Türkiyəli müğənniyə torpaq vəd etdiyi deyilən icra başçısının mülkləri

Türkiyəli müğənniyə torpaq vəd etdiyi deyilən icra başçısının mülkləri

15-05-2018 15:44 / Bu xəbər 1398 dəfə oxundu

1450 manat maaş alan Elxan Usubovun 5 villasının olduğu bildirilir

Türkiyəli müğənni Petek Dinçöz Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ona torpaq sahəsi verəcəyini deyib. 

Sənətçi "ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib ki, icra başçısı ona söz verib: "Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.

Müğənninin açıqlaması sosial şəbəkələrdə geniş müzakirə olunub. Elxan Usubov isə deyilənləri təkzib edib:

"Petek xanımdı da, şou-biznes əhlidi, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə, bu nə dərəcədə düzgündür? İcra Hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsaydı, bu rəsmi olmalı idi. Bundan başqa, xarici vətəndaşın burda torpaq alması mümkün deyil".

Daha sonra Elxan Usubov bunları deyib:

"Petek xanım Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki şəhər İcra Hakimiyyəti və ARB kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz".

Yaranmış söz-söhbət başqa bir mövzuya da diqqət çəkir. Bir rayonun icra başçısı nə qədər maaş alır ki, o, kiməsə torpaq, mülk və ya bahalı hədiyyə ala bilsin?

"Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” prezident sərəncamına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri 1450 manat məvacib alır. Bu pulla mülk, torpaq almağın mümkünsüzlüyünü anlamaq üçün iqtisadçı olmaq lazım deyil.

İcra hakimiyyəti başçısı Elxan Usubovun adını internetdə axtarışa verdikdə ilk məlumatlardan biri kimi məhz onun mülkləri ilə bağlı yazı çıxır. Məsələn, "qlobal.az” saytı iddia edir ki, icra başçısının Şəkidə 5-dən çox villası var.

Yazıda həmçinin E.Usubovun tənqidi səsləri boğmasından, rayondakı fəaliyyətindən də bəhs olunur. Adı ictimaiyyətə yaxşı tanış olmayan "realnewsinfo.com” saytında isə yazılır ki, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin bir çoxu icra başçısına məxsusdur.

"Bundan başqa, Elxan Usubovun Şəkidəki süd zavoduna da şərikdir. Həmçinin məlumatlarda o da qeyd olunur ki, M.F.Axundov prospektində yerləşən "Şəki” oteli, Kiş kəndindəki "Narınqala”, "Şam bağı”, "Cənnət bağı”, Dağüstü park deyilən yerdəki "Panaroma” oteli də, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının nəzarətindədir. Qanuna əsasən, hansısa bir məmurun sahibkarlqla məşğul olması, biznes qurması yolverilməzdir” – yazıda qeyd olunur.

İnternet axtarış sistemində Elxan Usubovun məcburi köçkün ailəsinə münasibətindən tutmuş, müxalif düşüncəli insanlara göstərdiyi münasibətə qədər tənqidi yazılara rast gəlmək mümkündür.

"Regionxeberleri.com” isə iddia edir ki, Elxan Usubov böyük pullar qazansa da, tarixi Şəki şəhəri yavaş-yavaş itib-batır.

Meydan.tv