Vətəndaş cəmiyyətinin yaydığı sənədə reaksiya: "Seçkilər qeyri-legitimdir"

Vətəndaş cəmiyyətinin yaydığı sənədə reaksiya:

10-04-2018 18:09 / Bu xəbər 1323 dəfə oxundu

Vətəndaş cəmiyyətinin nümayəndələri: "Seçkilər qeyri-legitimdir"

Vətəndaş Cəmiyyəti nümayəndələri 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini qiymətləndirmə sənədi yayıblar. 

Sənəd müəllifləri hesab edirlər ki, növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin prezidentə məxsusluğu formal olaraq leqal akt kimi görünsə də, demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir.

Bəs görəsən müxalifət patiyaları bu qiymətləndirmə ilə razıdırlarmı? 

"Bu sənəddə qeyd edilən məsələlər həqiqətən mövcuddur"

Müsavat Partiyasının başqanı Arif Hacılı Toplum Tv-yə açıqlamasında deyib ki, bu sənəddə qeyd edilən məsələlər həqiqətən mövcuddur: "Təəssüf ki, ATƏT-in müşahidə missiyasının da yaydığı aralıq hesabat ölkədə seçkilərlə bağlı olan vəziyyəti obyektiv əks etdirmir. Ölkədə hazırda demokratik seçkilərin keçirilməsi üçün şərait mövcud deyil. Qanunvericilik kifayət qədər problemlidir. Bərabərhüquqlu təbliğat imkanları yoxdur. Seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır. Təbii ki, belə bir şəraitdə keçirilən seçkilərin nəticələrini azad və ədalətli hesab etmək mümkün deyil".

"Sivil toplumun vəziyyəti yaxşı deyil"

ReAl İdarə Heyətinin üvü Azər Qasımlı da bu qiymətləndirmə ilə razı olduğunu deyib: "Qiymətləndirmə ilə tamamilə razıyıq. Biz də hesab edirik ki, seçkiqabağı mühit də Azərbaycanda seçkilərin keçirilməsi üçün uyğun deyil. Çünki ölkədə siyasi məhbuslar var, bu seçkilərdə namizəd kimi iştirak edə biləcək və İlham Əliyevin rəqibi ola biləcək şəxs İlqar Məmmədov da həbsdədir. Sivil toplumun vəziyyəti yaxşı deyil. Seçkinin özü, yəni namizdlərin məhz İlham Əliyevin alternativ olmaları müstəqil olmaları ciddi şəkildə şübhə doğurur. Hətta deyərdim ki, Azərbaycan cəmiyyətində artıq heç kəs bu şəxsləri müstəqil bir siyasətçi kimi hesab etmir. Əminlik var ki, bu insanlar hakimiyyət tərərfindən irəli sürülüb, onlar üçün imzalar toplanılıb və debatda da onların çıxıları belə əvvəlcədən Prezident Administrasiyası tərəfindən yazılıb. ATƏT-in aralıq hesabatına gəldikdə isə mən tamamilə razıyam, bu dediyim məqamların heç biri o hesabatda öz əksini tapmayıb. Açıq şəkildə faktların göstərildiyini görmədik. Ümid edirik ki, bundan sonrakı yekun hesabatları fərqli olacaq”.

"Hökumətə təkliflər davam etməlidir"

