandır? Bizi də söyənlər var axı. O baxımdan demək istədiyim odur ki, hökumətin üzərində birmənalı olaraq birbaşa məsuliyyət var. O, durdurmalıdır bu söhbətləri. Söyüşə söyüşlə cavab verməməlidir.

- O da həqiqətdir ki, bu vaxta qədər jurnalistlərin, fəalların evlərinə kamera qoyulub, intim həyatları ilə təhdid olunublar. Bütün bunları kimlər edirdi? Bunlar söyüş deyildimi?

- Əlbəttə ki, bu, birmənalı olaraq siyasi əxlaq baxımından yolverilməzdir. Elə məişət əxlaqı baxımından da. Əxlaqsızlıqdır. Buna başqa nə demək olar? Kiminsə yatağını çəkmək və yaxud tualetinə kamera qoymaq və ondan sonradan şantaj kimi istifadə etmək əxlaqsızlıqdır. Onsuz da aşağı-yuxarı hamı bilir ki, yataqda kim nə ilə məşğul olur və ya tualetə niyə gedir. Hamının bildiyi, amma heç kəsin görmək istəmədiyi bir səhnəni bunlar göstərirlər. Bununla əslində yeni bir məzmun və yaxud yeni bir məna yaratmış olmur. Çünki hər kəsin seks həyatı var. Hər kəsin fizioloji ehtiyacları var. Bununla belə biz bunu hamımız gizli edirik. Küçənin ortasında, hamının gördüyü yerlərdə etmirik. Çünki ümumi mədəni normalar var. Onlara sığınıb özəlində edirlər bunu. Yəni, bizim insanlar tualet sözünü dilinə gətirməkdə belə çətinlik çəkirlər. "Ayaqyolu" kimi sözlərdən istifadə edirlər. Sən isə ora kamera qoyub, onu çəkirsən. Bu, əlbəttə ki, aydın məsələdir. Hökumətin əlinə texniki imkanlar düşdü, bunların gördüyü iş bu oldu. Ona görə deyirəm ki, bu, hakimiyyət- müxalifət məsələsi deyil. Bu, ümumi cəmiyyətin mədəniyyətsizliyidir. Siyasi mədəniyyət çox düşükdür. Qırmızı xəttlər yoxdur. Biz bunu etməyə çalışırıq. Amma gözləmədiyimiz yerdən vuruluruq. Hamı deyir ki, mən nələri edəcəm. Siyasi mədəniyyət bundan başlamır. Siyasi mədəniyyət ondan başlayır ki, mən nələri heç zaman etməyəcəm. Birinci, bunu qoymalısan. Qırmızı xətt budur. Nələri edəcəm nisyə söhbətdir. Bəlkə pulun olmadı, bəlkə imkanın olmadı, bəlkə vaxtın olmadı. Ona görə sən heç vaxt əminliklə deyə bilməyəcəksən nələri edəcəksən. Amma nələri etməyəcəksən məsələsinə bunlar lazım deyil. Sadəcə, sənin vicdanın və verdiyin söz burada əhəmiyyət daşıyır. Deyirsən ki, mən bunları etməyəcəm! Bu mədəniyyət hələ ki bizim siyasi səhnədə yoxdur. Heç kimdə. Biz REAL olaraq bunu etməyə çalışırıq, amma imkan vermirlər. İqtidar başımızdan vurur, köhnə müxalifət ayağından dartır. Sən təmkinli dayanandan daha da qıcıq yaradırsan. Düşünürlər ki, bunlar nəyin hesabına belə rahatdırlar? Yəqin, satılıblar. Mənim üçün satılmaq söhbəti də təhqirdir. Gərək elə mütləq küçə söyüşü olsun? Bizdə nədənsə o genetal sözlərdən istifadə edəndə söyüş sayılır. Hərçənd ki, söyüş sözlərə əl atmadan da bizim siyasi səhnədə təhqir, böhtan, şər hər addımdadır. Müxalifət də öz yaxasını bu məsələdən geri çəkməsin. Onlar da tam içindədir. Hətta lap başındadır. Iqtidarla bir yerdə o məsuliyyəti bölüşür. Kimsə birinci "dur" deməlidir. Kimsə özü üçün müəyyən bir sərhəd qoymalıdır ki, məni söysələr də mən buna cavab verməyəcəm. Hökumətin üzərində isə məsuliyyət daha çoxdur. Çünki hakimiyyətdir. Verdiyiniz örnəklər cəmiyyətdə, əlbəttə ki, bu qıcığı, daha da artırmış oldu. Amma mənim məsələyə baxışım günahkar axtarmaqda deyil. Mən istəyirəm ki, ümumiyyətlə, bizim siyasi səhnədə belə şeylər olmasın.

- Vəziyyətin bu söyüş həddinə gəlib çatmasının səbəbi nə idi? Nəticələri nə olacaq?

