Vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT elçiləri ilə görüşüblər

Vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT elçiləri ilə görüşüblər

22-02-2018 18:32 / Bu xəbər 1804 dəfə oxundu

Vətəndaş cəmiyyətinin təmsilçiləri fevralın 22-də Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüblər.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyib. 

Onun deməsinə görə, Azərbaycandakı seçkilər, seçki mühiti, qanunvericilik və vətəndaş cəmiyyəti institutlarının durumu əsas müzakirə obyekti olub.

A.Qurbanov deyir ki, missiya Azərbaycandakı seçkiöncəsi durumu bilir: "2013-cü ildən sonrakı durumu, 2015-ci ildəki parlament seçkilərini və ondan sonra baş verənləri də bilirlər".

MSK-nın keçmiş üzvü vurğulayır ki, müzakirələrdə ümumi olaraq vətəndaş cəmiyyəti institutlarının, medianın basqı altında olması, hakimiyyət bölgüsü prinsipinin pozulması və seçki komissiyalarının vəziyyəti diqqətə çatdırılıb.

A.Qurbanov hesab edir ki, missiyanın hazırlayacağı hesabat əsasında ATƏT DTİHB-nın seçkilərə müşahidəyə gəlib-gəlməməsi ilə bağlı qərar veriləcək: "Görüşdən qənaətim odur ki, ölkədəki vəziyyət onlara kifayət qədər aydındır. Aydınlaşdırmaq istədikləri suallara da lazımi cavablar verdik".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qiymətləndirmə missiyası fevralın 21-dən Azərbaycanda səfərdədir. 

Missiya Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək məqsədi ilə gəlib.

Missiya dünən, fevralın 21-i görüşlərə başlayıb. Onlar öncə Mərkəzi Seçki Komissiyasında (MSK) olublar. MSK sədri Məzahir Pənahov və digər komissiya təmsilçiləri ilə görüşüblər. 

Daha sonra isə hakim Yeni Azərbaycan Partiyasında görüş keçirilib.

Missiya üzvlərinin ölkə rəsmiləri və seçki prosesinin başqa iştirakçıları ilə görüşləri də gözlənir.

Missiya səfərin yekunları ilə bağlı məruzə hazırlayıb yaymalıdır.

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. 

O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. 

Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi təsdiq edilib.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.///azadliq.org