Tofiq Yaqublu: "Aksiyanı bir halda dayandıra bilərəm"

Tofiq Yaqublu:

06-01-2019 01:24 / Bu xəbər 1303 dəfə oxundu

"Aksiyanı bir halda dayandıra bilərəm: Mehman bəyə qarşı uydurma cinayət işi ləğv edilərsə. Əks halda bacardığım qədər maksimum davam etdirmək niyyətindəyəm". 

Bunu Arqument.Az-a Müsavat Partiyası Divanının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu deyib. 

O bildirib ki, bu cür aksiyaların kütləviliyi effektiv ola bilər: "Sözsüz ki, aksiya kütləvi və davamlı olsa, daha effektli olar. Amma aclıq aksiyası yeganə üsul deyil. Bütün dinc mübarizə üsullarından paralel olaraq istifadə etməliyik, bu da onlardan biridir".

Tofiq Yaqublu iki gündür ki, həbsdə olan bloger Mehman Hüseynova görə aclıq aksiyasına başlayıb. 

Mehman Hüseynova 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. 

O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. 

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də, 11 gündür ki, qida qəbulundan imtina etməkdə davam edir. Son yayılan məlumata görə, səhhəti pisləşən bloger Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. 

Yanvarın 5-də blogerin atası Rafiq Hüseynov da aclıq aksiyasına qoşulmaq fikrində olduğunu deyib: "Məni oğlumla görüşə buraxmırlar. İndi xəstəyəm, 41 dərəcə istiliyim var. Buna baxmayaraq yanvarın 6-da Mehmanla görüşmək üçün yenə 1 saylı Bakı İstintaq Təcridxanasına gedəcəm. Oğlumun sağlamlıq durumunun ağır olması məni çox ağrıdır. Sabah oğlumla görüşə buraxmasalar etiraz olaraq mən də aclığa başlayacağam".

Onun aclıq aksiyasına ictimai-siyasi fəallar da qoşulmaqdadır. Yanvarın 2-də siyasi fəal Tofiq Məmmədov, yanvarın 5-də isə Tofiq Yaqublu və hüquq müdafiəçisi Elşən Həsənov aclıq akiyasına qoşulub.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı "vicdan məhbusu" elan edib.