Vəkillər Kollegiyası sivil dünyanın gülüş hədəfində: AM vəkillərin xeyrinə qərar verdi [toplantıların stenoqramları]

Vəkillər Kollegiyası sivil dünyanın gülüş hədəfində: AM vəkillərin xeyrinə qərar verdi [toplantıların stenoqramları]

23-04-2018 15:16 / Bu xəbər 2619 dəfə oxundu

Avropa Məhkəməsinın iki tanınmış hüquqşünasla bağlı qərarı həm də VK-dakı acınacaqlı duruma işıq salır.

Xəbər verildiyi kimi, Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 19-da Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına qəbuldan imtina ilə bağlı şikayətləri üzrə qərar qəbul edib. Avropa Məhkəməsi bu imtinanın ərizəçilərin baxışları ilə bağlı olduğu qənaətinə gələrək Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusunu tanıyıb. Həmçinin Məhkəmə İ.Əliyevin 2014-cü ildə həbs olunması zamanı onun ofisindən və yaşadığı mənzildən Avropa Məhkəməsində apardığı işlərlə bağlı bütün dosyelərin, o cümlədən bu şikayətlə bağlı sənədlərin götürülməsini və onların sahibinə qaytarılmamasını Strasburqa fərdi şikayət hüququna mane kimi qiymətləndirib və bu qənaətə gəlib ki, Hökumət həmçinin Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərini yerinə yetirməyib. Bu işlərdən birində ərizəçi olan İ.Əliyev həmçinin hər iki işdə həm yerli məhkəmələrdə, həm də AM-də hüquqi təmsilçiliyi həyata keçirib. İşlər ayrılıqda aparılsa da, sonradan AM onları bir icraatda birləşdirib.

Abzas.net xəbər verir ki, vəkillik peşəsi və ifadə azadlığının hədləri ilə bağlı məsələlərə toxunan bu qərar həm yerli, həm də beynəlxalq ekspertlərin böyük marağına səbəb olub.

Onu da qeyd edək ki, AM-in bu qərarı vəkilliklə bağlı Azərbaycandan getmiş çoxsaylı şikayətlər üzrə ilk qərardır. Bundan öncə Strasburq Məhkəməsi vəkillikdən çıxarılmış və ya VK-ya qəbuldan imtina olunmuş Namizəd Səfərovun, Lətifə Əliyevanın, Qurban Məmmədovun şikayətlərini qəbuledilməyən saymışdı. Bu baxımdan, AM-in İ.Əliyev və Ə.Hacıbəyli ilə bağlı qərarı hazırda şikayətləri AM-in icraatında olan VK-dan çıxarılmış bir neçə tanınmış vəkilin – Xalid Bağırovun, Əlaif Həsənovun, Yalçın İmanovun və başqalarının işləri ilə bağlı da çox önəmli presedentdir. Siyasi işlər sahəsində ixtisaslaşmış bu hüquqşünasları, əsasən, məhkəmələrin, hüquq-mühafizə orqanlarının tələbi ilə VK-dan çıxaran və ya vəkil kimi fəaliyyətlərini donduran VK-nın Rəyasət Heyəti və onun ardınca məhkəmələr öz qərarlarında oxşar arqumentlərə istinad ediblər.

İşin mahiyyəti ilə bağlı qısaca bunları bildirək.

Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanuna 3 iyun 2005-ci ildə edilən dəyişikliyə əsasən, həmin qanunun qüvvəyə minməsinə qədər hüquq xidmətlərinin göstərilməsi üçün lisenziyası olan hüquqşünaslar ixtisas imtahanı vermədən VK-nın üzvlüyünə qəbul olunmalı idilər. Ə.Hacıbəyli və İ.Əliyev də lisenziya əsasında fəaliyyət göstərən vəkillər idilər. 2005-ci ilin noyabr ayından lisenziyalı hüquqşünasların VK-ya üzvlüyü tanınsa da, bu qurum əvvəlcə 19 noyabr 2005-ci ildə İntiqam Əliyevə, 26 yanvar 2006-cı ildə isə Ənnağı Hacıbəyliyə yox cavabı verib. Əsas kimi onların mediada, müxtəlif tədbirlərdə tənqidi çıxışları, yerli məhkəmələrə və Avropa Məhkəməsinə şikayət vermələri olub.

