Vətənpərvərlik, yoxsa jurnalistika prinsipləri?

Vətənpərvərlik, yoxsa jurnalistika prinsipləri?

13-09-2018 17:50 / Bu xəbər 3632 dəfə oxundu

Aynur Elgünəş

Vaxtaşırı sosial şəbəkələrdə, ictimai rəydə mediada dərc olunan yazılarla bağlı müzakirələr gedir. Demək olar ki, hamı: müxalifəti, iqtidarı, millətçisi, kosmopoliti, dindarı, ateisti – bir sözlə, özünü tanıyan və tanımayan, mövzunu bilən və bilməyən hər kəs bu haqda yazır, tənqidi fikirlər səsləndirir, hətta təhqirlərə də yol verilir.

Bu müzakirələr isə mövzunu aydınlaşdırmaq üçün suallar doğurur: jurnalist nəyi yazmalıdır və yaxud nəyi yaza bilməz? Vətənpərvərlik, dövlətçilikmi öndədir, ya jurnalistika prinsipləri?

Əslində, bu tənqidin özü iki cəhətdən yaxşıdır: birincisi, mövcud idarəetmədən mənfi emosiyaya yüklənmiş və qəzəbini içində boğan cəmiyyət enerjisini bu mövzulardan çıxara bilir, ikincisi, daim gündəmdə olursan, yazdıqların insanları düşünməyə, təhlil etməyə, deyinməyə və s. vadar edir...

Bütün yazılanları oxuyan, ara-sıra rəy bildirən biri kimi yuxarıda qeyd etdiyim suallara isə cavabım aydındır. Bir çoxunu xəyal qırıqlığına uğratsam da, deməliyəm ki, bu halda ultrapatriotizmə yox, jurnalistika prinsiplərinə üstünlük verirəm.

Mənə görə, doğrunu yazmaq elə vətənpərvərlikdir, insanpərvərlikdir, dövlətçilikdir… Ona görə də jurnalistika üçün dost, düşmən anlayışı yoxdur, həqiqət, obyektivlik prinsipi var.

Azərbaycan mediasının bədbəxtliyi isə məhz bu prinsiplərdən uzaq durmağındadır. Bunu kimsə dansa da, danmasa da həqiqət budur.

Bu yazıda bir neçə misalla fikirlərimi əsaslandırmağa çalışacağam ki, bununla da "jurnalist nəyi necə yazmalıdır” sualına bir az aydınlıq gətirə bilim.

Hamı jurnalist deyil, amma hamı oxucudur, o baxımdan nəyisə qınayanda bu prinsiplərin də vacibliyindən xəbərləri olsa, yaxşıdır.

Sözlə işləyən adam həssas, el dili ilə desək, vasvası olmalıdır. Sözünün, fikrinin yanlış anlaşılacağına diqqət etməlidir, xüsusilə də az qala hər sözündən ikibaşlı məna çıxarılması mümkün olan Azərbaycan dilində yazırsa...

Bu günlərdə fikirlərimə irad bildirən dostlardan biri dedi ki, bu, söz oyunudur. Bəli, elədir. Biz də söz adamıyıq, sözü qoyub futbol oynayası deyilik ki. Sözün şahə qaldırdığı və ya qan yatırtdığı məqamlara diqqət etmək, ortaq məxrəc seçmək ən doğru yoldur, xüsusilə konfliktologiya ilə bağlı məsələlərdə...

Sən özünü sülhpərvər, insan haqlarını qoruyan bir media qurumu hesab edirsənsə, mütləq diqqətli olmalısan.

Məsələn, insan özünü hansısa qəbul etmədiyin təşkilatın sədri hesab edirsə, sən onu qondarma təşkilatın rəhbəri yazmaq əvəzinə "özünü filan təşkilatın rəhbəri hesab edən filankəs” kimi təqdim etsən, daha uyğun və qıcıqsız olmazmı?

Yaxud "separatçı” sözünün qarşısında milləti yazmayanda vətənpərvərliyə, dövlətçiliyə xələl gətirən bir işmi görürsən? Separatçının, terrorçunun milləti, dini varmı?

"Qondarma” ifadəsi yanlış deyil, amma bir az mövqe təsiri bağışlayır. Onun yerinə "tanınmamış” işlətməklə onsuz da həmin qurumu dəstəkləmiş olmursan. Sadəcə, yumşaq forma seçməklə tərəfsizliyini ortaya qoyursan.

Ümumiyyətlə, jurnalistin məlumatı, işi üçüncü şəxsdə olmalıdır. Heç vaxt birinci şəxsdə yazan media qurumuna tərəfsiz demək olmaz. Məsələn, xəbərdə (müəllif yazılarını nəzərdə tutmuram) Azərbaycan haqqında danışarkən "ölkəmiz”, "vətənimiz” kimi ifadələr işlətmək olmaz. Bu, onu göstərir ki, sən tərəfsən, doğru xəbərləmirsən, Azərbaycan maraqlarını xəbərləməkdən öndə görürsən.

Eynilə Ermənistan haqqında xəbərdə "düşmən ölkə”, "mənfur ermənilər” ifadəsini işlətmək sənin vətənpərvərliyindən deyil, qeyri-peşəkarlığından, qərəzliyindən xəbər verir. Yox, əgər hesab edirsənsə ki, mütləq yazında "düşmən” ifadəsi olmalıdır, o zaman onu "Azərbaycanla düşmən ölkə” şəklində ver. Şəxsən mən bu şəkildə yazan heç bir xarici medianın xəbərini əsas qaynaq kimi götürmərəm.