Hüquq müdafiəçisi Bəşir Süleymanlı isə hesab edir ki, hökumətə təkliflər davam etməlidir: "Vətəndaş cəmiyyəti müstəqil mövqelərə əsasən beynəlxalq sənədlərə və seçkilərin, o cümlədən fundamental azadlıqlarla bağlı qiymətləndirmə aparan beynəlxalq təşkilatların öhdəliklərinə əsaslanıb. Biz və digər şəxslər seçkilərlə bağlı çıxış edərkən daha çox beynəlxalq sənədləri, beynəlxalq öhdəlikləri götürürük. Yəni ölkədə əgər qanunvericiliklə bağlı problemlər varsa, fundametal azadlıqları praktiki olaraq keçirtmək mümkün deyilsə, bunun hər zaman Azərbaycanın qoşulduğu sənədlərə istinadən deyirik. Təbii ki, indiki durumda biz bundan əvvəlki dövrlərdə də daim müəyyən sənədlərlə çıxış etmişik, hökumətə təkliflər göndərmişik. Əvvəlki dövrlərdə Seçki Məcəlləsi ilə bağlı müxtəlif paketlər hazırlanıb hökumətə təqdim olunub. Vətəndaş cəmiyyətinin də qeyd etdiyi kimi, QHT-lərə olan təzyiqlər barədə də hökumətə təkliflər göndərilib. Amma təəsüf ki, bunların heç birisinin müsbət nəticəsi olmayıb. Bu gün də daxil olmaqla biz görürük ki, ölkədə keçirilən seçkilər yenədə siyasi məhbusların olması ilə, siyasi azadlıqların məhdudlaşdırması ilə və digər basqlarla müşayiət olunur. Bu sahədə hər bir tərəfə şərait yaradılmalı, alternativ insanların seçkidə iştirak etməsinə şərait yaradılmalıdır. Hələ ki, biz bunları görmürük. Hökumətə təkliflər davam etməlidir”.

"Bu qiymətləndirə ilə razıyam"

Milli Şuranın sədri Cəmil Həsənli də bu qiymətləndirmə ilə razı olduğunu deyib: "Bu qiymətləndirmə ilə razıyam. Bu şəxslərin seçkinin qiymətləndirilməsi sahəsində, mətbuat orqanlarında zəngin təcrübələri var. Onların qiymətləndirməsi doğrudur. Azərbaycanda heç bir seçki mühiti yoxdur. 11 apreldə nə baş verməsindən asılı olmayaraq, indiki durumuna görə artıq qeyri-legitimdir. Hesab edirəm ki, ATƏT-in müşahidə missiyasının yaydığı sənəd seçki mühiti ilə bağlı obyektiv gerçəkliyi əks etdirmir. Bu Azərbaycanda saxta seçkilərə müxtəlif ifadələrlə, müxtəlif formalarda buna don geyindirir. Seçki mühiti olmaya-olmaya onu əsaslandırmaq cəhdidir. Vətəndaş cəmiyyətinin qiymətləndirməsi ilə tamamilə razıyam. Aprelin 11-də seçki başa çatdıqdan sonra axşam bizim qiymətləndirməmiz hazır olacaq və ingilis dilində yayılacaq”.

Vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, ölkədə seçkiöncəsi mühit olmadığı və seçkilərin beynəlxalq standartlara uyğunsuzluğu müxalif qüvvələri seçkidə iştirakdan imtinaya sövq edib: "Seçki mühitinin və seçki qanunvericiliyinin azad və ədalətli seçkilərə təminat verməməsi, o cümlədən beynəlxalq standartlara uyğunsuzluğu, cəmiyyətə bunun zəruriliyini şərtləndirən ağlabatan izahat vermədən növbədənkənar seçki qərarına etiraz edən əsas müxalif qurumlar Milli Şura, Musavat Partiyası və REAL Təşkilatı seçkilərdə iştirakdan imtina edib. Nəticədə, əsas müxalif qüvvələrin qatılmadığı seçki faktiki olaraq siyasi alternativsizlik və bir partiyanın (YAP) bütün sferalarda hakim olduğu siyasi mühitdə baş verir". 

Sənəddə bildirilir ki, 9 oktyabr 2013-cü prezident seckilərindən sonra ölkədə siyasi gərginlik mövcuddur, siyasi hüquqlar və onların fəaliyyət mühiti ciddi şəkildə məhdudlaşdırılıb. 

Hakimiyyəti siyasi  siyasi opponentlərinə, müstəqil media və qeyri-hökumət təşkilatlarına təzyiqdə ittiham edən sənəd müəllifləri hazırda ölkədə 100-dən çox siyasi məhbusun olduğunu bildiriblər. 

"Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakının yarımqapalı "Məhsul” stadionunda müxalif qurumların (Milli Şura və Musavat Partiyası) toplantılarına icazə verilib. Bu toplantılara  qatılmaq istəyənlər çox zaman süni maneələrlə qarşılaşıb, polis nümayişkaranə şəkildə gələnləri videolentə alıb və sonra həmin görüntülər əsasında iştirakçılar həm özləri, həm də ailə üzvləri müxtəlif  təzyiqlərlə üzləşiblər. Toplantıları önləmək üçün fəalların müxtəlif bəhanələrlə inzibati həbsi kimi praktika da uzun illərdir geniş yayılıb. Dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq müxalif REAL-a partiya təsis qurultayını keçirmək üçün yer verilməyib", - sənəddə deyilir.

