Taleh Qaraşov müsavatçının mülkünü əlindən alır - Lənkərandan xəbər var

Taleh Qaraşov müsavatçının mülkünü əlindən alır - Lənkərandan xəbər var

09-01-2018 19:26 / Bu xəbər 3627 dəfə oxundu

Müsavat Partiyasının Lənkəran Təşkilatının sədri İman Əliyevin mülkü əlindən alınır. 

Bu barədə Arqument.Az-a İman Əliyev məlumat verib. 

O bildirib ki, özünün xəbəri olmadan barəsində məhkəmə iddiası qaldırılıb: "Mənə təzyiqlər davamlıdır. 2 il öncə 30 sutka həbs olundum. Bir müddət öncə Müsavatın Rayon Təşkilatının konfransı evimdə keçiriləndən sonra polisə çağırıldım. Sonra noyabrın 30-da Liman icra hakimiyyəti başçısının müavini Fərid Novruzov gəlib evimin və dükanımın şəklini çəkdi. Səbəbini soruşdum, heç nə demədi. Dekabrın 2-də yenidən Lənkəran Şəhər Polis İdarəsinə çağırılıb xəbərdarlıq aldım. Dekabrın 20-də yenidən polisə çağırıldım ki, guya hansısa vətəndaşı zorla Müsavat Partiyasına üzv etmək istəyirəm. O da gəlib polisə müraciət edib. Bu gün isə xəbər verdilər ki, məhkəmədir və 2004-cü özəlləşdirdiyim obyektlə bağlı məsələ qaldırılıb, əlimdən almaq istəyirlər".

İman Əliyev deyib ki, bu məsələ yerli icra orqanlarının siyasi sifarişi əsasında həyata keçirilir: "Bu gün məhkəmədə məlum oldu ki, Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov, Balıqçılar qəsəbəsi üzrə icra nümayəndəsi Məlikməmməd Abışov, Liman şəhər 1 saylı məktəbin direktoru Əlövsət Qurbanov və əvvəllər müəllim işləmiş, indi isə oğlu vəzifədə olan Siyavuş Süleymanlı dükanımla bağlı iddia qaldırıblar. İddia edirlər ki, obyekt o vaxt saxta yolla özəlləşdirilib. Guya özləri də saxtakarlıq etdiklərini etiraf edirlər. Onlar obyektdə paylarının olduğunu iddia edirlər, amma heç biri o vaxt "Azərittifaq"da işləməyib. İndi saxta sənədlərlə işi öz xeyirlərinə həll etməyə çalışırlar. Amma məqsəd bəllidir, sifarişçilərin də kimliyi ortadadır. Məhkəmə bu gün qərar çıxarmaq istəyirdi. Rəsmən mülkümü əlimdən almaq istəyirlər. Siaysi sifariş olduğu da ortadadır. Son iki ayda bir neçə dəfə davamlı təzyiqə məruz qalmışam, indi də xəbərim olmadan məhkəməyə verilmişəm. Bu gün məhkəmə keçirildi. Xahiş elədim ki, vaxt versinlər. Nəhayət, uzun söhbətdən sonra məhkəmə gələn çərşənbəyə qədər təxirə salındı. Bu işlərin arxasında Lənkəran Şəhər İcra Hakimiyyəti, Liman Şəhər İcra nümayəndəliyi dayanır. Digər icra nümayəndəlikləri və məktəb direktoruna ta icra hakimiyyəti təzyiq edib. Hazırda repressiya ilə üz-üzəyəm. Bir neçə gün öncə yerli icra nümayəndəsi oğluma da zəng edərək hədə-qorxu asmış, təhdid etmişdi. Bu barədə mətbuata da məlumat vermişdim".

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov da məsələyə münasibət bildirmək istəməyib. 

XATIRLATMA

Dekabrın 2-də Müsavat Partiyası Lənkəran təşkilatının sədri İman Əliyev polisə aparılıb. Onunla bağlı polisə icra başçısı şikayət edib. Bu barədə İMan Əliyev özü məlumat verib. O bildirib ki, polisə çağırılmasının səbəbi  Müsavat Partiyasının Lənkəran Təşkilatının konfransının evində keçirilməsi olub. 

Dekabrın 20-də isə İman Əliyevdən yenidən polisə çağırılıb. İ.Əliyevin verdiyi məlumata görə, guya hansısa vətəndaş polisə şikayət edib ki, guya onu zorla partiyaya üzv etmək istəyiblər. 

İman Əliyev qeyd edib ki, təzyiqlər noyabrın 26-da Liman şəhərində Müsavat Partiyasının Lənkəran Təşkilatının konfransından  sonra başlayıb. Hətta noyabrın 30-da Liman icra hakimiyyəti başçısının müavini Fərid Novruzov onlara gələrək evinin, həyətinin və dükanının şəklini çəkib.

Onun sözlərinə görə, bütün bunlar siyasi fəaliyyətinə görədir: "Konfrans evimdə oldu. Bizə tədbirləri keçirtmək üçün yer vermirlər. O gündən mənə və partiya üzvlərinə təzyiqlər artıb. 36 il bir təşkilatda işləmişəm. Əmlak payı kimi yolun kənarında olan köhnə ticarət obyektini almışam. Alandan sonra təmir etmişəm, buna çoxlu pul xərcləmişəm. Hamısını da qanuni yolla etmişəm. Ailəmi bu ticarət obyektinin hesabına saxlayıram. Gəlib həmin mağazanın və evimin həyətini çəkdilər. Belə başa düşürəm ki, mənə yeni problemlər yaradırlar”.

İcra başçısının müavini Fərid Novruzov isə məlumatı təkzib edib: "Məni bu işlərə qatmayın. Mən heç kəsin nə evini, nə də həyətini çəkmişəm. Məlumat doğru deyil”.

İman Əliyev isə icra hakimiyyəti başçısının müavininin dediklərini həqiqətəuyğun saymayıb. 

Arqument.Az