Tramp Suriyada hərbi əməliyyat əmri verdi (yenilənib)

Tramp Suriyada hərbi əməliyyat əmri verdi (yenilənib)

14-04-2018 15:24 / Bu xəbər 3151 dəfə oxundu

''Rusiya nə istədiyi haqda qərar verməlidir''

***

12:40. Rusiya prezidenti Vladimir Putin ABŞ, İngiltərə və Fransanın Suriyadakı hərbi obyektlərə hava hücumuna münasibət bildirib. "Novaya Gazeta”-nın məlumatına görə, V.Putin deyib ki, ABŞ-ın Suriya ərazisinə zərbələri ölkədəki humanitar fəlakəti daha da dərinləşdirir və yeni qaçqın dalğasının yaranmasına əsas verir.

Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.

***

9.50. Türkiyə Xarici İşlər Nazirliyi hərbi əməliyyata münasibətini bildirib: "Əməliyyatı məmnunluqla qarşılayırıq. Bu əməliyyat bütün insanlığın vicdanının tərcüməsinə çevrildi".

***

ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silahların saxlanıldığı obyektlərin vurulması haqda əmr verib.

Donald Tramp hərbi əməliyyatın Böyük Britaniya və Fransa ilə birgə həyata keçirdiyini bildirib.

Məlumatı "Euronews" yayıb.

Tramp deyib ki, Rusiya nə istədiyi haqda qərar verməlidir: "Ya qaranlıq yolu izləmək, ya da sivil dünya ilə birgə olmaq".

O, əlavə edib ki, Amerika Rusiya və İranla münasibətlərin yaxşılaşmasında maraqlıdır: "Amma, bu, baş verməyə bilər".   

Amerikanın müdafiə naziri Ceyms Mettis artıq zərbələrin endirildiyini, yaxın zamanlarda növbəti hərbi zərbələrin planlaşdırdıqlarını söyləyib: 

"Budəfəki əməliyyatda sonuncudan fərqli olaraq endirilən raketlərin sayı iki dəfə çox olacaq”.

ABŞ Silahlı Qüvvələrinin qərargah rəisi Cozef Danford deyib ki, Rusiya Suriyaya istiqamətli hücumlar haqqında əvvəlcədən xəbərdar edilməsə də, konfensial kanallar qarşıdurmalardan yayınmaq üçün istifadə edilmişdi.

ABŞ prezidenti Trampın açıqlamasından qısa bir müddət sonra, İngiltərənin Baş naziri Tereza Mey deyib ki, Suriyalı rəsmilərin kimyəvi silahları saxlaya biləcəyi obyektlərə qarşı koordinasiyalı hücumlar etmək üçün Britaniya ordusuna əmr verib:

"Əməliyyatın məqsədi cəzasız olaraq kimyəvi silah istifadə edə biləcəyini düşünən hər kəsə açıq bir siqnal verməkdir. Bu əməliyyatlar Böyük Britaniyanın maraqlarına cavab verir".

Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib ki, onlar bu hərəkətlərin izsiz qalmayacağı haqda xəbərdarlıq etmişdilər. Bütün məsuliyyət Vaşinqtonun, Londonun və Parisin üzərində qalacaq.

 Eyni zamanda, "Al Arabiya" telekanalının verdiyi məlumata görə, Suriya hakimiyyəti ötən həftə cümə gecəsi hava hücumları nəticəsində vurulan hava meydançaları və hərbi bazalardan gələn avadanlıqları və personalı boşaltmaq üçün bütün tədbirləri görüb.

Meydan.tv