- Bu, sistem problemidir. Siyasi səhnəni qapatdılar, medianı məhv etdilər, müxalifətin əl- qolunu bağladılar. Həbslər, mülkiyyətin əlindən alınması, işdən çıxarılma. Bunlar hamısı ölkədə acığı və qıcığı artırır. Və bu hansısa formada üzə çıxmalı idi. Siyasi səhnə açıq olanda, siyasi azadlıqlar olanda duyğular və düşüncələr arasında hansısa formada balans tapılır. Hətta, məsələn, sərbəst toplaşmaq azadlığına demonstrasiya deyilir. Əslində bu sözü dekonsruksiya etsək, sözün içində monstr sözü var. De-monstr-asiya. Yəni "de" burada dağıtmaq anlamını verir. Yəni, hər birimizin içində bir monstr var. Ən mədəni insanın ağlına belə ən düşük və əxlaqsız fikir gələ bilir. Ən mədəni insanın içində belə ən azı o instinktdən doğan ehtiyaclar və ehtiraslar olur. Mədəni insan bunlardan məhrum olan insan deyil. Mədəni insan bunları cilovlaya bilən insandır. Eləcə də mədəni təşkilat, eləcə də mədəni cəmiyyət. Bunların hamısı duyğularla- düşüncələr arasında balans tapılmasından irəli gəlir. Və o demonstrasiyaların faydası odur ki, vaxtaşırı nədənsə narazı olan insanlar çıxıb bu içindəki o qurdu, o monstrı öldürür, dağıdır, mədəni formada bayıra buraxır. Istefamı, qanunu dəyişiklikmi, yeni qanun tələb edirikmi, qışqıraraq, bayraqlarla, şarlarla etiraz eddirikmi, fərqi yoxdur. Avropada görürsünüz. İnsanlar o hissi mədəni şəkildə içindən çıxarırlar. Indi hökumətmi, müxalifətmi o demonstrasiyadan necə istifadə edəcək? Bunun mədəni yolları var. Parlamentdə müzakirələr açılacaq, kimsə deyəcək ki, həqiqətən insanlar narazıdır, gəlin, qanunu dəyişək filan. Amma siyasi səhnə qapalı olanda və heç kəs toplaşıb o içindəki monstrı bayıra buraxa bilməyəndə o monstr insanları içində yeyir. Və bütün cəmiyyəti o hala salır. Yəni, bu sistem problemidir.

- Yəni tədricən cəmiyyət daha da geri gedəcək?

- Hə. Acıqlı olacaqlar. Belə daha çox qəzəbli olacaqlar. Və bütün bunlar camaatın içində yığılacaq. Bu hansısa formada üzə çıxacaq. Söyüş, bəlkə, bunların heç də ən pisi deyil.

- Bəs bu vəziyyəti dəyişmək üçün nə etmək lazımdır? Çıxış yolu nədədir?

- Siyasi islahatlar. Ilk növbədə televiziyalara azadlıq verilməlidir. Məhkəmələrə azadlıq verilməlidir. Parlamentə, bələdiyyələrə demokratik seçki keçirilməlidir. Iqtisadi azadlıqlar verilməlidir. Bütün bunlar insanların həm başını qatacaq, həm onlara özünə dolanışıq imkanı yaradacaq. Söz demək istəyən sözünü deyəcək. Bütün bunlar yavaş-yavaş cilovlanacaq. Insanlar özləri bir-birini çəkindirməyə başlayacaq ki, bunu belə eləmə. Məsələn, yol hərəkəti qaydaları. Fikir verirsiniz, bizdə yol mədəniyyəti yaxşılığa doğru necə dəyişib. Həmin xalqdır. Xalq dəyişməyib ki? Qaydalar da dəyişməyib. Nə dəyişib? Bəlli bir inzibati təcrübə formalaşıb. Cərimələr, texniki insfrastruktur, kameralar. Yəni, bu, açıq bir proses olduğu üçün insanlar artıq riayət edirlər. Dünənə qədər təhlükəsizlik kəməri taxmağı mənliyinə sıxışdırmayan sürücülər hamısı rahatlıqla taxır, piyadaya yol verir. Arxadan siqnal vermələr yığışdırılıb, piyadalar rahat yolu keçir. Hələ bu yol mədəniyyəti ən çətin mədəniyyətlərdən biridir. Indi bunun parlament mədəniyyətini düşünün. Gerçəkdən seçilmiş adamlar olsun. Və o adam bilir ki, yenə seçilmək istəyəcək. Bilir ki, danışığını seçicisi izləyəcək. Özünü yığışdıracaq. Yanında həmkarı varsa, partiya siyahısı ilə seçilibsə, partiyada onun məsələsini qoyacaq ki, siz parlamentdə mədəniyyətsiz davranırsız. Biz sənin partiyadan namizədliyini vermişik, sən partiyamızı biabır edirsən. Fraksiyalar olacaq. Onlar bir-birini çəkindirəcək. Jurnalistlər gəlib çətin suallar verəcəklər. Deputatı, naziri yerində oturdacaqlar. Yəni, cəmiyyətin içində o balans tapılır. Azadlıq şəklində. Burada o balans yoxdur deyə, o hirs, əsəb, qəzəb, acıq, qıcıq sonradan bu forma alır.

"Turan" İA