Ölkədə siyasi və iqtisadi basqılara toxunan VC nümayəndələri QHT sektorunda ciddi problemlərin oduğunu qeyd ediblər: "Uzun illərdir ki, müstəqil vətəndaş cəmiyyəti qurumlarına sistemli basqıların 2014-cü ildən sonra daha da güclənməsi QHT sektorunu iflic edib. Müstəqil QHT-lərə qarşı və onlarla əməkdaşlıq edən bəzi beynəlxalq təşkilatlara qarşı 2014-cü ildə açılmış cinayət işi hələ də qüvvədədir. Bu cinayət işi ilə bağlı 2017-ci ildə də həbslər baş verib. Ölkənin tanınmış vətəndaş cəmiyyəti təmsilçilərinin - vəkillərin, jurnalistlərin, ictimai və siyasi fəalların ölkədən çıxışına qadağa qoyulub, bəzilərinin bank hesabları hələ də həbsdədir. Xarici donorların (Qərb mənşəli) ölkədə fəaliyyəti də demək olar ki, qadağan edilib. Bu təşkilatların dəstək verdiyi layihələri (qrant müqavilələrini) səlahiyyətli dövlət qurumları qeydiyyata almaqdan imtina edir".

Son 15 ildə seçkiləri tənziləyən Seçki Məcəlləsində 200-dən çox maddənin dəyişdirildiyini deyən sənəd müəllifləri hesab edirlər ki, bu dəyişiklər əsasən də mühafizəkar xarakterli olub: "2008 və 2010-cu illərdə SM-ə edilən əlavə və dəyişikliklər nəticəsində təşviqat müddəti seçkilərə 60 gün qalmışdan 23 gün qalmışadək azaldılması, dövlət televiziya və radiosunda təşviqat imkanlarının qadağan edilməsi normal təşviqat imkanlarını xeyli məhdudlaşdırıb və hakim partiyanın namizədinə digərləri ilə müqayisədə aşkar üstünlük verib".

Sənəddə ATƏT/DTİHB SMM-in seçkiöncəsi ilk aralıq hesabatı da tənqid olunub. Onlar hesab edirlər ki,  beynəlxalq qurumların bu cür üzgörənliyi hökumətə geniş manipulyasiya imkanı tanıyır: "30 mart 2018-ci ildə ATƏT/DTİHB SMM-in ilk aralıq hesabatı yayılıb. Həmin hesabatda bir sıra problemlər öz əksini tapsa da, ümumilikdə bu sənədi hazırlayanlar duruma adekvat olmayan daha ölçülü-biçili qiymətləndirmə ortaya qoyublar ki, bu da yerli ictimaiyyətin tənqidi ilə rastlaşıb. Halbuki bu qurumun bundan öncəki hesabatlarında göstərilən dəyərləndirmələr daha sərt idi və həmin hesabatlardan ötən dövr ərzində ölkədə seçki mühiti nəinki yaxşılaşıb, əksinə qat-qat pisləşib. Vətəndaş cəmiyyəti seçki müşahidəçiliyini həyata keçirən beynəlxalq qurumların bu cür üzgörənliyinin hökumətə geniş manipulyasiya imkanları verdiyini məyusluq hissi ilə qeyd edir".

Vətəndaş Cəmiyyəti hesab edir ki, yerli və beynəlxalq ictimaiyyətdə AŞPA-nın missiyasının da seçkiləri obyektiv və professional müşahidə etməsi barədə ciddi şübhələr var. 

Azərbaycan hökumətini götürdüyü öhdəlikləri icra etməməkdə günahlandıran sənəd müəllifləri qeyd edirlər ki, beynəlxalq ictimaiyyət bu amilləri nəzərə almalıdır: "Avropa Şurası Nazirlər Komitəsi seçki şikayətləri ilə bağlı AİHM-ın qərarlarının icrası sahəsində Hökumətin gördüyü işləri yetərli saymayıb. Onun tövsiyələri hələ də icra olunmamış qalır".