Müstəqil media üçünsə onun əsas xəbər qaynağı olması önəmlidir. Azərbaycan həqiqətləri işlətdiyimiz kobud ifadələrdə gizlənmir. Tutaq ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Beynəlxalq aləm hadisə haqqında ətraflı öyrənmək üçün ilk növbədə münaqişədə olan ölkələrin mediasının nə yazdığı ilə maraqlanacaq. Azərbaycan mediasında "5 nəfər şəhid verdik, 10 nəfər erməni gəbərdi” başlıqlı xəbər oxuyursa, bu xəbərə güvənməyəcək, hökumətin təbliğatı kimi qəbul edəcək.

Tərəfsizlik xəbərin yazılışında gizlənirsə, deməli, sən də ölkənin həqiqətlərini "Azərbaycan tərəfinin 5, Ermənistan tərəfinin isə 10 hərbçi itirdiyinə dair məlumatlar var” şəklində çatdırmalısan. İndi biri mənə izah etsin ki, bu cümlənin harasında ermənipərəstlik, qeyri-vətənpərvərlik var? Eləcə də qondarma DQR yazmaq əvəzinə "Azərbaycanın işğal altında olan torpaqlarında yaradılan tanınmamış DQR” yazsaq, problemi daha aydın, tərəfsiz və qərəzsiz çatdırmış olmarıqmı? Yaxud da işğal altında olan separatçı qurum kimi təqdim etmək mümkündür. Bu, beynəlxalq hüquq və jurnalistika prinsiplərinə uyğundur.

Eləcə də sən özünə peşəkar deyirsənsə, heç bir dövlətin ərazi bütövlüyünü şübhə altına ala bilməzsən. Elə götürək son günlər Meydan TV-ni hədəfə gətirən, əslində isə "Eurasianet”-dən tərcümə olunan yazını. Millətçilərin əsas etirazı budur: niyə yazıda "Cənubi Azərbaycan” yerinə "İranın Şimalında yaşayan azərbaycanlılar” yazılıb? Yazı tərcümədirsə, heç bir müdaxilə edilə bilməz.

Bəhs etdiyimiz bölgə hazırda İran ərazisi deyilmi? Amma yazıda Azərbaycanın nə zaman parçalandığı da qeyd olunub, "Cənubi Azərbaycan” ifadəsi də haqlı olaraq müsahiblərin birinin dili ilə verilib. Belə də olmalıdır, bu sözü ekspertlər, millətçilər, nə bilim, fikri öyrənilən hər kəs deyə bilər, amma xəbər müəllifi öz dilindən yaza bilməz. Bu, onun tərəfsizliyini şübhə altına alar. Bunun adı qeyri-vətənpərvərlik deyil, əksinə, başqa bir dövlətin beynəlxalq qaydalarla tənzimlənən ərazi bütövlüyünü qeyd etməklə sən öz ölkənə olan qıcıq və qərəzin qarşısını alırsan, daha çox vətənpərvər olursan.

Və yaxud götürək "şəhid” sözünü. Bəli, bir azərbaycanlı və bir qarabağlı kimi mənim üçün də həyatını itirən hər vətən oğlu qiymətlidir. Amma "şəhidlik” konkret dinlə bağlıdır və Azərbaycan dövləti tərəfindən hüquqiləşdirilmiş statusdur. Bu statusu həyatını itirən əsgərə dövlət verir. Bu baxımdan ölən əsgər haqqında ilk xəbərdə "şəhid” yazmasaq, yaxşıdır.

Birincisi, oxucuların hamısı dindar deyil, ikincisi də sən dövlətin əvəzindən kiməsə status verə bilməzsən. Ölən adam haqqında "həlak oldu” yazmaq isə onu aşağılamaq deyil, əksinə, doğru məlumat verməkdir.

Mübahisə doğuran sözlərdən biri də "dünyasını dəyişdi”dir. Bu sözün də başqa sözlə əvəz edilməsi məsləhətdir. Çünki "dünyasını dəyişdi” deməklə başqa dünyanın olduğuna işarə edirsən. Yenə də dinlə bağlı məsələdir. Oxucunun hamısı dinə inanan, o dünyanın varlığını qəbul edən deyil. Bu sözlə, sən həmin oxucuların üçün tərəfsiz mənbə rolunu oynaya bilməzsən.

Güc strukturlarının ən yayğın ifadələrindən biri də "məhv edildi”dir. Kimliyindən asılı olmayaraq, insan haqqında bu ifadənin işlədilməsi etik deyil. Əgər hansısa qurum öz açıqlamasında bunu işlədibsə, sən də onu təkrarlamaq məcburiyyətində deyilsən. Ən yaxşı halda bunu dırnaqda, onların fikri kimi verə bilərsən.

Eləcə də fahişə əvəzinə "seks işçisi”, kar, kor, şikəst əvəzinə "gözdən əlil”, "əlilliyi olan şəxs”, "eşitmə məhdudiyyətli” və s. demək daha məqsədəuyğundur.

Təbii ki, bu, media etikasıdır. "Hər şey incəlikdən, insan kobudluğundan sınar”, - deyiblər. Nəyinsə mahiyyətinə varmadan etməksə, heç vaxt xoş təsir bağışlamır. Ümumiyyətlə, şüvənlik bütün mənalarda pisdir. Fərqi yoxdur, onun əvvəlinə nə yazırsan yaz, mahiyyət eynidir...

Meydan TV