Tağıyevin heykəlinə yer axtarılır

Tağıyevin heykəlinə yer axtarılır

04-03-2019 22:36 / Bu xəbər 1142 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) XX əsrin 20-ci illərinin ortalarına kimi yaşamış Azərbaycanın xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasından ötrü təklifə baxılır.

Bu barədə BŞİH-dən bildiriblər.

Qurumdan verilən məlumata görə, bu məqsədlə aidiyyəti orqanlarla mərkəzə yaxın küçələr nəzərdən keçirilir. Məlumatda qeyd edilir ki, hələlik, bu məqsədlə Qız qalasının yanında (Neftçilər prospekti) sökülən evin yerindəki boş sahəyə, «Kukla teatrı» ilə üzbəüz bağa (Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsi) baxış keçirilib.

İcra hakimiyyətindən deyiblər ki, hələlik, heykəlin harada qoyulması barədə hər hansı bir qərar qəbul edilməyib.

Martın 1-də dövlət başçısı İlham Əliyev bir qrup mədəniyyət və incəsənət işçiləri ilə görüş keçirib. Həmin görüşdə «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə Bakıda Azərbaycanın xeyriyyəçisi Hacı Zeynalabidin Tağıyevə heykəl qoyulması təklifini səsləndirib.

H.Z.Tağıyev uzun (1823-1924) ömür sürüb. Fəhləlikdən milyonçuluğa qədər yüksəlib. Bu şəxsin Azərbaycanda təhsilə, mədəniyyətə və sosial problemlərin həllinə böyük pullar xərclədiyi bildirilir.

Azadlıq Radiosu