Onu da qeyd edək ki, Avropa Məhkəməsinin Dövləti cəzalandırdığı qərarında qeyd olunan toplantıda iştirak edən VK Rəyasət Heyətinin üzvləri arasında o vaxt və ya hazırda Bakı Apellyasiya Məhkəməsinin, MSK-nın, Məhkəmə-Hüquq Şurasının üzvü olan şəxslər də var.

Hüquqşünaslar bu işlə bağlı Konstitusiya Məhkəməsi də daxil olmaqla, bütün məhkəmə sistemini bir neçə dəfə dövrə vurduqdan sonra, nəhayət, 2008-ci ildə Strasburqa üz tutublar. AM nə az, nə çox, 10 ildən sonra şikayətə baxıb qərar verib.

Ə.Hacıbəyli və İ.Əliyevlə bağlı qərarda marağı çəkən bir fakt odur ki, AM Rəyasət Heyətinin qərarının siyasi motivli oduğunu təsdiqləyən zaman VK RH-nin həmin toplantılarının stenoqramlarına sübut kimi istinad edib. AM-in qərarında həmin sənədin bir hissəsi və Rəyasət Heyəti üzvlərinin adları göstərilməməklə təqdim olunub. Abzas.net onları tam həcmdə oxuculara təqdim edir.

"19.11.2005. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev İntiqam Əliyev barədə məlumatları elan etdikdən sonra suallar üçün sözü Rəyasət Heyətinin üzvlərinə verir.

İkram Şirinov (VK RH-nin üzvü): İntiqam müəllim, siz Vəkillər Kollegiyasına qarşı məhkəmələrdə iş qaldırmısınız. Kollegiyanın üzvü olduqdan sonra həmin şikayətlərdən imtina edəcəksinizmi?

İntiqam Əliyev: Başqalarını bilmirəm, şəxsən mənim Vəkillər Kollegiyasına və Ədliyyə Nazirliyinə qarşı qaldırdığım iddialardan imtina etmək fikrim yoxdur. Təəssüf ki, adları çəkilən qurumların məhkəmələrə təzyiqləri nəticəsində həmin şikayətlərə qanunsuz olaraq bu günə qədər baxılmayıb. Mən yenə də o fikirdə qalıram ki, VK-nın təsis yığıncağı kobud qanun pozuntuları və antidemokratik şəraitdə keçirilib, lisenziyalı hüquqşünasların, vəkillərin hüquqları pozulub və bu, müvafiq hüquqi qiymətini almalıdır. Mən bu gün də hesab edirəm ki, Azər Tağıyevin bir məktubu əsasında «Vəkillər Kollegiyasına qarşı məhkəmədə iddia qaldırmaq olmaz!» – deyən məhkəmələr sifarişlə qərar qəbul ediblər və həmin qərarlar ləğv olunmalıdır. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Azərbaycan məhkəmələrinin həmin biabırçı qərarlarından biz Avropa Məhkəməsinə artıq bir neçə şikayət göndərmişik və onların arxasında da axıra qədər dayanmaq və şikayətlərinə məhkəmədə baxılmasını hüquqşünaslara, vəkillərə qadağan edən dövlətin cəzalandırılmasına nail olmaq fikrindəyik.

İkram Şirinov: Siz mətbuatdakı yazılarınızda bildirirsiniz ki, Azərbaycandakı məhkəmələrin bu gün acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri də vəkillikdir. Bu fikrə münasibətinizi bilmək istərdik.

İntiqam Əliyev: Mən indi də o fikirdəyəm. Hesab edirəm ki, Azərbaycanda qanunçuluğun, insan hüquqlarının indiki acınacaqlı vəziyyətinin əsas səbəblərindən biri də ölkədə müstəqil məhkəmə hakimiyyətinin və müstəqil vəkilliyin olmamasıdır. Məhkəmələr də, Vəkillər Kollegiyası da hakimiyyətin tam təsiri və nəzarəti altındadır. Məni bir hüquqşünas və vəkil kimi bu, çox narahat edir və bundan sonra da onların müstəqil olmaları uğrunda mübarizədə fəal iştirak etmək fikrindəyəm.

Məlumat üçün nəzərinizə çatdırım ki, bir neçə gün bundan qabaq ATƏT-in Tbilisidə Vəkillik mövzusunda təşkil etdiyi böyük bir beynəlxalq konfransda da bildirmişəm ki, ictimai birlik olan Vəkillər Kollegiyası Azərbaycanda faktiki olaraq nazirlik kimi idarə olunur. Bu qurumda hər hansı demokratik idarəçilikdən söhbət belə gedə bilməz.

