Taleh Xasməmmədov saxlanılıb

Taleh Xasməmmədov saxlanılıb

29-12-2018 18:12 / Bu xəbər 421 dəfə oxundu

İctimai fəal hədə-qorxu ilə pul tələb etməkdə günahlandırılır

Daxili İşlər Nazirliyi (DİN) hüquq müdafiəçisi kimi tanınan Taleh Xasməmmədovun saxlanıldığı haqda məlumat yayıb.

Bildirilib ki, Taleh Xasməmmədov dekabrın 27-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə ilə onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Taleh Xasməmmədov Göyçayda yaşayan ictimai fəallardandır, hüquq müdafiəşisi kimi tanınır.

O, 2015-ci ilin fevralında "xuliqanlıq" ittihamı ilə həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. 1 il sonra, prezident İlham Əliyevin imzaladığı 17 mart 2016-cı il tarixli sərəncamla azadlığa buraxılıb.

Taleh Xasməmmədov bu ilin aprel ayında Göyçayda polis tərəfindən saxlanılıb və polis şöbəsinə aparılmışdı. O, xuliqanlıqda ittiham edilirdi.

Jurnalist Əfqan Sadıqlı hesab edir ki, Taleh Xasməmmədovun həbsinə səbəb sosial şəbəkələrdəki paylaşımlarıdır. Jurnalist öz "Facebook” səhifəsinə yazıb:

"Son vaxtlar Taleh bəy Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev haqqında tənqidi yazılar paylaşırdı. Taleh bəyin həbsi barədə rəsmi açıqlama versələr də, saxlandığı yer açıqlanmır”.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) təmsilçisi Oqtay Gülalıyev DİN-nin məlumatının inandırıcı olmadığını deyir, onu natamam və qurama hesab edir. Oqtay Gülalıyev Meydan TV-yə deyib ki, rəsmi informasiyada qarşı tərəfin kim olduğu bilinmir və Taleh Xasməmmədovun ondan niyə rüşvət aldığı açıqlanmır:

"Həm də Xasməmmədov qəzet və sayt redaktoru deyil ki, ifşaedici məlumatı yaysın. Bu baxımdan rəsmi məlumatda sual doğuran məqamlar var. İkinci, Xasməmmədov insan hüquqlarının müdafiəçiylə məşğul olduğu üçün iki dəfə qanunsuz həbs edilib, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən "vicdan məhbusu" elan edilib. Onun barəsində rayon polisi üçüncü cinayət işi açıb və nəzarətdədir”.

O.Gülalıyev deyir ki, hakimiyyət uzun müddətdir Siyasi Məhbusların Müdafiə Mərkəzinə qarşı kampaniyaya başlayıb. T.Xasməmmədovun həbsi də bu kampaniyanın tərkib hissəsidir:

"Görünür, hakimiyyət təqibləri Xasməmmədovdan başlayıb. Yaxşı olardı, Taleh Xasməmmədovu 1000 manat almaqda ittiham edənlər ofşorlara daşınan milyardların, Avropadakı mülklərin hesabı barədə düşünsünlər”.