Seçkilərdə real alternativin olmadığını deyən müəlliflər vurğulayıblar ki, alternativlər əsasən hakim partiyanın namizədini açıq şəkildə müdafiə ediblər. 

Onların fikrincə, seçkiöncəsi təbliğat və təşviqat zamanı təşkil olunan debatlar süni görüntü xarakteri daşıyıb: "Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlərə İTV və İcimai Radionun efirindən həftədə 3 saat olmaqla pulsuz efir vaxtı verilib. Namizdədlərin əksəriyyətinin hakim partiyanın namizədini açıq şəkildə müdafiə etdiyi bu debatlar tam formal xarakterli olmaqla, alternativlik və rəqabət görüntüsü yaratmağa xidmət edir". 

Ölkədə alternativ informasiya mənbəyi kimi qəbul olunan əsas resursların bloklandığı da sənəddə əksini tapıb: " Azadlıq Radiosunun internet səhifəsi, Turan TV, Azərbaycan Saatı, Meydan TV və "Azadlıq” qəzetinin yayımı məhkəmə qərarı ilə qadağan edilmiş, onlara internet üzərindən çıxış rəsmən dayandırılıb. Həmçinin müstəqil internet televiziyası olan Meydan TV-yə qarşı 2015-ci ildə qa ldırılan cinayət işinin taleyi hələ də sual altındadır. Onunla əməkdaşlıq etmiş jurnalistlər dəfələrlə istintaqda dindirilib və onların hərəkat azadlıqları qanunsuz olaraq məhdudlaşdırılaraq ölkədən çıxışlarına qadağa qoyulub". 

Belə bir şəraitdə keçirilən seçkilərin qeyri-legitim olduğunu deyən VC nümayəndələri beynəlxalq təşkilatları seçkilərin nəticələrinə obyektiv qiymət verməyə çağırıblar. 

Sənəd müəllifləri beynəlxalq təşkilatlara tövsiyə ediblər ki, Azərbaycan hakimiyyətindən siyasi islahatlarla bağlı öhdəlikəri yerinə yetirməyi tələb etsinlər: "Ölkədə siyasi və vətəndaş cəmiyyəti fəallarına, müstəqil mediaya qarşı aparılan repressiyalar dayandırılmalı, beynəlxalq ictimaiyyətin siyasi məhbus kimi tanıdığı şəxslər həbsdən azad olunmalı, siyasi hakimiyyət bütün siyasi rəqiblərinin dövlət və yerli idarəetmədə sərbəst və bərabər təmsilçiliyini təmin etməli, sərbəst toplaşmaq, söz və mətbuat azadlığına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmalı, medianın normal fəaliyyəti üçün şərait yaradılmalı, Seçki Məcəlləsi Azərbaycanın üzərinə götürdüyü öhdəliklərərə, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən Venesiya Komissiyasının, Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrinə uyğun hala gətirilməlidir".

Sənədi imzalayan şəxslər və qurumlar: 

1. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun sədri
2. Ənnağı Hacıbəyli, hüquq müdafiəçisi, hüquqşünas
3. Ələsgər Məmmədli, media eksperti, hüquqşünas
4. Xalid Ağaliyev, media eksperti, hüquqşünas
5. Xalid Bağırov, hüquq müdafiəçisi, hüquqşünas
6. Xədicə İsmayıl, hüquq müdafiəçisi, araşdırmaçı jurnalist, keçmiş siyasi məhbus
7. İntiqam Əliyev, hüquq müdafiəçisi, keçmiş siyasi məhbus
8. Qubad İbadoğlu, Ictimai Təşəbüslər Mərkəzinin sədri
9.  Mehman Əliyev, Turan İnformasiya Agentliyinin rəhbəri
10. Rəsul Cəfərov, huquq müdəfiəçisi, keçmiş siyasi məhbus 
11. Rövşən Hacıbəyli, "Azadlıq" qəzetinin redaktoru, hüquq müdafiəçisi
12. Samir Kazımlı, hüquq müdafiəçisi
13. Şahvələd Çobanoğlu, hüquq müdafiəçisi, jurnalist
14. Yalçın İmanov, hüquq müdafiəçisi, hüquqşünas.
 

Alya Ağayeva 
Toplum TV