Şəfayət Həsənov (RH üzvü): İntiqam müəllim doğru deyir, amma həmin tədbirdə Vəkillər Kollegiyasının nümayəndəsi Rəna xanım onun bu çıxışına etiraz bildirən çıxış etdi.

İntiqam Əliyev: Bir balaca dəqiqləşdirmə aparım. Vəkillər Kollegiyasının nümayəndələri tədbirdə çıxış edib dedilər ki, Azərbaycanda vəkilliyin inkişafı üçün hər cür şərait yaradılıb, vəkilliyə dövlət qayğısı var, ölkə prezidenti fərman verib ki, Kollegiyaya bina, maşın, vəkillərə paltar verilsin. Biz də çıxış edib dedik ki, bu çox anormal bir şeydir ki, hakimiyyət vəkillərə bu cür hədiyyələr verir: belə şeylərin arxasında nələrin dayandığını izah etməyə ehtiyac yoxdur. Hakimiyyət ölkədə vəkillik fəaliyyətini həyata keçirmək üçün normal mühit yaratmalıdır ki, vəkillər bütün dünyada olduğu kimi, yaxşı qazansınlar, həmin fərmanda göstərilən şeyləri özləri alsınlar, hələ dövlətə də xeyir versinlər.

İkram Şirinov: Siz bu gün də hesab edirsiniz ki, Vəkillər Kollegiyası ictimai birlikdir?

İntiqam Əliyev: Siz əgər hesab edirsinizsə və məndən də bu cavabı eşitmək istəyirsinizsə ki, Azər Tağıyevin dediyi kimi, Vəkillər Kollegiyası ictimai birlik deyil, konstitusion orqandır, səhv edirsiniz. Vəkillər Kollegiyası məhz ictimai birlikdir – vəkillərin peşə birliyidir!

Azər Tağıyev (RH-nin sədri): Sizin rəhbərlik etdiyiniz təşkilat – Hüquq Maarifçiliyi Cəmiyyəti də ictimai birlikdir. İctimai birliyiniz ola-ola, niyə Vəkillər Kollegiyasına da üzv olmağa can atırsınız?

İntiqam Əliyev: Siz hansı qurumlara üzv olmağımla bağlı bəlkə mənə göstəriş də verəsiniz?! Mənim istənilən ictimai birlik yaratmaq və ya mövcud olan ictimai birliyə üzv olmaq haqqım var. Və həmin birliklərə daxil olanda, heç kəslə məsləhətləşmək fikrim yoxdur.

Vəkillər Kollegiyasına üzvlüyə gəldikdə isə Azərbaycan qanunvericiliyi vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünasların bu quruma məcburi üzvlüyünü müəyyən edir. Bu gün ölkədə bu fəaliyyətlə məşğul olmaq istəyənləri öz sıralarında birləşdirən bir təşkilat var və vəkilliklə məşğul olmaq istəyənlər ora üzv olmalıdır. Əgər qanunvericilik başqa bir vəkillər kollegiyasının yaradılmasına yol versəydi, biz bura gəlməzdik.

Akif Əhmədov (RH üzvü): Mənim İntiqam müəllimə bir insan və hüquqşünas kimi böyük hörmətim var. Amma o, mətbuatda və «Hüquq qəzeti»ndə (İ.Əliyev həmm illərdə dərc olunan bu qəzetin təsisçisi və baş redaktoru olub – red.) Vəkillər Kollegiyasının üzvlərini təhqir edən yazılar dərc edib.

İntiqam Əliyev: Mən kimi təhqir etmişəm?!

Akif Əhmədov: Siz yazılarınızda Vəkillər Kollegiyasını təhqir etmisiniz. Siz yazırsınız ki, vəkillər vasitəçiliklə məşğuldurlar.

İntiqam Əliyev: Əvvəla, Vəkillər Kollegiyasının rəhbərliyi bu qurumu cılız, qapalı və idarə olunan bir təşkilat səviyyəsinə endirməklə, təşkilatın qapılarını qanunsuz olaraq hüquqşünasların üzünə bağlamaqla, təşkilatda yaltaqlıq və qorxu mühiti yaratmaqla neçə illərdir ki, bizləri təhqir edir. İkincisi, mən indi də o fikirdəyəm ki, vəkillərin böyük bir hissəsi vasitəçiliklə məşğuldur. Bu gün Kollegiyada xeyli adam var ki, orderini 20-50 min manata (o vaxtın köhnə pulu, indiki pulla 20-50 AZN – red.) satıb istənilən sənədə qol atmağa hazırdır.

Azər Tağıyev: Siz məhkəmələrdə Vəkillər Kollegiyasına qarşı qaldırdığınız iddiaları bundan sonra da müdafiə edəcəyinizi bildirməklə, belə çıxır ki, mövcud Vəkillər Kollegiyasının qanuniliyini tanımırsınız?!

İntiqam Əliyev: Əvvəla, mən və həmkarlarım Vəkillər Kollegiyasının qanuniliyi məsələsini yox, kobud qanun pozuntuları ilə keçirilən təsis yığıncağının etibarsızlığı məsələsini məhkəmələr qarşısında qaldırmışıq. Özü də bu iddialar bizim VK-nın üzvü kimi statusumuzun qanunvericilik səviyyəsində dəyişikliklər yolu ilə tanınmasına qədər qaldırılıb. Həmkarlarımın adından danışmaq istəmirəm, şəxsən mən bu prosesləri axırına qədər çatdırmaq fikrindəyəm. O cümlədən Vəkillər Kollegiyasından qanunsuz olaraq çıxarılmış həmkarlarımızın Kollegiyaya qarşı verdikləri şikayətlərdə onlara dəstək olacağımı bilməyinizi istərdim.

Sizin burada mənə belə məzmunda suallar verməyə, mənim baxışlarımı müzakirəyə çıxarmağa heç bir haqqınız yoxdur! Sizlər hökumətin sifarişi ilə Kollegiyanın təsis yığıncağına bizi qanunsuz olaraq buraxmadıqdan sonra bu özbaşınalığa qarşı uzun sürən mübarizəmizin və beynəlxalq təşkilatların təzyiqlərinin nəticəsi olaraq qanunvericilik Kollegiyanın üzvü kimi bizim haqqımızı artıq tanıyıb. Sizin vəzifəniz sadəcə olaraq bu haqqı rəsmiləşdirməkdir.

Ona görə də, mən sizin bu suallarınızın heç birinə cavab verməyə bilərdim. Amma mən bütün suallarınıza cavab verəcəyəm. Əgər sizlər fikirləşirsinizsə ki, Kollegiyaya üzv qəbul etməyəcəyiniz qorxusu məni düşündüklərimi deməkdən çəkindirə bilər, bərk yanılırsınız. Hələ bir şey də nəzərinizə çatdırmaq istərdim: Vəkillər Kollegiyasına üzv olduqdan sonra belə bir təkliflə çıxış etmək fikrindəyəm ki, Kollegiyanın üzvlərinin növbədənkənar yığıncağı çağırılsın və demokratik şəraitdə onun normal nizamnaməsi qəbul edilsin, seçkili orqanları formalaşdırılsın.

Azər Tağıyev: Siz Vəkillər Kollegiyasına üzv olmaq istəyirsiniz, amma ona qarşı iş qaldırırsınız?!

İntiqam Əliyev: Nədir bəyəm, Vəkillər Kollegiyasına qarşı iş qaldırmaq olmaz?! Sizin qanununuzda vəkillərin Kollegiyaya qarşı şikayət vermək hüququ nəzərdə tutulub.

Azər Tağıyev: Siz hələ vəkil deyilsiniz.

İntiqam Əliyev: Mən 15 ildir vəkillik eləyirəm və dövlət də mənə lisenziya verib. Bir də ki, mənim vəkil olub-olmamağımın nə fərqi var?! Siz axı vəkillərsiz, vəkil necə bu cür danışa bilər?! İstənilən adamın istənilən quruma, o cümlədən Vəkillər Kollegiyasına qarşı məhkəmədə iş qaldırmaq haqqı var!

Azər Tağıyev: Hesab edirəm ki, Rəyasət Heyəti səsvermə yolu ilə münasibətini bildirməlidir.

İntiqam Əliyev: Mən bu gün də hesab edirəm ki, bir qrup adamın monopoliyasında olan Vəkillər Kollegiyasında antidemokratik bir mühit var. Mən bunu dünən də deyirdim, bu gün də deyirəm. Məni VK-ya qəbul etsəniz də deyəcəyəm, qəbul etməsiniz də.

İkram Şirinov: İntiqam Əliyev mövcud Vəkillər Kollegiyasına qarşı bu cür mövqe tutduğu halda onu Kollegiyaya üzv qəbul etmək olmaz.

İntiqam Əliyev: Əgər siz məni Vəkillər Kollegiyasının və onun rəhbərliyinin fəaliyyəti ilə bağlı tənqidi fikirlərimə görə Kollegiyaya üzv qəbul etməkdən imtina etsəniz, bu qərar nə qədər biabırçı olsa da, mənə təəccüblü görünməz. Biz sifarişlə işləyən qurumların və şəxslərin bu cür qərarlarına artıq öyrənmişik. Amma məni bir şey maraqlandırır ki, qanun mənim Kollegiyanın üzvü kimi statusumu tanıdığı halda, siz qərarınızda bu quruma qəbul etməkdən imtinanızı necə əsaslandıracaqsınız?! Nə yazacaqsınız orada: yazacaqsız ki, baxışları xoşumuza gəlmir?! Bir şeyə əmin ola bilərsiniz ki, bu özbaşınalıqlara görə cavab verəcəyiniz gün mütləq gələcək.

Azər Tağıyev: Kim İntiqam Əliyevin Vəkillər Kollegiyasına qəbulundan imtina olunması barədə qərarın lehinədir, xahiş edirəm, səs versin.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvlərinin səs yekdilliyi ilə İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilməsindən imtina edilir”.

Ay yarım sonra isə Vəkillər Kollegiyası Rəyasət Heyəti Ənnağı Hacıbəylinin bu quruma üzvlüyündən imtina edib. Aşağıda həmin toplantının da stenoqramı təqdim edilir:

"26.01.2006. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev Ənnağı Hacıbəyli barədə məlumatları elan etdikdən sonra suallar üçün sözü Rəyasət Heyətinin üzvlərinə verir.

İkram Şirinov: Ənnağı müəllim, Siz Vəkillər Kollegiyasının təsis konfransının etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış hüquqşünaslardan birisiniz. Bu barədə nə deyə bilərsiniz?

Ənnağı Hacıbəyli: Güman edirəm ki, mövqeyim Rəyasət Heyətinin üzvlərinə bəllidir. İndi də o fikirdəyəm ki, Vəkillər Kollegiyasının təsis yığıncağı keçirilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulub, o sıradan VK-nın təsisçisi olmaq hüququ olan şəxslərin bir çoxu qanunsuz olaraq təsis yığıncağına buraxılmayıb.

Azər Tağıyev: Ənnağı müəllim, fikriniz aydındır. Xahiş edirəm, bayırda gözləyin, biz müzakirə aparmaq istəyirik.

Akif Əhmədov: Bir dəqiqə dayanın, mənim sualım var.

Ənnağı Hacıbəyli: Buyurun.

Rəyasət Heyətinin üzvü: Belə çıxır ki, Siz bu qurumu qanunsuz hesab edirsiniz. Onda nəyə görə bu təşkilata üzv olmaq istəyirsiniz.

Ənnağı Hacıbəyli: Mənim Vəkillər Kollegiyasının təsis yığıncağı barədə nə düşündüyümdən asılı olmayaraq, onun yaradılması və fəaliyyəti faktdır. Təəssüf ki, Azərbaycan qanunvericiliyi yalnız bir kollegiyanın yaradılmasına icazə verir. Mən isə vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Ona görə də bu Kollegiyaya daxil olmaq üçün ərizə vermişəm.

Azər Tağıyev: Hər şey aydındır. Xahiş edirəm, gözləyin, qərar qəbul edək”.

Avropa Məhkəməsi Vəkillər Kollegiyasının bu cür arqumentlərlə hüquqşünasları VK-ya qəbul etməkdən imtinasını ifadə azadlığnın pozuntu sayıb. Vəkillər Kollegiyasının yeni rəhbərliyi bu qərarla bağıı hələ ki, münasibətini açıqlamayıb. Maraqlıdır, onlar AM-in qərarını tanıyıb hüquqşünasların, nəhayət, vəkil kimi haqlarını tanıyacaq yoxsa qərarı iqnor edib özləri üçün başağrısı yaratmaq istəməyəcəklər.

Müəlliflər: İntiqam Əliyev, Ənnağı Hacıbəyli